Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Orqan transplantasiyası əməliyyatı olunan bütün xəstələr ömürlərinin sonunadək təqib edilir və immunosupressiv dərmanlarla dövlət tərəfindən təmin olunurlar”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Səhiyyə Nazirliyinin Ürək Transplantasiyası Həftəsi çərçivəsində media nümayəndələri üçün təşkil etdiyi maarifləndirici seminarda deyib.
Onun sözlərinə görə, transplantasiya əməliyyatı olunan bütün xəstələr vahid rəqəmsal informasiya sistemi vasitəsilə nəzarətdə saxlanılır. Onlar əməliyyatdan sonrakı ilk gün, birinci, üçüncü və altıncı aylarda, daha sonra isə ildə bir dəfə müayinələrdən keçirlər.
Müayinələrin nəticələri rəqəmsal sistemə daxil edilir və xəstələrin sağlamlıq vəziyyəti ömürlərinin sonunadək izlənilir.
Yeganə Abbasova qeyd edib ki, transplantasiya olunan xəstələrin qəbul etdiyi immunosupressiv dərmanlar kifayət qədər bahalı olsa da, həmin preparatlar dövlət tərəfindən qarşılanır. Xəstələr həyatlarının sonunadək bu dərmanlarla təmin edilirlər.
Zeynəb Rzayeva