Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
“İlk növbədə, süni intellekt alətlərindən etik və məsuliyyətli şəkildə istifadə etməliyik”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, süni intellektin idarə edilməsi üzrə mütəxəssis Kamal Cəfərov Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O bildirib ki, süni intellekt xarici siyasətə üç istiqamətdə təsir göstərir: diplomatik fəaliyyət üçün alət, diplomatiyanın müzakirə mövzusu və yeni təhdid mənbəyi kimi.
Deputatın sözlərinə görə, süni intellekt nazirlərə və diplomatlara müxtəlif dillərdəki media materiallarını izləmək, danışıqların mətnlərini ümumiləşdirmək və çıxışlar hazırlamaq imkanı verir. Bu texnologiyalar hətta kiçik diplomatik nümayəndəliklərin də fəaliyyət imkanlarını genişləndirə bilər.
K.Cəfərov süni intellektin yaratdığı təhdidlər sırasında saxta görüntüləri və sintetik səslə hazırlanan zəngləri də qeyd edib.
O, qanunverici və süni intellektin idarə edilməsi üzrə mütəxəssis kimi bu sahədə qaydaların formalaşdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, indiyədək 1000-dən çox dövlət qulluqçusuna süni intellektdən istifadə ilə bağlı təlim keçib.
Deputatın diqqət çəkdiyi əsas məsələlərdən biri məlumatların qorunması olub. Onun sözlərinə görə, bəzi dövlət qulluqçuları həssas məlumatları, o cümlədən dövlət və xidməti sirr təşkil edən informasiyaları süni intellekt platformalarına daxil edə bilərlər.
K.Cəfərov vurğulayıb ki, süni intellektdən istifadə ilə bağlı xüsusi qanunun olmaması dövlət sirri, fərdi məlumatlar və peşə sirrinin qorunmasına dair mövcud tələbləri aradan qaldırmır.
Zeynəb Rzayeva