Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda "Kontakt Home" əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən "ABC-Telecom" şirkətinə məxsus "Nova Credit" BOKT-nin nizamnamə kapitalı kəskin artırılıb.
Milli.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, kredit təşkilatının nizamnamə kapitalı 1 milyon manatdan 9 milyon manata çatdırılıb.
Məlumat üçün bildirək ki, ötən ilin dekabrın 1-də Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri nəticəsində "Nova Credit" BOKT MMC-də qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib və kredit təşkilatının vəzifəli şəxsi 4 min manat cərimələnib.
Qeyd edək ki, "Nova Credit" BOKT-nin sahibi "ABC-Telecom" şirkətidir. Bu kredit təşkilatı 2023-cü ildə dövlət qeydiyyatına alınıb.
Qanuni təmsilçisi "ABC-Telecom"un icraçı direktoru İsrafilzadə Həsən Fazil oğludur.
"ABC-Telecom" isə ötən ilin oktyabrından bəri dövlət qarşısında borcla üzləşib və həmin vaxt şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7,7 milyon manata yaxın vergi borcunun olduğu üzə çıxıb.
Sonradan şirkət bu borcun miqdarını həmin ilin noyabrında 6,7 milyon manata, dekabrında isə 5,9 milyon manata, cari ilin əvvəlində isə 5,6 milyon manata endirə bilib.