Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
Xəyanət, xəyanət…
Cəmi 7 hərfdən ibarət bir sözdür, amma özündə nə qədər ağır mənalar daşıyır.
Bəzən düşünürəm, görəsən, xəyanətin də böyüyü, kiçiyi olurmu? Bir xəyanəti bağışlayıb, digərini ömürlük yaddaşımıza həkk etmək mümkündürmü?
Məncə, mümkündür.
Bəlkə də bütün xəyanətlər bir gün bağışlana bilər. Dostun xəyanətini zamanla unudarsan, sevgilinin xəyanətini ürəyindən silərsən. Hətta bir vaxtlar sənə ən yaxın olan insanın belə xəyanətini illər keçdikcə bağışlamağı bacararsan.
Amma bir xəyanət var ki, onun nə bəhanəsi, nə də bağışlanması ola bilər. Bu, Vətənə, dövlətə edilən xəyanətdir!
Çünki dost xəyanət edəndə insanın inamı, sevgili xəyanət edəndə ürəyi qırılır. Amma dövlətə xəyanət ediləndə təkcə bir insan deyil, bütöv bir xalqın etimadı sarsılır.
Təsəvvür edin, illərlə bir süfrənin başında əyləşirsiniz. Sizə hörmət göstərilir, etimad edilir, ən yüksək vəzifələr həvalə olunur. Qarşınızda qapılar açılır, sözünüz eşidilir, imkanlar yaradılır.
Sonra bir gün bütün bunlara baxıb deyirsiniz:
"Yox, bunlar mənə bəs etmir. Mən daha çoxunu istəyirəm. Hətta lazım gəlsə, mənə bu imkanları yaradan dövlətin özünə də sahib olmaq istəyirəm”.
İnsan nə qədər gözütox olmayan, nə qədər hakimiyyət hərisi olmalıdır ki, sahib olduğu hər şey ona az gəlsin?
Elə bu məqamda Ramiz Mehdiyev məsələsi yada düşür.
Ramiz Mehdiyev barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, həmin cəzanın yaşı və səhhəti nəzərə alınaraq şərti tətbiq olunması barədə qərar cəmiyyət üçün də ciddi düşüncə mövzusudur.
Axı insan həyatda daha nə qədər yüksəlmək istəyər? Hansı vəzifə, hansı sərvət, hansı imtiyaz onun üçün kifayət edər?
Bəzən elə gəlir ki, insanın ən böyük faciəsi heç nəyə sahib olmaması deyil. Əksinə, hər şeyə sahib olduğu halda yenə də doymamasıdır.
Görəsən, belə insanlar Vətən anlayışını necə başa düşürlər?
Vətən onlar üçün sadəcə xəritədə müəyyən sərhədləri olan ərazidirmi? Yoxsa yalnız vəzifə, sərvət və nüfuz qazanmaq üçün bir vasitə?
Axı Vətən təkcə torpaq deyil.
Vətən o torpaq uğrunda canından keçən şəhidin yarımçıq qalan ömrüdür. Övladının yolunu gözləyən ananın göz yaşlarıdır. Sərhəddə gecəsini gündüzünə qatan əsgərin əmanətidir.
Bir əsgər Vətən üçün canından keçməyə hazırdırsa, bir məmur niyə Vətən qarşısında vicdanını qorumağı bacarmasın?
Əslində, dövlətə sədaqət yalnız and içmək, yüksək kürsülərdə əyləşmək, rəsmi tədbirlərdə Vətəndən danışmaq deyil.
Sədaqət heç kimin görmədiyi yerdə də dövlətin maraqlarını qorumaqdır. Əlinə böyük səlahiyyət veriləndə onu şəxsi qazancına çevirməməkdir. Sahib olduğun gücün sənə yox, xalqa xidmət etməli olduğunu unutmamaqdır.
Çünki dövlət heç kimin şəxsi mülkü deyil. Heç bir vəzifə əbədi deyil. Heç bir kreslo insanın özündən böyük deyil.
İnsan həyatda hər şeyini itirə bilər. Pulunu, vəzifəsini, nüfuzunu…
Amma ən ağır itki xalqın etimadını itirməkdir.
"Tikmədim özüm qalam, tikdim ki, izim qala”.
Hacı Zeynalabdin Tağıyevin həyat amalını əks etdirən bu ifadə insanın tarixdə qoyduğu izin nə qədər əhəmiyyətli olduğunu xatırladır.
Bəzən insanın tarixdə qoyduğu ən böyük miras özündən sonra buraxdığı izdir. Kimisi bu izi gördüyü xeyirxah işlərlə, xalqına göstərdiyi xidmətlərlə qoyur, kimisi isə Ramiz Mehdiyev kimi…
Çünki tarix insanın hansı vəzifədə əyləşdiyini deyil, o vəzifədə olarkən nə etdiyini xatırlayır.
Şahanə Ziyad