Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Yeni iqtisadi model ölkəyə üstün imkanlar qazandırır
“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Qanunun tətbiqi barədə Prezident İlham Əliyevin 6 iyul 2026-cı il tarixli fərmanı dövlət büdcəsinin icrasının hüquqi əsaslarının təmin olunması ilə yanaşı, ölkəmizin maliyyə siyasətində şəffaflıq, məsuliyyət və nəticəyönümlülük prinsiplərinin daha da gücləndirilməsinə xidmət edir.
Dövlət büdcəsi gəlir və xərclərin balanslaşdırıldığı maliyyə sənədi olmaqla bərabər, həm də ölkənin iqtisadi inkişaf prioritetlərini, sosial siyasət istiqamətlərini və strateji məqsədlərini özündə əks etdirən mühüm idarəetmə prinsipidir. 2025-ci ilin büdcə icrasının nəticələri isə Azərbaycan iqtisadiyyatında formalaşan yeni inkişaf modelinin uğurlu göstəriciləri ilə diqqət çəkir. Bu modelin əsas istiqamətlərindən biri iqtisadiyyatın neft amilindən asılılığının mərhələli şəkildə azaldılması və qeyri-neft sektorunun aparıcı inkişaf qüvvəsinə çevrilməsidir.
Sənəddə əksini tapmış Azərbaycan iqtisadiyyatının son illərdə nümayiş etdirdiyi dayanıqlı inkişaf dinamikası isə ölkədə həyata keçirilən sistemli islahatların, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin və dövlət maliyyəsinin səmərəli idarə olunması istiqamətində atılan addımların məntiqi nəticəsidir.
Şəffaf və nəticəyönümlü büdcə
Müasir dövrdə dövlət maliyyəsinin idarə olunmasında əsas meyarlardan biri təkcə vəsaitlərin həcmi deyil, eyni zamanda, həmin vəsaitlərin hansı nəticələr yaratması ilə bağlıdır. Azərbaycanın da son illərdə büdcə siyasətində bu yanaşmanı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirməsi deyilən fikrin bariz ifadəsidir.
Yeri gəlmişkən, büdcə planlaşdırılmasında orta və uzunmüddətli hədəflərin nəzərə alınması, dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması, maliyyə intizamının gücləndirilməsi və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi getdikcə dövlət idarəçiliyinin keyfiyyət göstəricilərinə çevrilir. Bu baxımdan 2025-ci il dövlət büdcəsinin icrası da mühüm əhəmiyyət daşıyır. Büdcə gəlirlərinin formalaşması, xərclərin prioritet sahələr üzrə istiqamətləndirilməsi və iqtisadi fəallığın stimullaşdırılması da ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas hədəfləri ilə uzlaşdırılır.
Prezident İlham Əliyevin adıçəkilən fərmanı ilə büdcə icrasının hüquqi və təşkilati mexanizmlərinin müəyyənləşdirilməsi dövlət maliyyəsinin idarə olunmasında vahid yanaşmanın təmin edilməsinə, büdcə prosesində məsuliyyətin artırılmasına və qəbul edilmiş qərarların ardıcıl icrasına əlverişli imkan yaradır. Bununla yanaşı, respublikanın iqtisadi siyasətində son illərin əsas istiqamətlərindən biri qeyri-neft sektorunun inkişafının sürətləndirilməsidir. Bu yöndə həyata keçirilən uğurlu islahatlar artıq makroiqtisadi göstəricilərdə də öz əksini tapır.
Maliyyə Nazirliyinin məlumatına görə, hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul (ÜDM) 92,3 milyard manata yüksəlib. Bu göstərici ümumi ÜDM-in 71,5 faizinə bərabər olub. Eyni zamanda, qeyri-neft sektorunda 2024-cü illə müqayisədə 2,7 faizlik real artım qeydə alınıb.
Büdcənin icrası 2025-ci ildə makroiqtisadi sabitliklə, xüsusilə, 1,4 faizlik iqtisadi artımla, 5,6 faizlik orta illik inflyasiya ilə və cari hesablar üzrə tədiyyə balansının 3,5 milyard ABŞ dolları səviyyəsində müsbət saldosu ilə müşayiət olunub, ölkənin strateji valyuta ehtiyatları 85,1 milyard ABŞ dollarına çatıb. Hesabat dövründə gəlirlər proqnoz rəqəmlərini üstələyib. Belə ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olmaqla, proqnoza qarşı 829 milyon manat və ya 2,2 faiz çox icra edilib. Dövlət büdcəsinin xərcləri proqnozun 93,2 faizi həcmində və ya 38,6 milyard manat reallaşdırılıb.
Dövlət borcunun indiyədək mövcud həcmi 24,1 milyard manata və ya illik ÜDM-in 18,4 faizinə bərabər olub. Bu, Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə nisbətinin ən aşağı səviyyəli ölkələrdən biri olduğunun bariz nümunəsidir. Borc portfeli ötən ilin sonuna 17,8 milyard manat daxili dövlət borcundan, 8.2 milyard manat isə xarici dövlət borcundan ibarət olub. Strateji valyuta ehtiyatları 88,4 milyard ABŞ dollarına yüksəlib. Dövlət Neft Fondundan büdcəyə transfert 8,5 milyard ABŞ dolları məbləğində icra edilib, dövlət büdcəsi profisitlə gerçəkləşdirilib.
Bu rəqəmlər ölkə iqtisadiyyatında struktur dəyişikliklərinin dərinləşdiyini göstərir. Belə ki, əgər əvvəlki dövrlərdə iqtisadi artım, əsasən, enerji sektorunun imkanları hesabına təmin edilirdisə, hazırda kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, logistika, emal sənayesi və digər sahələrin inkişafı iqtisadi artımın mühüm mənbələri kimi diqqət çəkir.
Azərbaycan Prezidentinin rəhbərliyi ilə hesabat dövründə həyata keçirilən büdcə siyasətinin əsas istiqamətləri olaraq iqtisadi artımın davam etməsi, makroiqtisadi sabitliyin, fiskal intizamın qorunması, eyni zamanda, əhalinin rifahının, sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsinin müəyyən edilməsi kimi məsələlər diqqətdə saxlanılıb. İqtisadi artımın daha çox Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına, rəqəmsal texnologiyaların, innovativ tədbirlərin genişləndirilməsinə, real sektorun inkişafının sürətləndirilməsinə yönəldilməsi nəticəsində mühüm göstəricilər əldə edilib.
Qeyri-neft sektorunun inkişafı dövlət büdcəsinin gəlir strukturunda da özünü göstərir. Belə ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2 faizə yüksəlib. Bu göstərici əvvəlki illə müqayisədə 2,8 faiz artım deməkdir. Eyni zamanda, qeyri-neft vergilərinin payı 25 faizə çatıb ki, bu da əvvəlki illə müqayisədə 2 faiz çoxdur.
Diqqətçəkən əsas məqamlardan biri də dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi daxilolmalardakı xüsusi çəkisinin dinamik artımıdır. Son 5 ildə bu göstərici 43,3 faizdən 52 faizə yüksəlib. Bu, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən siyasətin real nəticələrindən biridir.
Neft gəlirlərindən asılılıq azalıb
Müasir iqtisadi siyasətin mühüm məqsədlərindən biri də dövlət büdcəsinin dayanıqlılığını təmin etməkdir. Bunun əsas şərtləri sırasında isə cari dövlət xərclərinin dayanıqlı gəlir mənbələri hesabına maliyyələşdirilməsidir. Hesabat dövründə cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə səviyyəsinin 92 faiz təşkil etməsi məhz bunun bariz ifadəsidir. Bu rəqəm proqnozla müqayisədə 7,5 faiz, 2024-cü illə müqayisədə isə 0,2 faiz çoxdur.
Bu, Azərbaycan iqtisadiyyatının yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm göstəricidir. Çünki qeyri-neft gəlirlərinin dövlət xərclərinin maliyyələşdirilməsində artan rolu büdcənin neft qiymətlərindən və enerji bazarındakı dəyişikliklərdən asılılığını azaldır. Ortamüddətli dövrün sonuna – 2029-cu ilə qədər isə bu göstəricinin 100 faizə çatdırılması qarşıda mühüm hədəf kimi durur. Bu məqsəd təkcə maliyyə göstəricisi deyil, həm də iqtisadi suverenliyin və dayanıqlı inkişaf modelinin mühüm elementidir.
Bu məqamda xatırladaq ki, təbii sərvətlərlə zəngin ölkələrin qarşısında duran əsas çağırışlardan biri enerji resurslarından əldə olunan gəlirləri uzunmüddətli iqtisadi inkişafın əsasına çevirməkdir. Məsələn, Norveç modeli mövcud sahədə ən uğurlu nümunələrdən biri kimi diqqət çəkir. Bu ölkədə neft gəlirlərini xüsusi fond vasitəsilə idarə etməklə həmin ehtiyatların gələcək nəsillər üçün qorunması və iqtisadi sabitliyin reallaşdırılması prioritet istiqamət olaraq qarşıda durur.
Səudiyyə Ərəbistanı da son illərdə “Vision 2030” strategiyası çərçivəsində iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sahələrinin inkişafına və yeni investisiya istiqamətlərinin yaradılmasına xüsusi diqqət ayırır. Birləşmiş Ərəb Əmirlikləri enerji gəlirlərindən istifadə etməklə yanaşı, logistika, maliyyə xidmətləri, turizm, texnologiya və sənaye sahələrində güclü iqtisadi platforma formalaşdırır. Qazaxıstan isə neft gəlirlərinin idarə olunması, sənayeləşmə və qeyri-xammal sektorunun inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirir.
Azərbaycanın gerçəkləşdirdiyi siyasət də sadalanan beynəlxalq təcrübələrin mühüm elementlərini özündə birləşdirir. Məqsəd enerji resurslarından əldə olunan gəlirləri iqtisadiyyatın digər sahələrinin inkişafına yönəltmək və uzunmüddətli dayanıqlı artımı təmin etməkdir.
İnsan kapitalına və regional inkişafa dəstək
Dövlət büdcəsinin əsas funksiyalarından biri iqtisadi artımla yanaşı, sosial inkişafın təmin edilməsidir. Bu baxımdan büdcə vəsaitlərinin insan kapitalına, təhsilə, səhiyyəyə, sosial müdafiəyə, infrastruktur layihələrinə və regionların inkişafına yönəldilməsi xüsusi önəm daşıyır. İnsan kapitalına qoyulan investisiyalar uzunmüddətli perspektivdə ölkənin rəqabət qabiliyyətini artırır. Təhsil və peşə hazırlığının inkişafı, rəqəmsal bacarıqların genişləndirilməsi, innovasiya mühitinin formalaşdırılması yeni iqtisadiyyatın əsaslarını yaradır.
Eyni zamanda, infrastruktur layihələrinin maliyyələşdirilməsi regionların iqtisadi fəallığının artırılmasına, yeni iş yerlərinin yaradılmasına və sahibkarlıq mühitinin genişlənməsinə mühüm töhfə verir. Büdcə siyasətinin iqtisadi inkişafla əlaqələndirilməsi nəticəsində isə dövlət vəsaitləri təkcə xərclənən ehtiyat deyil, eyni zamanda, gələcək iqtisadi artımı gerçəkləşdirən strateji investisiya vasitəsinə çevrilir.
Ekspertlər bildirirlər ki, hesabat dövründə dövlət büdcəsinin icrası nəticəsində əldə edilən uğurlu göstəricilər gələcək inkişafın sürətli dinamikasına zəmin yaradır. Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Praysın sözlərinə görə, Azərbaycan bu gün güclü makroiqtisadi idarəetmə, vergilər və dövlət xərcləri vasitəsilə iqtisadi fəaliyyətin dəstəklənməsi və düşünülmüş dövlət siyasəti sayəsində ölkənin xarici iqtisadi şoklara qarşı dayanıqlılığı qorunur.
R.Prays bildirir ki, qarşıdakı dövrdə karbohidrogen hasilatının tədricən azalması fonunda davamlı iqtisadi artımın təmin edilməsi və yüksək keyfiyyətli məşğulluğun yaradılması üçün qeyri-neft sektorunun rolu artacaq. Bu baxımdan turizm iqtisadi artımın sürətləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün ən böyük potensiala malik sahələrdən birinə çevriləcək.
Bunun nəticəsində 2029-cu ilədək Azərbaycanın dövlət büdcəsi gəlirlərinin 61 faizinin qeyri-neft sektorunun hesabına formalaşdırılması proqnozlaşdırılır. Dünya Bankının Cənubi Qafqaz üzrə baş iqtisadçısı Vael Mansurun sözlərinə görə, bu hədəf ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində mühüm dönüş nöqtəsidir. Dövlət xərclərinin nominal ifadədə illik orta hesabla 2,3 faiz artacağı gözlənilir. Bununla belə, real ifadədə xərclərdə cüzi azalma proqnozlaşdırılır ki, bu da hökumətin vergilər və dövlət xərcləri ilə bağlı siyasətini əks etdirir. Ehtiyatlı fiskal və makroiqtisadi siyasət bazarlarda etimadı artırır, ölkənin risk göstəricilərini yaxşılaşdırır, kredit aktivliyini və birbaşa xarici investisiyaları dəstəkləyir.
Yuxarıda vurğulananları yekunlaşdırıb deyə bilərik ki, 2025-ci il dövlət büdcəsinin icrasının nəticələri Azərbaycanın iqtisadi inkişaf modelində baş verən keyfiyyət dəyişikliklərini nümayiş etdirir. Əldə olunan göstəricilər qeyri-neft sektorunun inkişafının artıq iqtisadi siyasətin əsas prioritetlərindən birinə çevrildiyindən xəbər verir.
Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 71,5 faizə çatması, qeyri-neft gəlirlərinin büdcə daxilolmalarında xüsusi çəkisinin artması və cari xərclərin qeyri-neft gəlirləri ilə reallaşma səviyyəsinin yüksəlməsi Azərbaycanın daha dayanıqlı maliyyə modelinə keçid prosesinin mühüm göstəricisidir. Dövlət büdcəsinin icrası ilə bağlı qəbul olunan qərarlar da göstərir ki, qarşıdakı mərhələdə əsas hədəflərdən biri iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft sektorunun rəqabət qabiliyyətinin artırılması və dövlət maliyyəsinin uzunmüddətli dayanıqlılığının təmin edilməsidir.
Beləliklə, 2025-ci ilin dövlət büdcəsinin uğurlu icrası Azərbaycanın yeni iqtisadi modelində qeyri-neft sektorunun aparıcı qüvvəyə çevrilməsi baxımından mühüm mərhələ olmaqla yanaşı, həm də ölkənin gələcək inkişaf strategiyasının maliyyə əsaslarının daha da möhkəmləndiyini göstərir.
Vaqif BAYRAMOV
XQ