Dövlət qurumlarında dəyişkən iş qrafiki

18.09.2026

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Bakı şəhərində və ətraf ərazilərdə yerləşən dövlət orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və dövlət adından yaradılan publik hüquqi şəxslərdə sentyabrın 15-dən etibarən 2 ay müddətində sınaq məqsədilə dəyişkən iş qrafikinin tətbiqinə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, qeyd olunan qurumlarda iş vaxtı 3 müxtəlif rejimdə (08:00-17:00, 09:00-18:00 və 09:30-18:30) və hər rejim üzrə işçilərin 30 faizindən az olmaması şərtilə təşkil edilir. Həmin müddətdə nəqliyyat sıxlığının aidiyyəti dövlət orqanları tərəfindən qiymətləndirilməsi aparılacaq və sınaq nəticələrinin təhlilinə əsasən iş rejimi ilə bağlı yekun təkliflər hazırlanacaq.

Bakı şəhəri Azərbaycanın ən böyük şəhəri və paytaxtı olmaqla yanaşı, eyni zamanda ölkənin iqtisadi, siyasi və sosial mərkəzidir. Son illərdə sürətli urbanizasiya, əhali artımı və avtomobillərin sayındakı kəskin artım səbəbilə şəhərdə nəqliyyat problemi ciddi şəkildə özünü göstərməkdədir. Tıxaclar günün müxtəlif saatlarında, xüsusilə səhər və axşam pik vaxtlarda, şəhərin demək olar ki, bütün əsas küçə və prospektlərində müşahidə olunur. Bu vəziyyət həm iqtisadi itkilərə, həm də əhali arasında narahatlığa səbəb olur.

Qeyd edək ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tapşırığa əsasən həyata keçirilir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyir ki, dəyişkən iş saatları ilk növbədə ictimai nəqliyyatda sıxlığın azaldılmasına hesablanıb: "Bu yanaşma metro, avtobus və gələcəkdə istifadəyə verilməsi planlaşdırılan tramvay və şəhərdaxili qatar xətlərində sərnişin axınının gün ərzində daha bərabər paylanmasına imkan yarada bilər. Təşəbbüs həmçinin avtomobil sıxlığının və tıxacların müəyyən qədər azalmasına da təsir göstərəcək. Düşünürəm ki, bu sistem müəyyən nəticələr verəcək. Dünyanın bir çox böyük şəhərlərində oxşar təcrübələr tətbiq olunur və ilk mərhələdə müsbət effekt müşahidə edilir. Lakin zaman keçdikcə şəhərin böyüməsi və əhali sayının artması nəticəsində eyni problemlər yenidən ortaya çıxır".

AQC sədri hesab edir ki, yalnız iş qrafiklərinin dəyişdirilməsi ilə nəqliyyat problemini həll etmək mümkün deyil. Bununla yanaşı, şəhərin yükünü azaldacaq daha genişmiqyaslı addımlar atılmalıdır:

Nəqliyyat eksperti Aslan Əsədovun sözlərinə görə, beynəlxalq təcrübə dəyişkən iş qrafikinin nəqliyyat sıxlığının azaldılmasında müəyyən rol oynaya biləcəyini göstərir. Bu model daha çox istehsal, xidmət və avtomatlaşdırılmış iş proseslərinin mövcud olduğu sahələrdə effektiv nəticə verir: "Bəzi müəssisələrdə iş vaxtı səhər saatlarından deyil, günün daha sonrakı saatlarından başlaya bilər. Məsələn, iş günü saat 13:00-da başlayaraq 21:00-da başa çata bilər. Bu, şəhərdə bütün iş yerlərinin eyni vaxtda fəaliyyətə başlamasının qarşısını alar və nəqliyyat axınının gün ərzində daha bərabər paylanmasına kömək edə bilər. Lakin elə sahələr var ki, onların fəaliyyətinin səhər saatlarında başlaması daha məqsədəuyğundur. Xüsusilə təhsil müəssisələrində dərs prosesinin səhər saatlarında təşkili həm tədrisin səmərəliliyi, həm də şagird və tələbələrin gündəlik rejimi baxımından daha əlverişlidir. Buna görə də dəyişkən iş qrafikinin tətbiqi sahələrin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Eyni zamanda, bu modelin uğurlu olması üçün ictimai nəqliyyat sisteminin də gücləndirilməsi vacibdir. Günün bütün saatlarında, xüsusən axşam saatlarında avtobusların fasiləsiz və rahat işləməsi təmin edilməlidir. Bu gün bir çox hallarda axşam saat 22:00-dan sonra ictimai nəqliyyatdan istifadə etmək çətinləşir. İnsanların şəxsi avtomobildən imtina edərək ictimai nəqliyyata üstünlük verməsi üçün rahatlıq, əlçatanlıq və vaxtında xidmət əsas şərtlərdir. Əgər sərnişinlər komfortlu və etibarlı ictimai nəqliyyat xidmətindən istifadə edə bilsələr, bu, həm yollardakı avtomobil sayının azalmasına, həm də ümumi nəqliyyat yükünün yüngülləşməsinə səbəb olar. Bu baxımdan dəyişkən iş qrafiki nəqliyyat sıxlığının azaldılmasına yönəlmiş tədbirlərdən biri olsa da, onun effektivliyi ictimai nəqliyyatın inkişafı və hərəkətin düzgün təşkili ilə birbaşa bağlıdır".

İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, dövlət orqanlarında və büdcə təşkilatlarında bunu etmək mümkündür. Bu metodu tətbiq etmək olar. Çünki onlar dövlətin və hökumətin nəzarətindədirlər. Özəl sektor isə bunu etməyəcək və özəl sektora bunu etdirmək də mümkün deyil: "İnsan səhər öz kafesində səhər yeməyi verirsə, ona necə deyə bilərsən ki, daha gec versin? Bu metod dövlət sektorunda mümkündür. Sadəcə burada ciddi bir disbalans yaranacaq. Bizdə valideynlər, əsasən də aşağı yaş qruplarında oxuyan uşaqları məktəbə özləri aparırlar".

İqtisadçı hesab edir ki, iş saatlarının dəyişdirilməsinin tıxacların azalmasına müəyyən təsirləri ola bilər: "Amma tıxacın həlli məsələsi yalnız iş saatları ilə bağlı deyil. Bakıda günün istənilən saatında mərkəzdə tıxac olur. Bəs onlar işləyib çalışmırlarmı? Bu nöqteyi-nəzərdən məsələyə daha geniş və kompleks yanaşmaq, qərarları da bu istiqamətdə qəbul etmək lazımdır".

Millət vəkili Vüqar Bayramovun dediyinə görə, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir: "Fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır. Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır".

V.Bayramov bildirib ki, dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdiriləcək: "Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək. Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır".

İqtisadçı ekspert Asif İbrahimovun fikrincə, iş saatlarının dəyişdirilməsi Bakıya axının qarşısını almaq üçün kifayət deyil: "Bakının üzərindəki yükü azaltmaq üçün regional inkişaf modelinə daha çox diqqət ayrılmalıdır. Əgər iqtisadi zonalaşmada balans yaradılsa, regionlarda yüksək gəlirli iş yerləri açılsa, keyfiyyətli təhsil və səhiyyə xidmətləri genişləndirilsə, insanların böyük hissəsi hər gün kilometrlərlə yol qət etmək məcburiyyətində qalmaz. Regional iqtisadi fəallıq gücləndirilmədən Bakının nəqliyyat yükünü azaltmaq çətin olacaq. Dəyişkən iş qrafiki müəyyən qədər müsbət təsir göstərə bilər, lakin bu, əsas həll yolu deyil. Əsas həll iqtisadiyyatın və xidmətlərin coğrafi bölgüsünün balanslaşdırılmasından keçir".

Ekspert vurğulayıb ki, nəqliyyat sıxlığının azaldılması üçün şəhərsalma siyasətinə kompleks şəkildə yanaşılmalıdır. İş yerlərinin regionlarda yaradılması, dövlət qurumlarının bir hissəsinin paytaxtdan kənara köçürülməsi, ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsi və şəhərətrafı dəmir yolu sisteminin genişləndirilməsi daha effektiv nəticə verə bilər.

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью