Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı tərəfindən Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayrağı Muzeyinə ekskursiya təşkil olunub.
Ekskursiyada YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, təşkilatın əməkdaşları, partiya fəalları və fəal gənclər iştirak edib.
Ekskursiya iştirakçıları əvvəlcə muzeyin ekspozisiya zalları ilə tanış olublar. Məlumat verilib ki, muzeydə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin, xanlıqların bərpa edilmiş bayraqları, eləcə də XIX–XX əsrlərə ait hərbi simvollar, gerblər, dövlət atributları və tarixi xəritələr nümayiş olunur.
İştirakçılara Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda ucaldılan Üçrəngli Bayrağımızın şanlı tarixi və rəmzi mənası haqqında geniş məlumat verilib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiq qalan dövlətimiz milli atributlarımıza hər zaman böyük ehtiramla yanaşır və bu ruhun gənc nəslə aşılanması müqəddəs vəzifədir.
Ekskursiya iştirakçıları muzeydə saxlanılan nadir eksponatları və tarixi sənədləri böyük maraqla izləyib, xatirə şəkilləri çəkdiriblər. Tədbir iştirakçıları ekskursiyanın gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.