Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qahirə şəhərində 19-20 yanvar tarixlərində keçirilən “İslamda peşələr: süni intellekt əsrində etikamız, onun təsiri və gələcəyi" mövzusunda 36-cı beynəlxalq konfransda iştirak edib.
SİA xəbər verir ki, tədbirin açılış mərasimində İslam dünyasının nüfuzlu din xadimləri və dövlət rəsmiləri çıxış ediblər.
Konfrans çərçivəsində keçirilən elmi sessiyalarda müxtəlif sivilizasiyalarda peşə mədəniyyəti, müasir dövrdə peşə etikası və gələcəyin formalaşdırılmasında mənəvi dəyərlərin rolu müzakirə olunub.
Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında dərin məzmunlu müzakirələrlə müşayiət olunan tədbirin təşkilinə görə təşkilatçılara təşəkkürünü ifadə edib.
Nümayəndə heyətlərinin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə konfrans çərçivəsində keçirilən görüşünün yüksək qiymətləndirildiyini vurğulayıb.
Bildirib ki, Azərbaycan və Misir zəngin tarixi, mədəni və dini bağlara malik ölkələrdir.
Xalqlar arasında əsrlər boyu formalaşmış ortaq dəyərlər ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.