Dövlət müstəqilliyi tarixi xoşbəxtliyimizdir

17.10.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Zaqatalanın Heydər Əliyev Mərkəzində 18 Oktyabr –Müstəqilliyin Bərpası Günü münasibətilə elmi-praktik konfrans keçirilib.

16 oktyabr 2026-cı il tarixdə Zaqatala Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Müstəqil dövlətim qürur mənbəyimdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 18 Oktyabr - Müstəqilliyimizin Bərpası Günü ilə bağlı qısa videoçarx nümayiş etdirilib.

Daha sonra mövzu ilə bağlı çıxışlar dinlənilib. Çıxışlarda qeyd edilib ki, bu il Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının 35-ci illiyi qeyd olunur. 1991-ci ilin 18 oktyabr tarixində qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycanın dövlət müstəqilliyi elan edilib. Ancaq ilk illərdə ölkəmiz xeyli çətinliklərlə üzləşib. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin fədakar əməyi nəticəsində sonrakı illərdə dövlət müstəqilliyimiz möhkəmlənib, dünya dövlətləri arasında ölkəmizin rolu və nüfuzu artıb. Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü daxili və xarici siyasət nəticəsində isə Azərbaycan daha da güclənib, regionun lider dövlətinə çevrilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı tarixi Zəfərimiz nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqləyib. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olunub və bu tarix təqvimdə sıradan bir tarix deyil, Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik gündür.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью