Dövlətçiliyimizin və milli ruhumuzun rəmzi

08.11.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Üçrəngli bayrağımız ruhumuzun, ürəyimizin bir parçası, könlümüzün ən uca ünvanıdır və xalqımızın azadlıq arzularını, dövlətçilik tariximizi və müstəqillik əzmini özündə yaşadır.

Ötən əsrin əvvəllərində azadlıq ideallarımızın rəmzi kimi yüksələn bayrağımız imperiya qüvvələri tərəfindən endirildi. Yetmiş il ərzində xalqımızın yaddaşında, qəlbində yaşayan üçrəngli bayrağımız yenidən müstəqilliyimizin bərpası ilə əbədi ucalığına qovuşdu.

Bu tarixi qayıdışda Ümummilli lider Heydər Əliyevin müstəsna rolu oldu. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırıldı. Bu tarixi qərar xalqımızın dövlətçilik yaddaşının bərpası istiqamətində atılan mühüm addım oldu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı kimi qəbul etdi.

Müstəqil dövlətimizin təməl prinsiplərini qoruyan, dövlətçiliyimizin gələcəyini müəyyənləşdirən Ulu öndərin siyasi fəaliyyəti xalqımızın müstəqillik yolunda inamını möhkəmləndirdi. Onun rəhbərliyi və qətiyyəti ilə dövlətçilik ənənələrimiz yeni siyasi və hüquqi əsaslar üzərində inkişaf etdi.

Bu siyasi xətt sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirildi. Dövlət başçısının dövlət atributlarımıza göstərdiyi diqqət və qayğı müstəqil dövlətçilik ənənələrimizin qorunmasına və möhkəmlənməsinə xidmət etdi. Dövlət Bayrağı Gününün təsis edilməsi, Bakıda Dövlət Bayrağı Meydanının yaradılması bu siyasətin mühüm istiqamətlərindən biri oldu. Hər il noyabrın 9-da qeyd etdiyimiz Dövlət Bayrağı Günü xalqımızın tarixi yaddaşında yaşayan üçrəngli bayrağımıza ehtiramın ümumxalq səviyyəsində ifadəsidir.

Paytaxtımızda ucaldılan Dövlət Bayrağı Meydanı dövlətimizin müstəqillik əzmini və milli ruhumuzu nümayiş etdirən ünvanlardan birinə çevrildi. Burada dalğalanan bayrağımızın əzəməti xalqımızın keçdiyi tarixi yolu, dövlətçilik ənənələrinə sədaqətini və gələcəyə inamını ifadə edir.

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra üçrəngli bayrağımızın azad edilmiş torpaqlarımızda dalğalanması onun tarixində yeni bir səhifə açdı. Şuşada, Xankəndidə, Qarabağın digər şəhər və kəndlərində yüksələn bayrağımız xalqımızın onilliklər boyu yaşatdığı arzuların gerçəkləşməsinin rəmzinə çevrildi. Bu gün bayrağımızın dalğalandığı hər bir ünvan dövlətimizin suverenliyini, ərazi bütövlüyünü və xalqımızın öz torpaqlarına bağlılığını ifadə edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımız ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və dövlətimizin qüdrətinin rəmzi kimi dünyanın müxtəlif guşələrində dalğalanır.

Bayrağa sevgi Vətənə, dövlətə, torpağa və hər bir vətəndaşa sevgidir. Bu sevgi keçmişimizə ehtiram, bu günümüzə məsuliyyət, gələcəyimizə sədaqətdir. Üçrəngli bayrağımızın ucalığı xalqımızın azadlıq tarixindən, dövlətçilik irsindən və müstəqil yaşamaq əzmindən güc alır.

Bayrağımızın beynəlxalq arenada qazandığı ucalıq xalqımızın azadlıq arzularının, dövlətimizin müstəqil siyasətinin və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi nailiyyətlərin ifadəsidir. Dünyanın nüfuzlu qurumlarının qarşısında dalğalanan üçrəngli bayrağımız ölkəmizin adını, gücünü və sözünü beynəlxalq aləmə çatdırır. Bu gün onun yüksəldiyi hər bir ünvan arxasında böyük tarix, mübarizə və qələbə dayanır. Biz bayrağımıza baxarkən keçdiyimiz çətin yolları, azadlıq uğrunda mübarizə aparanları və bu günümüzü bizə bəxş edənləri xatırlayırıq. Bayrağımızın hər dalğalanışı gələcək nəsillərə ünvanlanan bir əmanətdir. Onu yüksəklərdə saxlamaq dövlətimizin gücünə, xalqımızın birliyinə və müstəqilliyimizin sabahına sahib çıxmaq deməkdir. Üçrəngli bayrağımız daim uca olsun!

Xumar Məmmədova,


Naxçıvan MR Ali  Məclisinin deputatı, Naxçıvan Dövlət  Universitetinin dosenti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью