Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət müəssisələri və dövlət payı olan təsərrüfat cəmiyyətlərinin, eləcə də publik hüquqi şəxslərin həyata keçirdiyi bəzi satınalmaların xüsusi tənzimləmə dairəsinə daxil edilir.
Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) idarəetməsinə verilən dövlət müəssisələri, dövlət payı olan təsərrüfat cəmiyyətləri və publik hüquqi şəxslərin, habelə onların təsisçisi və ya iştirakçısı olduqları hüquqi şəxslərin dövlət büdcəsi vəsaitləri, subsidiyalar, dövlət zəmanətli kreditlər və fondların vəsaitləri istisna olmaqla, digər maliyyə vəsaitləri hesabına həyata keçirdikləri mal, iş və xidmətlərin satın alınmasına xüsusi qaydaların tətbiqi nəzərdə tutulur.
Layihəyə əsasən, həmin satınalmaların həyata keçirilməsi qaydasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsinin hüquqi əsası müəyyənləşdiriləcək.
Eyni zamanda, bu satınalmalar üzrə müqavilələrin bağlanılması və göndərilməsi informasiya sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Dəyişikliyin dövlət mülkiyyətində olan müəssisə və hüquqi şəxslərin təsərrüfat fəaliyyətində çevikliyin artırılmasına, həmçinin büdcədənkənar və daxili maliyyə mənbələri hesabına həyata keçirilən satınalmaların tənzimlənməsində hüquqi müəyyənliyin təmin olunmasına xidmət edəcəyi bildirilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media