Dövlət qulluğuna qəbulda “gizli meyarlar” problemi KONKRET

10.09.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dövlət qulluğuna qəbul sistemi mahiyyət etibarilə bilikli, hazırlıqlı və peşəkar kadrların seçilməsinə xidmət etməlidir. Lakin praktikada imtahan mərhələsində uğur qazanan namizədlərin bir qisminin sonrakı mərhələdə işlə təmin olunmaması müəyyən suallar doğurur.

Əsas müzakirə mövzularından biri isə müsahibə mərhələsinin obyektivliyi və şəffaflığıdır. İmtahanda yüksək nəticə göstərən namizəd müsahibədən keçə bilmirsə, onun hansı konkret meyarlar əsasında qiymətləndirildiyi aydın və əsaslandırılmış şəkildə təqdim olunmalıdır. Əks halda proses namizədlərdə subyektiv yanaşma təəssüratı yarada və dövlət qulluğuna qəbul sisteminə olan etimada mənfi təsir göstərə bilər.

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib ki, xarici təcrübədə dövlət qulluğuna qəbul yalnız test nəticələri ilə məhdudlaşmır.

“İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, dövlət qulluğuna qəbul zamanı namizədin yalnız nəzəri bilikləri deyil, eyni zamanda kompetensiyaları, davranış modeli, analitik düşüncəsi və konkret vəzifəyə uyğunluğu da qiymətləndirilir.

Məsələn, Böyük Britaniyada dövlət qulluğuna qəbul zamanı namizədlərin kompetensiyaları və vəzifəyə uyğunluğu əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilir. Almaniyada peşəkar hazırlıq, hüquqi biliklər, vəzifəyə uyğunluq və strukturlaşdırılmış qiymətləndirmə əsas rol oynayır. Fransada isə dövlət idarəçiliyinə qəbul və karyera yüksəlişi zamanı müsabiqə və peşəkar seçim mexanizmlərinə ciddi önəm verilir.

Türkiyədə də dövlət qulluğuna qəbulda mərkəzləşdirilmiş imtahan sistemi geniş tətbiq olunur. Bununla yanaşı, bir sıra vəzifələr üzrə əlavə müsahibə və seçim mərhələləri mövcuddur. Orada da zaman-zaman müsahibələrin obyektivliyi ilə bağlı ictimai müzakirələr aparılır. Bu da göstərir ki, əsas məsələ müsahibənin olub-olmaması deyil, onun hansı qaydalar və nəzarət mexanizmləri əsasında keçirilməsidir”, – deyə ekspert qeyd edib.

F.Hacıyevin sözlərinə görə, bir çox ölkədə strukturlaşdırılmış müsahibə modeli tətbiq olunur. Bu zaman namizədlərə eyni və ya müqayisə edilə bilən suallar verilir, cavablar isə əvvəlcədən müəyyən edilmiş bal sistemi və kompetensiya meyarları əsasında qiymətləndirilir.

“Bu yanaşmanın əsas üstünlüyü ondan ibarətdir ki, komissiya üzvlərinin şəxsi münasibətinin və subyektiv yanaşmasının nəticəyə təsiri minimuma endirilir.

Azərbaycanda da əsas məsələ müsahibə mərhələsinin ləğvi deyil, onun maksimum dərəcədə şəffaflaşdırılmasıdır. Namizəd bilməlidir ki, hansı meyar üzrə neçə bal toplayıb, hansı cavabı zəif hesab olunub və digər namizədə hansı əsaslarla üstünlük verilib. Qiymətləndirmə mümkün qədər sənədləşdirilməli və sonradan yoxlanıla bilən olmalıdır”.

Ekspert hesab edir ki, müsahibə nəticələrindən şikayət və apellyasiya mexanizmləri də formal xarakter daşımamalıdır.

“Namizəd proses zamanı ədalətsizliyə yol verildiyini düşünürsə, onun müraciətinin müstəqil və obyektiv şəkildə araşdırılması üçün real imkan yaradılmalıdır.

Dövlət qulluğuna qəbulda əsas prinsip meritokratiya olmalıdır. Yəni vəzifəyə ən uyğun, ən savadlı və ən hazırlıqlı namizəd seçilməlidir. Əgər cəmiyyətdə əvvəlcədən müəyyən edilmiş namizədlərin, şəxsi əlaqələrin və ya digər subyektiv amillərin seçimə təsir etdiyi ilə bağlı şübhələr yaranırsa, bu, təkcə konkret müsahibəyə deyil, bütövlükdə dövlət qulluğu sisteminə olan etimadı zəiflədir.

Beynəlxalq təcrübədən istifadə etməklə strukturlaşdırılmış müsahibələrin tətbiqi, vahid qiymətləndirmə standartlarının yaradılması, nəticələrin əsaslandırılması və effektiv apellyasiya mexanizmlərinin formalaşdırılması dövlət qulluğuna qəbul prosesini daha ədalətli, şəffaf və etibarlı edə bilər”, – deyə ekspert vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью