Dövlət Təqaüd Proqramı nədir?

28.01.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təhsil eksperti Aisa Aslanovadan Dövlət Təqaüd Proqramı ilə bağlı açıqlamalar

Dövlət Təqaüd Proqramı gənclərimizin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasını dəstəkləmək məqsədi daşıyır. Proqram yüksək akademik göstəricilərə malik namizədlərə təhsil və yaşayış xərclərinin maliyyələşdirilməsi imkanını yaradır. Bu təşəbbüs ölkə üçün peşəkar və rəqabətqabiliyyətli kadr potensialının formalaşmasına xidmət edir.

Xaricdə Təhsil Eksperti, Pilgrim EDU Təhsil Mərkəzinin təsisçisi Aisa Aslanovayla Dövlət Təqaüd Proqramı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirdik. Azərbaycan gənclərinin dünyanın nüfuzlu ali təhsil müəssisələrində tam təqaüdlü (təhsil haqqı, yaşayış, sığorta, bilet) təhsil almasını təmin edən, dövlət tərəfindən maliyyələşdirilən xüsusi proqramdır. Təhsil ekpertinin bütün açıqlamalarını diqqətinizə çatdırırıq:

Dövlət Təqaüd Proqramı nədir və nə vaxt yaradılıb?

Dövlət Təqaüd Proqramı (DP) 2022-ci ildə deyil, 2007-ci ildən fəaliyyət göstərir. İlk illərdə xarici aparıcı universitetlərdə təhsil alan azərbaycanlıların sayı çox az idi. Bu gün isə mənzərə tamamilə fərqlidir: xaricdə təhsil almış məzunların assosiasiyaları, dövlət və özəl sektorda çalışan yüzlərlə gənc mütəxəssis mövcuddur. Bu dəyişiklik ölkə və cəmiyyət olaraq son 20 ildə atılmış ən böyük inkişaf addımlarından biridir.
Proqramın əsas məqsədi

Dövlət Təqaüd Proqramının əsas məqsədi yalnız gəncləri xaricdə oxutmaq deyil. Proqram:

qeyri-neft sektorunun inkişafını, yüksək ixtisaslı kadrların yetişdirilməsini, gənc mütəxəssislərin ölkəyə geri dönərək strateji sahələrdə çalışmasını hədəfləyir.

Proqram məzunlarının bir çoxu 23–24 yaşlarında artıq məsul vəzifələrə təyin olunurlar. Qayıdışdan sonra məzunlarla rəsmi görüşlər keçirilir və onların ixtisasına uyğun iş imkanlarının yaradılması istiqamətində addımlar atılır. Beş il ölkə daxilində işləmək şərti isə əksər hallarda beynəlxalq səviyyəli təcrübəyə uyğun vəzifələrlə müşayiət olunur.

Bu proqram, eləcə də Yüksəliş Müsabiqəsi kimi təşəbbüslər cəmiyyətdə illərlə mövcud olmuş “tanışlıqla irəliləmə” stereotipinin artıq keçmişdə qaldığının real göstəricisidir. DP məzunları arasında gənc yaşda dövlət qurumlarında və strateji strukturlarda çalışan çoxsaylı nümunələr mövcuddur.
Prioritet ixtisaslar və universitetlər

Dövlət Təqaüd Proqramı çərçivəsində əsas prioritet sahələr bunlardır:

Engineering
Computer Science
Economics və Finance
Public Policy
Natural Sciences
Architecture və əlaqəli sahələr

Əgər namizəd QS, Shanghai və ya THE reytinqlərinə əsasən TOP 10 universitetdən qəbul alıbsa, o zaman istənilən ixtisas üzrə müraciət etmək mümkündür. Bu siyahıya ABŞ, Böyük Britaniya, İsveç və Sinqapurun aparıcı universitetləri daxildir.
Lakin TOP universitetlər üçün qəbul yalnız akademik göstəricilərlə məhdudlaşmır. Güclü sosial aktivlik, təşkilatlarda üzvlük, liderlik təcrübəsi, layihələr, məqalələr və hətta GRE və ya GMAT nəticələri ciddi üstünlük hesab olunur. Bu səbəbdən hazırlığa ən azı 1–2 il əvvəl başlamaq tövsiyə olunur.
Seçim meyarları və tələblər

Dövlət Təqaüd Proqramında əsas seçim mərhələsi müsahibədir. Bundan əlavə:
C1 səviyyəsində dil biliyi tələb olunur
(IELTS 7.0 / TOEFL 95 / Duolingo 130)
Akademik tələblər isə səviyyəyə görə dəyişir:
Bakalavr üçün: DİM balı təxminən 550 və ya SAT üzrə 75%
Magistr üçün: minimum 81+ GPA
Doktorantura üçün: tədqiqat işi və elmi plan
Əlavə üstünlük verən məqamlar:
iş və ya sahə üzrə təcrübə
SABAH qruplarında təhsil
Yüksəliş Müsabiqəsində iştirak

DP-nin təsdiqlədiyi rəsmi universitet və ixtisas siyahısı mövcuddur. PhD üzrə isə yalnız universitetin TOP 500siyahısında olması kifayətdir. Siyahıda əsasən ABŞ, Böyük Britaniya, Kanada və Almaniya universitetləri yer alır. Maraqlı fakt olaraq, siyahıya Rusiyada yerləşən və Prezident İlham Əliyevin təhsil aldığı MGIMO universiteti də daxildir.

Müsahibə mərhələsi

Qəbul və sənədlər təsdiqləndikdən sonra canlı müsahibə mərhələsi keçirilir. Müsahibə adətən Azərbaycan və ya ingilis dilində aparılır və suallar bir neçə istiqaməti əhatə edir:
Azərbaycanın tarixi, Qarabağ mövzusu və inkişaf layihələri
Namizədin gələcək planları və ölkə üçün töhfəsi
Xaricdə təhsil seçiminin səbəbi
Akademik biliklər
Stress və etik vəziyyətlərə dair suallar
Həyəcan bu mərhələdə tamamilə normaldır. Təcrübə göstərir ki, əsas olan cavabları aqressiyasız, məqsədyönlü və səmimi şəkildə təqdim etməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью