Dövlət xaricdən mal və xidmət alışını asanlaşdırır

30.06.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Müəyyən hallarda xarici təchizatçılar icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilə biləcəklər.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlət satınalmaları haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, bir mənbədən satınalma metodu tətbiq edilən hallarda qeyri-rezident hüquqi və ya fiziki şəxslər icra və ya avans təminatını təqdim etmələrinin mümkün olmadığını əsaslandıraraq satınalma komissiyasına müraciət edə biləcəklər. Bu müraciətlər əsasında aidiyyəti dövlət orqanı həmin təchizatçının icra və ya avans təminatından azad edilməsi və ya buna imtina olunması barədə qərar qəbul edəcək.

Layihəyə görə, belə qərar qəbul edilərsə, qeyri-rezident təchizatçılar qanunda nəzərdə tutulan icra və avans təminatını təqdim etmək öhdəliyindən azad olunacaqlar. Eyni təchizatçı ilə eyni satınalma predmeti üzrə 12 ay ərzində yenidən müqavilə bağlanacağı halda isə həmin qərarın təkrar alınmasına ehtiyac olmayacaq.

Qanun layihəsinə əlavə edilmiş arayışda qeyd olunur ki, hazırda xarici təchizatçılardan icra və ya avans təminatının alınmasının mümkün olmadığı hallarda dövlət xəzinədarlığı həmin müqavilələr üzrə ödənişləri həyata keçirə bilmir. Nəticədə dövlət qurumlarının xaricdən mal, iş və xidmət satınalması ilə bağlı öhdəliklərinin icrasında problemlər yaranır. Təklif olunan dəyişikliklərin məqsədi bu hüquqi boşluğu aradan qaldırmaq və dövlət satınalmalarının icrasında yaranan çətinlikləri həll etməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью