Dövlət İmtahan Mərkəzi imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb YENİLƏNİB/FOTOLAR

04.02.2026

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

4 fevral 2026-cı il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.

SİA xəbər verir ki, iştirakçılar görüşdən öncə DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə tarixini əks etdirən muzeylə tanış olublar.Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə Mərkəzin fəaliyyətində ictimai iştirakçılıq prinsiplərinin tətbiqinin vacibliyini vurğulayıb və müxtəlif qurumların, elm-təhsil müəssisələrinin nümayəndələrinin bu prosesdə fəal iştirakının əhəmiyyəti barədə danışıb. M.Abbaszadə imtahanların təşkili və idarə olunmasında imtahan rəhbərləri və zal nəzarətçilərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı şəxslərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin uğurla həyata keçirilməsində öz köməyini əsirgəməyən şəxslərə DİM-in kollektivi adından təşəkkür edib.

Sədr həmçinin bildirib ki, ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi hələ də davam edir. O, bu layihəyə marağın yüksək olması və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 2935 namizədin müraciət etdiyini qeyd edib.

Tədbirdə daha sonra çıxış edən DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahanların idarəedilməsində keyfiyyət göstəricilərinin artırılması məqsədilə hər il imtahanlara cəlb edilmiş məsul şəxslərin, eləcə də zal nəzarətçisi və imtahan rəhbərlərinin fəaliyyətinin yekun qiymətləndirilməsinin aparılması ilə bağlı iştirakçılara məlumat verib.

İmtahan rəhbərləri və nəzarətçilərin mükafatlandırılmasında məqsəd onların rolunun qiymətləndirilməsi, eyni zamanda bu prosesin keyfiyyətinin daim inkişaf etdirilməsi üçün dəstək verməkdir. “Bu prosesə cəlb olunmuş şəxslərin qiymətləndirilməsində imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə bacarığı, imtahan sənədləri ilə aparılan işin keyfiyyəti, köçürmə halları və digər qayda pozuntularının aradan qaldırılması, onların ümumilikdə imtahanlarda fəal iştirakı və əvvəlki imtahanlarda əldə etdiyi keyfiyyət göstəriciləri nəzərə alınır” – deyə A.Həbibov bildirib.

A.Həbibov qeyd edib ki, 2025-ci ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15476 nəfərdən ibarət olub. Onlardan 4600 nəfər zal nəzarətçisi sertifikatı almış şəxslərdir (ümumi bazanın 29,7%-i). Ötən il respublika üzrə imtahanlara 14120 nəzarətçi 56110 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 4 dəfə imtahana cəlb edilib. Ötən il imtahanlarda iştirak etmiş nəzarətçilərin bütün fəaliyyəti nəzərə alınmaqla, 89,2%-nin fəaliyyəti əla, 5,8%-nin yaxşı, 1,9%-nin kafi, 0,5%-nin isə qeyri-kafi qiymətləndirilib.

Qeyd edək ki, araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 2399 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 30 zal nəzarətçisi, 8 imtahan rəhbəri fəxri fərmanla təltif edilib. Görüşün sonunda müəllimlərə hədiyyə olaraq DİM-in nəşrlərindən ibarət kitablar və fəxri fərmanlar təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью