Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 2 fevral, AZƏRTAC
Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur. Ümumilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, həmin tarix ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib. Ümumilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcəyi, müstəqilliyin və dövlətçiliyin əsas dayağı kimi dəyərləndirərək, onların hərtərəfli inkişafını strateji vəzifə kimi müəyyənləşdirib. Onun “Gənclər bizim gələcəyimizdir” fikri müstəqil Azərbaycanın gənclər siyasətinin ideoloji əsasını təşkil edir. Məhz bu baxışın nəticəsi olaraq gənclərin təhsili, sosial müdafiəsi, ictimai-siyasi həyatda fəal iştirakı və milli-mənəvi dəyərlər əsasında formalaşması dövlət səviyyəsində prioritetə çevrilib.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva deyib. O bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə gənclər təşkilatlarının formalaşması, gənc kadrların irəli çəkilməsi, istedadlı gənclərin aşkara çıxarılması və onların dövlət idarəçiliyində iştirakı üçün mühüm mexanizmlər yaradılıb: “1997-ci ildə Azərbaycan Gəncləri Gününün təsis edilməsi gənclərin cəmiyyətdə rolunun institusional səviyyədə tanınmasının bariz nümunəsi olub.
Bu siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə ardıcıl və uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclərin təhsili, məşğulluğu, beynəlxalq təcrübə qazanması, innovasiya və rəqəmsal bacarıqlarının inkişafı istiqamətində məqsədyönlü dövlət proqramları həyata keçirilir. Gənclərin xarici ölkələrdə təhsili, könüllülük hərəkatının genişlənməsi, startap və innovasiya mühitinin formalaşdırılması bu siyasətin real nəticələrindəndir. Prezident gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə də xüsusi önəm verir. Azərbaycan gəncliyinin ölkənin ictimai-siyasi, elmi, mədəni və idman həyatında fəal iştirakı, xüsusilə tarixi Zəfər dövründə nümayiş etdirdiyi yüksək vətəndaşlıq mövqeyi aparılan ardıcıl gənclər siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir”.
Aysel Məşədiyeva Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin elmi mühitdə də ardıcıl şəkildə reallaşdırıldığını vurğulayıb: “Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) mühüm işlər görülür. Akademiyada gənc alimlərin yetişdirilməsi, onların elmi fəaliyyətə cəlb olunması və beynəlxalq elmi məkana inteqrasiyası prioritetlərdən birinə çevrilib. AMEA-da gənc tədqiqatçıların qrant layihələrində iştirakı, doktorantura və dissertantura sisteminin təkmilləşdirilməsi, gənc alimlərin elmi və təşkilati fəaliyyətinin stimullaşdırılması, eləcə də onların məsul vəzifələrə irəli çəkilməsi bu siyasətin konkret nəticələrindəndir. Son illərdə AMEA-da Gənclər Akademiyası yaradılıb, gənc alimlər və mütəxəssislər şuralarının fəaliyyəti genişləndirilib, gənclərin elmi nəşrlərdə, beynəlxalq konfrans və simpoziumlarda iştirakı üçün əlverişli şərait yaradılıb. Eyni zamanda, gənclərin milli-mənəvi dəyərlər və azərbaycançılıq ideologiyası əsasında formalaşması Akademiyanın fəaliyyətində mühüm istiqamət kimi müəyyən edilib. Beləliklə, gənclər siyasəti akademik İsa Həbibbəylinin AMEA-da həyata keçirdiyi ardıcıl tədbirlər sayəsində bu gün də uğurla davam etdirilir, Azərbaycan gəncliyinin güclü, bilikli və milli ruhda formalaşmasına etibarlı zəmin yaradır”.