Dövlət bağçası, yoxsa özəl?

24.07.2026

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Valideynlər çətin sual qarşısında...

Doğru seçim üçün nələrə diqqət etməli?

Uşağın ilk dəfə ailə mühitindən çıxaraq sosial həyata qədəm qoyduğu məkan bağçadır. Bu müəssisələr uşaqları intellektual cəhətdən inkişaf etdirən mərkəz, həmçinin əyləncələrini təmin edən istirahət məkanıdır. Bütün bu keyfiyyətləri ilə yanaşı bağça həm də iş-güc arxasınca getməyə məcbur olan valideynlərin etibar etdiyi müəssisədir.

Əksər valideynlər üçün bağça seçimində əsas meyar evə yaxın məsafədə olması, normal qidalanma, gündəlik məşğələ və təlim proqramlarının yerinə yetirilməsidir. Eləcə də idman və digər məşğələlərlə bağlı əlavə imkanlar seçim zamanı nəzərə alınan amillərdəndir. Lakin sadalanan şəraiti olan uşaq bağçalarının elə də çox olmaması valideynləri seçim qarşısında qoyur - özəl, yoxsa dövlət bağçası?

Son illər ölkəmizdə həm dövlət, həm də özəl bağçaların sayının artması valideynlərə daha geniş seçim imkanı yaradıb. Ancaq seçim imkanlarının çoxalması qərar vermə prosesini daha da mürəkkəbləşdirib, çünki hər iki sistemin özünəməxsus üstünlükləri mövcuddur.

Bağçanın keyfiyyəti qiymətlə ölçülmür

Təhsil ekspert Elçin Əfəndi “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “dövlət bağçası yaxşıdır” və ya “özəl bağça daha üstündür” kimi qəti fikirlər doğru yanaşma deyil. Ekspertin sözlərinə görə, bağçanın keyfiyyətini müəyyən edən əsas amillər bina və ya ödəniş deyil, orada çalışan pedaqoqların peşəkarlığı, uşaqlarla münasibəti, təlim proqramının məzmunu, təhlükəsizlik tədbirləri, psixoloji mühit və valideynlərlə əməkdaşlığın səviyyəsidir: “Dövlət bağçalarının ən mühüm üstünlüyü onların geniş əhali kütləsi üçün əlçatan olması, ailələrin maliyyə yükünü minimuma endirməsi və uşaqların müxtəlif sosial təbəqələrdən olan həmyaşıdları ilə birlikdə böyüməsinə imkan yaratmasıdır. Bu da erkən yaşlardan sosial inteqrasiyanın və fərqli mühitlərə uyğunlaşma bacarığının formalaşmasına müsbət təsir göstərir. Lakin bəzi hallarda qrupların sayca çox olması, fərdi yanaşma imkanlarının məhdudlaşması və maddi-texniki bazanın bütün müəssisələrdə eyni səviyyədə olmaması valideynlərin narahatlıq doğuran məsələləri sırasında yer alır”.

Özəl bağça seçərkən reklama aldanmaq olmaz...

Ekspert qeyd edib ki, özəl bağçalar adətən daha kiçik qruplar, fərdi inkişaf proqramları, xarici dil dərsləri, müxtəlif yaradıcılıq və idman məşğələləri, müasir tədris resursları və çevik idarəetmə sistemi ilə diqqət çəkir: “Amma burada yüksək ödəniş bütün ailələr üçün həmin müəssisələri əlçatan etmir. Bəzi hallarda reklam edilən xidmətlərin real keyfiyyəti ilə təqdim olunan imkanlar arasında fərqlər müşahidə oluna bilir. Bu da valideynlərin seçim zamanı yalnız reklamlara deyil, bağçanın gündəlik fəaliyyətinə və real nəticələrinə diqqət yetirməsini zəruri edir”.

Valideynlər nələrə diqqət etməlidir?

E.Əfəndinin fikrincə, valideynlər bağça seçərkən ilk növbədə müəllimlərin uşaqlarla necə ünsiyyət qurduğunu müşahidə etməli, uşaqların emosional vəziyyətinə diqqət yetirməli, təhlükəsizlik qaydalarının necə təmin olunduğunu araşdırmalıdır: “Eyni zamanda valideynlər qidalanma şəraitini qiymətləndirməli, gündəlik fəaliyyət planı ilə tanış olmalı və yalnız bundan sonra qərar verməlidirlər. Çünki erkən yaş dövründə uşağın psixoloji rahatlığı onun gələcək akademik nailiyyətlərindən daha böyük əhəmiyyət daşıyır.

Digər mühüm məqam ondan ibarətdir ki, bəzi valideynlər bağçanın əsas üstünlüyünü uşağa erkən yaşdan oxu, yazı və riyaziyyat öyrədilməsində görürlər. Beynəlxalq pedaqoji yanaşmalar göstərir ki, məktəbəqədər dövrdə əsas məqsəd uşağın sosial, emosional, nitq, yaradıcı düşüncə və problem həll etmə bacarıqlarının inkişaf etdirilməsi olmalıdır. Məhz bu bacarıqlar gələcək təhsil uğurlarının təməlini təşkil edir”.

Uşağın sevərək getdiyi bağça ən doğru seçimdir

Ekspertin sözlərinə görə, ən yaxşı bağça isə uşağın hər gün həvəslə getdiyi, özünü təhlükəsiz hiss etdiyi, müəllimlərinə etibar etdiyi, oyun vasitəsilə öyrəndiyi, suallar verməkdən çəkinmədiyi və fərdi xüsusiyyətlərinə hörmətlə yanaşılan mühitdir. Məlumdur ki, məktəbəqədər təhsilin əsas məqsədi yalnız bilik vermək deyil, sağlam, özünəinamlı və ünsiyyətcil şəxsiyyət formalaşdırmaqdır. Beləliklə, dövlət və özəl bağçalar arasında seçim edərkən əsas meyar müəssisənin statusu deyil, təqdim etdiyi təhsil mühiti, pedaqoji keyfiyyəti və uşağın ehtiyaclarına uyğunluğu olmalıdır. Uğurlu gələcəyin təməli bahalı və ya pulsuz təhsil müəssisəsində deyil, sevgi, qayğı, peşəkar yanaşma və sağlam inkişaf mühitinin təmin olunduğu bağçada qoyulur”.

Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq...

MÜTDA direktor müavini Vəfa Yaqublu bildirib ki, özəl məktəbəqədər təhsil müəssisəsi xidmət haqqını artırdıqca onun müsabiqədə qalib olmaq şansı azalır. Onun sözlərinə görə, güclü qiymət artımı olmayacaq: “Valideynlərin seçimi olacaq ki, bir neçə müəssisə arasından daha uyğun xidmət haqqı təklif edənlə müqavilə bağlasın. Özəl bağçalarla imzalanan müqavilələrin 10 aylıq müddətə bağlanmasına səbəb adətən yay aylarında - iyul-avqustda uşaq sayının azalmasıdır. İkinci tərəfdən, əgər həmin müəssisə növbəti il yenə müsabiqədə qalib olsa, valideyn əlbəttə ki, uşağını həmin bağçaya qoymağa davam edəcək. Bağça qalib gəlməsə, o zaman valideyn başqa müəssisəni seçməli olacaq”.

Qeyd edək ki, Baş nazir Əli Əsədovun müvafiq qərarı ilə “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi qaydası” təsdiqlənib. Layihə üzrə hər təhsilalana göstərilən təhsil xidmətlərinə görə dövlət dəstəyinin aylıq həddi təhsil haqqının 70 %-i həcmində, lakin Bakı şəhəri üzrə 350 manat, digər regionlar üzrə isə 250 manat məbləğindən çox olmamaqla nəzərdə tutulur. Layihələrin icra müddəti 10 aydan çox olmamalıdır.

Ölkəmizdə nə qədər uşaq bağçaya gedir?

Məlumat üçün bildirək ki, Azərbaycanda 24 mindən çox 1-3 yaşlı körpə bağçaya gedir. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, ümumilikdə 1-3 yaş aralığında olan 24 427 körpə Elm və Təhsil Nazirliyinin tabeliyində olan 1 803 körpələr evi və körpələr evi-uşaq bağçasında təlim-tərbiyə prosesindədir.

Bundan başqa, 3 yaşdan yuxarı 88 993 şəxs isə 1 799 körpələr evi və körpələr evi-uşaq bağçasında təhsil alır.

Qeyd edək ki, 2025-2026-cı tədris ilində ölkə üzrə 107 348 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb edilib.

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью