Dövlətçilik iradəsindən tarixi Zəfərə

07.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlham Əliyev və Azərbaycanın ərazi bütövlüyünün bərpası

XXI əsrin əvvəllərində dünya siyasətində baş verən dəyişikliklər dövlətlərin qarşısında yeni vəzifələr müəyyənləşdirirdi. “Soyuq müharibə”dən sonra formalaşmış beynəlxalq münasibətlər sistemi tədricən öz əvvəlki təsir imkanlarını itirir, regional güc mərkəzlərinin rolu artır, beynəlxalq hüququn tətbiqindəki ziddiyyətlər isə ayrı-ayrı dövlətlərin təhlükəsizlik strategiyalarına yenidən baxmasını zəruri edirdi. Belə mürəkkəb geosiyasi şəraitdə Azərbaycan üçün ən mühüm məsələ müstəqilliyini möhkəmləndirmək, dövlətçilik institutlarını gücləndirmək və təxminən 30 il davam edən Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı tarixi ədalətsizliyi aradan qaldırmaq idi.

Bu, sadəcə, ərazi mübahisəsinin həlli məsələsi deyildi. Söhbət dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bərpasından, yüz minlərlə insanın doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməsindən, milli təhlükəsizliyin möhkəmləndirilməsindən və Azərbaycanın müstəqil siyasi subyekt kimi gələcəyinin müəyyənləşdirilməsindən gedirdi.

Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Qələbə və 2023-cü ilin sentyabrında dövlət suverenliyinin bütün ölkə ərazisində bərpası bu tarixi prosesin iki mühüm mərhələsi oldu. Həmin nəticələrin əldə olunmasında Prezident İlham Əliyevin siyasi rəhbərliyi, strateji qərarları, diplomatik fəaliyyəti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi üzərinə götürdüyü məsuliyyət xüsusi təhlilə layiqdir.

Heydər Əliyevin qoruduğu dövlətçilik və İlham Əliyevin tarixi vəzifəsi

Azərbaycanın müstəqillik tarixini Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlayan dövlət quruculuğu mərhələsindən kənarda təsəvvür etmək mümkün deyil. Həmin dövrdə ölkə siyasi parçalanma, iqtisadi tənəzzül, hərbi uğursuzluqlar və dövlət institutlarının zəifləməsi ilə üz-üzə idi. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin mühüm hissəsi işğal edilmiş, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü.

Heydər Əliyevin qarşısında, ilk növbədə, dövlətin mövcudluğunu qorumaq, ölkədə siyasi sabitliyi təmin etmək, iqtisadiyyatın dağılmasının qarşısını almaq və müstəqil dövlətin institusional əsaslarını yaratmaq vəzifəsi dayanırdı. 1994-cü ildə atəşkəsin əldə olunması, həmin ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi”, enerji strategiyasının formalaşdırılması və beynəlxalq əlaqələrin genişləndirilməsi sonrakı inkişaf üçün mühüm zəmin yaratdı.

2003-cü ildə prezident seçilən İlham Əliyev isə artıq qorunub saxlanılmış, lakin ərazi bütövlüyü pozulmuş, ciddi təhlükəsizlik problemi ilə üzləşən bir dövlətə rəhbərlik etməyə başladı. Onun qarşısında dayanan vəzifə Azərbaycanın iqtisadi və siyasi imkanlarını genişləndirmək, hərbi təhlükəsizliyini təmin etmək, beynəlxalq münasibətlər sistemində mövqelərini gücləndirmək və işğal probleminin həlli üçün real siyasi-hərbi potensial yaratmaq idi.

Bu iki siyasi mərhələni birləşdirən əsas xətt dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi idi. Lakin onların qarşısında duran tarixi vəzifələrin xarakteri fərqlənirdi: Heydər Əliyev dövlətçiliyin qorunmasına və möhkəmləndirilməsinə, İlham Əliyev isə həmin dövlətin ərazi bütövlüyünün bərpasına yönəlmiş yeni mərhələyə rəhbərlik edirdi.

Qələbəyə uzunmüddətli hazırlıq

2003-cü ildən sonrakı Azərbaycan siyasətinin mühüm istiqamətlərindən biri iqtisadi inkişafla təhlükəsizlik siyasətinin paralel aparılması oldu. Neft-qaz sektorunun inkişafı, beynəlxalq enerji layihələrinin həyata keçirilməsi, nəqliyyat infrastrukturunun genişləndirilməsi və xarici investisiyaların cəlb edilməsi dövlətin maliyyə imkanlarını artırdı.

Bununla yanaşı, iqtisadi inkişafın təhlükəsizlik ölçüsü də var idi. Azərbaycanın hərbi potensialının gücləndirilməsi, müdafiə sənayesinin yaradılması, ordunun müasir texnologiyalarla təchiz edilməsi, hərbi təhsil və kadr hazırlığının inkişafı dövlət strategiyasının mühüm hissəsinə çevrildi.

TANAP və Cənub Qaz Dəhlizi kimi layihələr Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyində maraqlı tərəfdaş kimi mövqeyini gücləndirdi. Bu, ölkənin xarici siyasət imkanlarını genişləndirən əsas iqtisadi və geosiyasi amillərdən biri idi.

Lakin hərbi potensialın artmasını yalnız silahlanma ilə izah etmək düzgün olmazdı. 2020-ci il müharibəsi göstərdi ki, müasir müharibədə texnoloji üstünlük, kəşfiyyat imkanları, müxtəlif qoşun növlərinin əlaqələndirilməsi, komandanlığın qərarvermə qabiliyyəti və hərbi qulluqçuların hazırlığı yalnız kompleks şəkildə həllini tapanda nəticəyə təsir göstərir. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun 2021-ci ildə dərc etdiyi təhlildə də pilotsuz uçuş aparatlarının əhəmiyyəti vurğulanmaqla yanaşı, onların ümumi hərbi strategiyaya inteqrasiyasının həlledici əhəmiyyət daşıdığı qeyd olunur.

Bu baxımdan İlham Əliyevin prezidentliyi dövründə həyata keçirilən hərbi modernləşmə siyasəti 2020-ci il hadisələrindən əvvəlki uzunmüddətli dövlət strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Digər mühüm məsələ Türkiyə ilə hərbi-siyasi tərəfdaşlığın dərinləşməsi idi. İki dövlət arasında strateji əməkdaşlıq Azərbaycanın təhlükəsizlik arxitekturasında mühüm yer tutdu. 2020-ci il müharibəsi zamanı Türkiyənin siyasi dəstəyi və hərbi-texnoloji əməkdaşlıq bu tərəfdaşlığın praktiki əhəmiyyətini nümayiş etdirdi.

Ancaq bütün bunların nəticəsini yalnız xarici dəstəklə əlaqələndirmək də düzgün olmazdı. Müharibənin nəticəsini Azərbaycan dövlətinin öz hərbi potensialı, ordunun döyüş hazırlığı, hərbi qulluqçuların fədakarlığı, xalqın səfərbərliyi və siyasi rəhbərliyin qəbul etdiyi qərarların məcmusu müəyyənləşdirdi.

Tarixi ədalətin bərpasına aparan 44 gün

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. Otuz ilə yaxın davam edən danışıqlar prosesi işğal probleminin həllinə gətirib çıxarmamışdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə bağlı tələblər ifadə edilmişdi. Lakin həmin sənədlərin icrası təmin olunmamışdı.

Beləliklə, beynəlxalq hüququn mövcud normaları ilə onların real tətbiqi arasında ciddi ziddiyyət yaranmışdı. Azərbaycan rəhbərliyi illər ərzində beynəlxalq tribunalardan bu ziddiyyətə diqqət çəkməyə, ölkənin ərazi bütövlüyünün bərpasının zəruriliyini əsaslandırmağa çalışırdı.

2020-ci ilin sentyabrında başlayan hərbi əməliyyatlar həmin uzunmüddətli siyasi prosesin yeni mərhələsi oldu. Prezident İlham Əliyev Ali Baş Komandan kimi müharibənin siyasi və hərbi məsuliyyətini üzərinə götürdü. Onun müharibə dövründəki fəaliyyəti bir neçə istiqamətdə özünü göstərirdi: hərbi əməliyyatların siyasi rəhbərliyi, beynəlxalq ictimaiyyətə Azərbaycanın mövqeyinin çatdırılması, xarici təzyiqlər və informasiya qarşıdurması şəraitində dövlətin mövqeyinin qorunması, xalqın vahid məqsəd ətrafında səfərbər edilməsi.

Müharibənin gedişində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər yaşayış məntəqələri azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin hərbi-siyasi nəticələrinə xüsusi təsir göstərdi. Şuşanın strateji, tarixi və mənəvi əhəmiyyəti onun azad edilməsini Azərbaycan cəmiyyətində Zəfərin əsas simvollarından birinə çevirdi.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Sənəd Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılmasını, Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsini, məcburi köçkünlərin və qaçqınların qayıdışını, eləcə də regional nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tuturdu.

Bu sənədin siyasi əhəmiyyəti ondan ibarət idi ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi müharibənin nəticələrini qəbul etməli və işğal altında saxlanılan bir sıra rayonları döyüşsüz Azərbaycana qaytarmalı idi. Belə də oldu və bununla da 1990-cı illərin əvvəllərindən formalaşmış hərbi-siyasi status-kvo köklü şəkildə dəyişdi.

2020-ci il Zəfəri Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifələrdən birinin – ərazi bütövlüyünün bərpasının böyük hissəsinin həyata keçirilməsi demək idi. Lakin həmin bəyanatla Qarabağ bölgəsində suverenliyin tam bərpası prosesi hələ başa çatmamışdı. Bölgədə Rusiya sülhməramlı kontingenti yerləşdirilmiş, separatçı qurumun fəaliyyəti davam etmişdi.

Məhz bu fərq 2020-ci ilin hərbi qələbəsi ilə 2023-cü ilin siyasi-hüquqi nəticələri arasındakı əlaqəni anlamaq baxımından əhəmiyyətlidir.

Suverenliyin tam bərpası və separatizmin sonu

2020-ci il Zəfərindən sonra Azərbaycanın qarşısında yeni vəzifə dayanırdı: azad edilmiş ərazilərdə dövlət idarəçiliyini bərpa etmək, təhlükəsizliyi təmin etmək, keçmiş məcburi köçkünlərin qayıdışına şərait yaratmaq və Qarabağda Azərbaycanın konstitusion quruluşunu bütünlüklə bərqərar etmək.

Bu mərhələ asan deyildi. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsi ilə bağlı fikir ayrılıqları və qarşılıqlı ittihamlar davam edirdi. Qarabağda Ermənistan silahlı qüvvələrinin mövcudluğu, separatçı qurumun fəaliyyətini davam etdirməsi, silah-sursat və hərbi təchizat məsələləri bölgədə yeni gərginlik mənbəyinə çevrilmişdi.

Azərbaycan 2023-cü il aprelin 23-də Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi yaratdı. Bu addım dövlət sərhədinə nəzarətin təmin edilməsi və ölkə ərazisində qanunsuz hərbi daşımaların qarşısının alınması baxımından mühüm mərhələ idi. Bunun ardınca bölgədəki siyasi və hərbi gərginlik daha da artdı.

Sentyabrın 19-da baş vermiş mina partlayışları və Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərində silahlı insidentlər törətməsindən sonra Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu sadəcə bir əməliyyat yox, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, hərbi infrastrukturun zərərsizləşdirilməsi və konstitusion quruluşun bərpası istiqamətində atılan çox mühüm bir addım idi.

Sentyabrın 20-də əldə edilən razılaşmaya əsasən, Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri və qanunsuz silahlı dəstələr silahlarını yerə qoymalı, hərbi mövqelərini tərk etməli və tərk-silah olunmalı idilər. Bununla separatçı qurumun hərbi-siyasi mövcudluğuna faktiki son qoyuldu.

Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində Azərbaycanın suverenliyinin bərpa olunduğunu bəyan etdi. O, hərbçilərin peşəkarlığını və qəhrəmanlığını xüsusi vurğulayaraq əməliyyatın qısa müddətdə başa çatdırıldığını bildirdi.

Oktyabrın 15-də Prezidentin Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və digər ərazilərdə Azərbaycan bayrağını ucaltması bu prosesin dövlətçilik baxımından rəmzi yekunlarından biri oldu.

Bu hadisələrin siyasi mənası yalnız hərbi əməliyyatın nəticəsi ilə məhdudlaşmırdı. 1990-cı illərin əvvəllərindən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində mövcud olmuş separatçı idarəçilik sistemi aradan qalxmış, dövlət hakimiyyətinin bütün ölkə ərazisində bərpası üçün yeni mərhələ başlanmışdı.

Beləliklə, 2020-ci ildə ərazi bütövlüyünün bərpası istiqamətində əldə edilmiş böyük hərbi nəticə 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ilə tamamlandı.

Lakin bu hadisələrə yalnız Azərbaycanın dövlət suverenliyinin bərpası prizmasından yanaşmaq onların bütün nəticələrini nükəmməl əhatə etməzdi. 2023-cü ilin sentyabr hadisələrindən sonra Qarabağın erməni əhalisinin böyük əksəriyyəti Ermənistan istiqamətində bölgəni tərk etdi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, bir həftə ərzində Ermənistana 100 mindən artıq qaçqın gəldi. BMT Baş katibinin nümayəndəsi isə sentyabrın 19-da hərbi gücün tətbiqindən, mülki əhali arasında itkilər barədə məlumatlardan narahatlığını ifadə edərək beynəlxalq humanitar hüquqa riayət olunmasına çağırdı. Amma 1990-cı il Ermənistanın hərbi-siyasi hakimiyyətindən tam fərqli olaraq Dağlıq Qarabağın bu hissəsində yaşayan erməni əhaliyə heç bir təziyq və zor göstərmədi. Əksinə, rəsmi səviyyədə bəyan edildi ki, bu ərazi Azərbaycanın suveren ərazisidir və kim burada yaşamaq istəyirsən Azərbaycan Respublikasının vətəndaşı kimi bütün hüquqlarla təmin ediləcək.

Bu humanitar nəticə Azərbaycanın gələcək sülh siyasəti üçün də mühüm məsuliyyət yaradırdı. Suverenliyin bərpası ilə yanaşı, bölgədə yaşayan bütün insanların təhlükəsizliyinin, hüquqlarının və qanuni maraqlarının təmin olunması, etimadın formalaşdırılması və dayanıqlı birgəyaşayış imkanlarının yaradılması regionun uzunmüddətli sabitliyi baxımından vacib sayılırdı.

Zəfərə yol açan amillər

2020 və 2023-cü illərin hadisələrini təhlil edərkən İlham Əliyevin siyasi fəaliyyətini yalnız həmin əməliyyatların nəticələri ilə ölçmək kifayət deyil. Əsas məsələ bu nəticələrə gətirib çıxaran siyasi strategiyanın hansı amillər üzərində qurulduğunu müəyyənləşdirməkdir.

Birinci amil uzunmüddətli dövlət strategiyasıdır. Azərbaycanın iqtisadi imkanlarının artırılması, enerji təhlükəsizliyi sahəsində beynəlxalq tərəfdaşlıqların yaradılması, ordunun modernləşdirilməsi və xarici siyasətdə manevr imkanlarının genişləndirilməsi bir-birindən ayrı proseslər deyildi. Bunlar vahid dövlət siyasətinin müxtəlif istiqamətləri idi.

İkinci amil diplomatik fəaliyyət idi. İlham Əliyev münaqişənin həlli məsələsini beynəlxalq təşkilatların, BMT-nin, Avropa institutlarının və müxtəlif beynəlxalq platformaların gündəliyində saxlamağa çalışırdı. Azərbaycanın mövqeyi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü prinsipinə əsaslanırdı.

Bu kontekstdə bir məqam xüsusi əhəmiyyət daşıyır: Azərbaycan beynəlxalq hüquqa istinad etməklə yanaşı, onun tətbiq edilmədiyi şəraitdə özünün siyasi və hərbi imkanlarını gücləndirmək xəttini də həyata keçirirdi. 2020-ci il hadisələri beynəlxalq hüquqi sənədlərin mövcudluğunun öz-özlüyündə münaqişənin həllinə zəmanət vermədiyini göstərdi.

Üçüncü amil xalq və dövlət arasında ümummilli məqsəd ətrafında səfərbərlik idi.

Vətən müharibəsi Azərbaycan cəmiyyətində müxtəlif siyasi, sosial və ictimai təbəqələri birləşdirən milli hadisəyə çevrildi. Cəbhədə döyüşən hərbçilərin fədakarlığı, arxa cəbhədə insanların dəstəyi, könüllülərin fəaliyyəti və xalqın mənəvi birliyi Zəfərin ictimai əsaslarını formalaşdırdı.

Prezidentin siyasi rəhbərliyi bu ümummilli səfərbərliyin koordinasiyasında mühüm rol oynadı. Şübhəsiz, bu Qələbə dövlətin, ordunun və xalqın birgə fəaliyyətinin nəticəsi idi. Ali Baş Komandanın məsuliyyəti isə həmin ümumi potensialın siyasi və hərbi məqsədlərə istiqamətləndirilməsində ifadə olunurdu.

Dördüncü amil informasiya və beynəlxalq kommunikasiya siyasəti idi.

Müharibə zamanı İlham Əliyevin xarici media qurumlarına verdiyi müsahibələr, beynəlxalq auditoriyaya ünvanladığı mesajlar Azərbaycanın mövqeyinin təqdim olunmasında mühüm vasitəyə çevrildi. Bu müsahibələrdə münaqişənin tarixi, BMT qətnamələri, işğalın nəticələri və Azərbaycanın ərazi bütövlüyü məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılırdı.

Bütün bunlar göstərir ki, 2020 və 2023-cü illərdəki nəticələr yalnız döyüş meydanında yaranmamışdı. Onların arxasında illərlə formalaşdırılan iqtisadi, siyasi, diplomatik və hərbi potensial dayanırdı.

***

Azərbaycanın ərazi bütövlüyünün bərpası Cənubi Qafqazın geosiyasi mənzərəsini də dəyişdirdi. Münaqişənin əvvəlki mərhələsində regionda mövcud olmuş status-kvo artıq əvvəlki formada davam edə bilməzdi. Azərbaycanın siyasi və iqtisadi imkanları genişlənmiş, Türkiyə ilə strateji tərəfdaşlıq möhkəmlənmiş, ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki rolu daha da aktuallaşmışdı.

Bu proseslər İlham Əliyevin xarici siyasət yanaşmasında əsas yer tutan suverenlik prinsipinin əhəmiyyətini artırdı. Prezidentin 2025-ci il martın 13-də XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews”a verdiyi müsahibədə səsləndirdiyi fikirlər də bu yanaşmanı əks etdirirdi. O, köhnə dünya nizamının artıq mövcud olmadığını, yeni qaydaların formalaşması prosesinin getdiyini vurğulayırdı. Bu mövqe Azərbaycanın öz təhlükəsizlik və inkişaf imkanlarını xarici siyasi mərkəzlərdən asılı vəziyyətə salmamaq xəttinə üstünlük verdiyini daha aydın nümayiş etdirirdi.

Azərbaycanın təcrübəsi göstərir ki, müstəqil xarici siyasət yürütmək üçün təkcə beynəlxalq hüquqa istinad etmək kifayət etmir. Dövlətin iqtisadi dayanıqlılığı, müdafiə qabiliyyəti, diplomatik əlaqələri və regional tərəfdaşlıqları da mühüm əhəmiyyət daşıyır.

Bununla belə, hərbi nəticələrin siyasi və diplomatik nəticələrə çevrilməsi ayrıca vəzifədir. Ərazi üzərində nəzarətin bərpası avtomatik olaraq uzunmüddətli sülhün təmin edilməsi demək deyil. Bunun üçün Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası, nəqliyyat əlaqələrinin açılması, qarşılıqlı etimadın formalaşdırılması və sülh müqaviləsinin hüquqi əsaslarının möhkəmləndirilməsi vacibdir.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın qarşısında indi yeni tarixi məsuliyyət dayanır: əldə edilmiş suverenliyi möhkəm dövlət idarəçiliyi, iqtisadi inkişaf, hüquqi təminatlar və regional sülh mexanizmləri ilə möhkəmləndirmək.

Tarixdə elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrün siyasi nəticələri ilə ölçülmür. Onlar dövlətin gələcək inkişaf istiqamətini, xalqın milli yaddaşını və beynəlxalq münasibətlər sistemindəki mövqeyini dəyişir. Azərbaycanın 2020-ci il Vətən müharibəsində qazandığı Qələbə və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası məhz belə hadisələrdəndir.

Bu hadisələrin başlıca siyasi nəticəsi ondan ibarət oldu ki, Azərbaycan otuz ilə yaxın davam edən işğal və separatizm problemini aradan qaldıraraq öz beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü təmin etdi. Bu, dövlətçilik tarixində yeni səhifə açdı.

Prezident İlham Əliyevin bu prosesdəki rolunu qiymətləndirərkən onun prezidentliyi dövründə həyata keçirilmiş uzunmüddətli strategiyanı, iqtisadi və hərbi potensialın gücləndirilməsini, diplomatik fəaliyyəti, 2020-ci ildə müharibənin siyasi rəhbərliyini və 2023-cü ildə suverenliyin bərpasına yönəlmiş qərarlarını birlikdə nəzərdən keçirmək lazımdır.

Heydər Əliyevin qoruyub saxladığı Azərbaycan dövlətçiliyinin İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyması, ərazi bütövlüyünün bərpası və dövlət hakimiyyətinin ölkənin bütün ərazisində təmin edilməsi müstəqillik tariximizin bir-biri ilə bağlı mühüm mərhələləridir.

Ancaq tarixi Zəfərin həqiqi miqyası yalnız azad edilmiş ərazilərdə bayrağın dalğalanması ilə müəyyənləşmir. Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı, təhlükəsiz yaşayış mühitinin yaradılması, mina probleminin həlli, iqtisadi həyatın bərpası və regionda davamlı sülhün təmin olunması bu tarixi prosesin növbəti mərhələsidir.

Bu mənada, 2020 və 2023-cü illər Azərbaycanın yalnız keçmişinə deyil, gələcəyinə də təsir göstərən dönüş nöqtələridir.

Tarixin hökmü ilə dövlətin siyasi məsuliyyəti burada birləşir: ərazi bütövlüyünü bərpa etmək tarixi vəzifə idisə, həmin Zəfəri güclü, təhlükəsiz, inkişaf etmiş və sülh şəraitində yaşayan dövlətin təməl daşına çevirmək gələcəyin vəzifəsidir.

İlqar RÜSTƏMOV,
siyasi şərhçi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью