Dövlət sözü vətəndaş etibarı

15.08.2026

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Dövlətin vətəndaşa verdiyi sözün müddəti olurmu?

Azərbaycan xalqının yaddaşında çox qədimdən gələn bir həqiqət var: insanın sözü onun imzasından əvvəl gəlir. Dövlətin sözü isə adi insanın sözündən qat-qat ağırdır.

Ümumiyyətlə, SÖZ amili, VƏD məsələsi tarixin bütün dövrlərində Azərbaycan xalqı üçün müqəddəs məfhumlar olub. Xalqımız üçün bu həqiqəti daim yaşadıb: İnsan bir adama inanıb onun sözünə görə hərəkət edibsə, sonradan həmin etimadı puça çıxarmaq ən böyük mənəvi haqsızlıqlardan biridir.

Çünki söz yalnız danışıldığı anda mövcud olmur. Sözə inanaraq qərar verən insanın taleyində həmin söz yaşamağa davam edir.

Qeyd olunan məqamı bu gün özəlləşdirmə payları məsələsinə də şamil etmək lazımdır. Çünki burada da SÖZ və VƏD faktoru var. Üstəlik, burada söhbət sıravi bir insanın başqa insana verdiyi sözdən getmir - burada sözü verən DÖVLƏTdir.

Dövlət vətəndaşına özəlləşdirmə payı verdi. Qanun qəbul etdi. Onu dövlət əmlakının müəyyən hissəsini əldə etmək hüququ kimi müəyyənləşdirdi.

Çekin üzərində dövlət təminatını ifadə edən sözlər yazıldı. Vətəndaşa bildirildi ki, bu, adi kağız deyil — dövlət əmlakı ilə təmin edilmiş əmlak payıdır.

Daha mühümü, Ulu Öndər Heydər Əliyev vətəndaşlara özəlləşdirmə çeklərini tələsik satmamağı, onlardan özəlləşdirmədə istifadə etməyi tövsiyə edərək belə bir prinsipial fikir ifadə etmişdi: “15-20 il keçməsindən asılı olmayaraq hər bir vətəndaş öz əmlak payını almalıdır”.

Bu fikrin mənbəyinə dair link və digər hüquqi sübutlar özəlləşdirmə çekləri sahiblərinin Azərbaycan Respublikasının Prezidentinə ünvanladıqları müraciətdə göstərilib.

Bu, çox mühüm məsələdir. Çünki vətəndaş yalnız bir kağıza inanmamışdı. Vətəndaş Qanuna inanmışdı. Öz Dövlətinə, Dövlətinin sözünə inanmışdı.

İndi əsas mənəvi və hüquqi sual budur: Dövlətin vətəndaşa verdiyi sözün müddəti olurmu?

Bir insan digər insana söz verib onu pozanda buna etibarsızlıq deyirik. Bəs dövlət milyonlarla vətəndaşa qanunla əmlak hüququ verirsə, həmin hüququ dövlət əmlakı ilə təmin etdiyini bildirirsə, ölkə rəhbəri vətəndaşa “15-20 il keçməsindən asılı olmayaraq, hər bir vətəndaş öz əmlak payını almalıdır” deyirsə, sonradan həmin vətəndaşın bu hüquqdan istifadə edə bilməməsini necə izah etmək olar?

Burada məsələ artıq təkcə özəlləşdirmə çekinin qiymətindən ibarət deyil. Burada söhbət DÖVLƏTƏ ETİBARDAN gedir.

2020-ci ildə Azərbaycan xalqı torpaqlarının azadlığı uğrunda mübarizədə təxminən 3 min şəhid verdi. Bu insanların ailələri də, qazilər də, müharibəyə gedən əsgərlər də, onların arxasında dayanan milyonlarla Azərbaycan vətəndaşı da eyni dövlətə inanırdı.

Dövlətə etibar seçmə xarakter daşıya bilməz. Vətəndaşdan dövlətə sədaqət tələb olunursa, dövlətin də vətəndaşa verdiyi sözə sədaqəti olmalıdır.

Məhz buna görə özəlləşdirmə payları məsələsinə yalnız iqtisadi mübahisə, yalnız qiymətli kağız məsələsi və yaxud keçmişdə qalmış özəlləşdirmə problemi kimi baxmaq düzgün deyil.

Bu, daha böyük məsələdir. Bu, DÖVLƏT SÖZÜNÜN ETİBARLILIĞI məsələsidir.

Ulu Öndər Heydər Əliyevin vətəndaşa verdiyi söz, qəbul edilmiş qanunlar, Dövlət Proqramı, çeklərin üzərindəki dövlət təminatı və vətəndaşlarda yaradılmış hüquqi gözlənti birlikdə qiymətləndirilməlidir.

Əgər dövlət vətəndaşa “Bu, sənin əmlak payındır” deyibsə, vətəndaşın ən sadə sualı budur: Bəs mənim əmlak payım haradadır?

Əgər həmin əmlak payı qüvvədə olan qanunla yaradılıbsa, onu qanundan aşağı hüquqi qüvvəyə malik akt və ya inzibati təcrübə ilə faktiki olaraq istifadəsiz vəziyyətə salmaq olarmı?

Əgər olmazsa, vətəndaşın hüququ bərpa edilməlidir. Əgər dövlət hesab edirsə ki, həmin hüquq artıq mövcud deyil — onda açıq şəkildə göstərilməlidir:

Hansı qanunla?

Hansı maddə ilə?

Hansı tarixdə?

Və vətəndaşın dövlət tərəfindən verilmiş əmlak hüququnun əvəzi necə ödənilib?

Bu suallara cavab verilmədən “çeklərin vaxtı bitib” demək hüquqi cavab deyil.

Və ən mühümü: Bu həqiqətləri yalnız özəlləşdirmə çeklərini əlində saxlayan vətəndaşlar bilməməlidir - BUNLARI HAMI BİLMƏLİDİR.

Prezident Administrasiyasındakı hər bir məsul vəzifəli şəxs, Milli Məclisin deputatları, Konstitusiya Məhkəməsinin hakimləri, bütün məmurlar, ziyalılar, jurnalistlər bilməlidir. Azərbaycan xalqı bilməlidir.

Çünki burada söhbət yalnız bir qrup insanın maddi marağından getmir. Məsələ yüzminlərlə ailəni əhatə edən və ciddi ictimai maraq doğuran bir məsələdir.

Bu məsələnin həlli dövlətə zərbə deyil. Əksinə, dövlətin öz sözünün arxasında dayanması dövlətə olan etimadı daha da gücləndirər.

Əsrlər boyu bu coğrafiyada dövlət quruluşları dəyişib, qanunlar dəyişib, qaydalar dəyişib. Amma Azərbaycan insanının bir ölçüsü dəyişməyib: Söz verilibsə, sözə sahib çıxılmalıdır.

Bir insanın sözü onun namusudur. Dövlətin sözü isə xalqın dövlətə olan etimadıdır. Bu etimadı qorumaq hər hansı bir özəlləşdirmə çekinin maddi dəyərindən qat-qat qiymətlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью