Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır. 2025-ci ilin ilk iki ayı geridə qaldı.
İlin ilk ayları hansı sosial-iqtisadi göstəricilərlə xarakterik oldu?
İlk öncə onu qeyd edək ki, proqnozlar özünü doğruldur, neftin qiymətləri əlverişlidir, dövlət büdcəsinin icrasında hər hansı problemlər müşahidə olunmur.
Maliyyə Nazirliyinin açıqlamasına əsasən, 2025-ci ilin fevral ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrası proqnozları üstələyib.
Belə ki, fevral ayında dövlət büdcəsinin gəlirləri 2,686 milyard manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 3,04 milyon manat və ya 0,1 faiz çox olub.
Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 863,2 milyon manat, Dövlət Gömrük Komitəsindən 530,6 milyon manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 4,2 milyon manat, Dövlət Neft Fondundan transfert isə 1,207 milyard manat təşkil edib.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 40,6 milyon manata, sair daxilolmalar isə 40,7 milyon manata bərabər olub.
Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub.