Icma.az bildirir, 525.az portalına istinadən.
“Yağ istehsalını artırmaq üçün ölkədə kifayət qədər intensiv südçülük təsərrüfatları olmalıdır. Əslində Azərbaycanda belə təsərrüfatlar mövcuddur. Amma məhsuldar heyvan sayı yetərli deyil. Bizdə olan say təxminən 100 min baş civarındadır. Əsas yük ailə təsərrüfatlarının üzərindədir”.
İqtisadçı-ekspert Cəfər İbrahimli bunu 525.az-a bildirib. O vurğulayıb ki, statistik rəqəmlərə əsasən, bu təsərrüfatların istehsal etdiyi süd ümumi istehsalın təxminən 80 faizini təşkil edir.Yəni, südün yalnız 20 faizi intensiv təsərrüfatlardan gəlir: “Ölkədə 2 milyon 200 min iribuynuzlu heyvan var. Onların çoxu məhsuldar deyil, tamamilə cırlaşıb. Dolayısıyla, biz ailə təsərrüfatlarındakı cırlaşmış heyvanları damazlıq və məhsuldar heyvanlarla əvəzləyə bilsək, süd istehsalının artması çərçivəsində kərə yağına olan tələbatın daha da yaxşılaşdırılmasına nail ola bilərik. Çünki idxalı tamamilə sıfırlamaq çətin məsələdir".
Ekspert vurğulayır ki, dövlət bu sahənin inkişaf etdirilməsində maraqlıdır: "Neçə illərdir ki, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir. Eyni zamanda, yem bazası sayılan yonca, arpa, buğda, qarğıdalı və s. əkin sahələrinə dövlət tərəfindən subsidiya ayrılır: “Yəni, dövlətin bu sahəyə kifayət qədər qayğısı mövcuddur. Sadəcə, bu məsələ kəndlidən asılı deyil. Bu, iri şirkətlərin görəcəyi işdir. Bu sahəyə böyük həcmdə investisiyalar yatırılmalıdır. Böyük heyvandarlıq kompleksləri tikilməlidir".
Sevinc Qarayeva