Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Tailandın paytaxtı Banqkok şəhərində keçirilən İllik Toplantıları çərçivəsində bir sıra görüşlər keçirib.
Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 15-də Anar Kərimov Azərbaycanın BVF-də təmsil olunduğu Seçki Qrupunun iclasında iştirak edib. İclasda qlobal iqtisadiyyatın və maliyyə bazarlarının vəziyyəti, inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması və iqtisadi inkişafın dəstəklənməsi məsələləri müzakirə olunub. Tədbirdə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov da iştirak edib.
Oktyabrın 16-da nazirin birinci müavini BVF və DBQ-nin İllik Toplantılarının plenar iclasına qatılıb. İclasda BVF-nin sərəncamçı direktoru Kristalina Georgiyeva və Dünya Bankının prezidenti Ajay Banqa qlobal iqtisadiyyatın vəziyyəti, inkişaf perspektivləri, dövlət borcunun artması və inkişaf etməkdə olan ölkələrdə borc dayanıqlığı ilə bağlı çıxış ediblər.
Anar Kərimov BVF-nin sərəncamçı direktorunun müavini Bo Li ilə görüşündə Azərbaycanın iqtisadi vəziyyəti, makroiqtisadi göstəriciləri və Fondla əməkdaşlığın perspektivlərini müzakirə edib. O, iqtisadiyyatın şaxələndirilməsi, fiskal dayanıqlığın gücləndirilməsi, dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi, büdcə gəlirlərinin şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verib.
Bo Li Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi sahələrində əldə etdiyi nəticələri müsbət qiymətləndirib. O, BVF-nin bu istiqamətlərdə ölkəmizə dəstəyini davam etdirməyə hazır olduğunu bildirib.
Azərbaycan nümayəndə heyətinin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşündə də əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Görüşdə dövlət müəssisələrinin maliyyə hesabatlarının təhlili və fəaliyyətlərinin monitorinqi sahəsində aparılan islahatlar, eləcə də Dünya Bankının texniki dəstəyi diqqət mərkəzində olub.
Tərəflər Dövlət Müəssisələri üzrə Qlobal Konfransın növbəti toplantısının 2027-ci ildə Bakıda keçirilməsi ilə bağlı ilkin razılığın əldə olunduğunu və hazırlıq tədbirlərinin görüldüyünü bildiriblər.
Səfər çərçivəsində “Bank of America”nın nümayəndələri ilə görüşdə Azərbaycanın beynəlxalq kapital bazarlarına çıxış imkanları, suveren maliyyələşmə alətlərinin şaxələndirilməsi və iri infrastruktur layihələrinin maliyyələşdirilməsi perspektivləri nəzərdən keçirilib.
Anar Kərimov BVF-də Azərbaycanın təmsil olunduğu Seçki Qrupunun icraçı direktoru Patrik Loşevski ilə də görüşüb. Tərəflər BVF ilə əməkdaşlığın əsas istiqamətlərini, IV Maddə üzrə məsləhətləşmələri və Azərbaycanın makroiqtisadi prioritetlərini müzakirə ediblər.
Bundan başqa, “Moody’s” beynəlxalq reytinq agentliyinin nümayəndələri ilə görüşdə Azərbaycanın suveren kredit profili və beynəlxalq maliyyə bazarlarındakı mövqeyi barədə fikir mübadiləsi aparılıb.
Anar Kərimov Azərbaycanın suveren kredit reytinqinin “Ba1”dən “Baa3” səviyyəsinə yüksəldilməsini və reytinq üzrə “müsbət” proqnozun saxlanılmasını ölkənin makroiqtisadi sabitliyinin, fiskal mövqeyinin və xarici dayanıqlığının beynəlxalq səviyyədə qiymətləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirib.
Fransanın “Société Générale” bank qrupu ilə keçirilən görüşdə isə investisiya layihələrinin maliyyələşdirilməsi, özəl sektorun maliyyə imkanlarının genişləndirilməsi, rəqəmsal maliyyə həlləri və dayanıqlı maliyyələşdirmə sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.