Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc dövlət sektorunda çalışanların sayını azaltmadan onun iqtisadiyyatdakı nisbi çəkisini aşağı salmağın əsas yolunun özəl sektorda yüz minlərlə yeni iş yerinin yaradılmasından keçdiyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari Azərbaycan iqtisadiyyatının əsas struktur problemlərindən birinin yüksək əlavə dəyər yaradan sahələrlə çoxsaylı işçi qüvvəsinin cəmləşdiyi sektorlar arasında kəskin uyğunsuzluğun olması ilə izah edib. Onun sözlərinə görə, kənd təsərrüfatı məşğul əhalinin 35,4 faizini əhatə etdiyi halda, ÜDM-in cəmi 5,9 faizini formalaşdırır, karbohidrogen sektoru isə ÜDM-in 38,8 faizini yaratmasına baxmayaraq, məşğul əhalinin təxminən 1 faizini əhatə edir.
Regional iqtisadi imkanlara toxunan Z.Oruc BMT-nin müvafiq sazişlərinə əsasən 2030-cu ilədək Azərbaycan, Qırğızıstan və Qazaxıstan arasında ticarət dövriyyəsinin 37 faiz, həmin ölkələrin daxil olduğu regional ittifaq çərçivəsində isə 28 faiz artım potensialının mövcud olduğunu diqqətə çatdırıb. Bu ilin sentyabrında Bakıda keçirilən İkinci Qlobal İnvestisiya Forumunun nəticələrini xatırladan deputat 33 trilyon dollardan artıq maliyyə resurslarını idarə edən nümayəndə heyətlərinin qatıldığı tədbirdə iki gün ərzində 10,8 milyard dollarlıq potensial investisiya razılaşmalarının əldə olunduğunu qeyd edib. O, Qazaxıstan və Özbəkistanın xarici investisiyaların cəlb edilməsi və sənaye müəssisələrinin yaradılması sahəsindəki təcrübəsini nümunə göstərərək Azərbaycanın da regional istehsalat və mühəndislik mərkəzinə çevrilməsinin zəruriliyini vurğulayıb. Online alış-veriş
Dövlət sektorunda aparılan struktur islahatlarının statistikasına toxunan Z.Oruc 2019-cu ildə bu sektorda muzdla çalışanların sayının 916 mindən çox olduğu halda, hazırda 837 min nəfər təşkil etdiyini və təkcə cari ilin doqquz ayında dövlət sektorunda çalışanların sayının 29 min nəfər azaldığını bildirib. Parlamentari dövlət sektorundan azad olunan əmək resurslarının özəl sektor tərəfindən mənimsənilməsi üçün kifayət qədər iş yerlərinin açılmasının vacibliyini qeyd edərək əsas problemin dövlət sektorunun böyüməsindən daha çox, özəl sektorun lazımi səviyyədə genişlənə bilməməsi olduğunu vurğulayıb.
Onun qənaətincə, paralel strukturların ləğvi, rəqəmsallaşdırma və büdcə vəsaitlərindən səmərəli istifadə ilə yanaşı, parlament nəzarəti də gücləndirilməlidir, çünki rayonlarda alternativ iş yerləri yaradılmadan dövlət müəssisələrinin ixtisarı və ya bağlanması daxili miqrasiya problemini dərinləşdirə bilər. İxtisarların şəffaf meyarlarla aparılmasını və təcrübəli mütəxəssislərin digər dövlət orqanlarında yerləşdirilməsi üçün xüsusi mexanizmlərin yaradılmasını təklif edən Z.Oruc hökumətin son beş ildə həyata keçirdiyi optimallaşdırma tədbirlərinin sosial-iqtisadi nəticələrini ayrıca qiymətləndirməsinin əhəmiyyətini vurğulayıb.
İqtisadi suverenliyin milli istehsalın gücləndirilməsindən birbaşa asılı olduğunu diqqətə çatdıran deputat 2025-ci ildə ərzaq idxalına 2,6 milyard dollar xərcləndiyini, Dünya Bankının araşdırmasına əsasən isə Azərbaycanda müəssisələrin orta yaşının 11,8 il, 11 il və daha artıq müddətdə fəaliyyət göstərən müəssisələrin payının cəmi 18,5 faiz olduğunu bildirərək yerli müəssisələrin uzunmüddətli fəaliyyətinin və dayanıqlılığının möhkəmləndirilməsini vacib hesab edib.