Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.
1992-ci ilin noyabr ayı müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan üçün dərin sınaqlar, dövlətçilik institutlarının formalaşması və milli birliyin təmin edilməsi baxımından həlledici bir dövr idi. Məhz belə bir mürəkkəb ictimai-siyasi şəraitdə Naxçıvanda keçirilən təsis konfransı ilə siyasi səhnəyə çıxan Yeni Azərbaycan Partiyası ölkənin gələcək inkişaf istiqamətini müəyyənləşdirən əsas siyasi təşkilata çevrildi. Yaradılmasından ötən 34 il ərzində partiya xalqın iradəsini və dövlətçilik maraqlarını öz fəaliyyətinin mərkəzinə qoyaraq Azərbaycanın müasir tarixində silinməz izlər qoymuşdur.
Partiyanın ideoloji əsasları və siyasi xətti Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu konsepsiyasından qaynaqlanır. Hələ ötən əsrin 70-80-ci illərində ölkənin iqtisadi, mədəni və intellektual potensialının gücləndirilməsi, milli kadrların yetişdirilməsi, Azərbaycan dilinin dövlət dili statusu alması və milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlar sonrakı müstəqillik illəri üçün möhkəm təməl yaratmışdı. 1990-cı ildə üçrəngli bayrağımızın dövlət rəmzi kimi ucaldılması ilə başlayan milli dirçəliş prosesi Yeni Azərbaycan Partiyasının yaranması ilə vahid siyasi platforma qazandı. Partiyanın hakimiyyətə gəlişindən sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi, iqtisadi islahatlara start verildi və Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal iştirakçısına çevrildi.
Ötən 34 ilin mühüm bir mərhələsi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı modernləşmə və tərəqqi siyasəti ilə bağlıdır. Bu dövrdə ölkənin iqtisadi müstəqilliyi möhkəmləndirilmiş, müasir infrastruktur qurulmuş və güclü ordu formalaşdırılmışdır. Görülən ardıcıl işlərin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti yaratmışdır. Partiyanın son qurultaylarında müəyyən edilmiş yeni hədəflər isə müasir dövrün çağırışlarına cavab verən idarəetmənin təkmilləşdirilməsinə, informasiya və ideoloji təhlükəsizliyin qorunmasına, eləcə də azad edilmiş ərazilərin bərpası və böyük qayıdış proqramının icrasına yönəlmişdir.
Bu gün Yeni Azərbaycan Partiyası 34 illik zəngin təcrübəyə söykənərək cəmiyyətin bütün təbəqələrini birləşdirən ümumxalq partiyası kimi fəaliyyətini davam etdirir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli həmrəyliyin qorunması və ölkənin davamlı inkişafı naminə aparılan məqsədyönlü siyasət qarşıdakı illərdə də Azərbaycanın yeni nailiyyətlər qazanmasına xidmət edəcəkdir.
Zülfiyyə Bayramlı
YAP Yevlax rayon təşkilatının fəalı