Dövləti məmurlarının simasında sevmək

29.07.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlqar Əlfioğlu
Əslində, belə bir yazını lap çoxdan qələmə almaq stəyirdim. Bu yazıda toxunacağım mətləblər üzərində bütün ömrüm boyu fikirləşmişəm desəm, yanılmaram, çünki ağlım kəsəndən bəri məni düşündürən hadisələrlə hər gün rastlaşıram...

İdeal məmur kimdir və necə olmalıdır? Qanunları səliqə ilə icra edən şəxsdirmi? Yoxsa, yaxşı məmur təmsil etdiyi dövlətlə vətəndaş arasında etimad yaratmağı, cəmiyyətə xidmət etməyi özünün əsas missiyası hesab edənlər, xidməti borcunu peşəkarcasına gerçəkləşdirənlərdi?

Dünyada qəbul olunan dövlət idarəçiliyi prinsiplərinə görə, yaxşı məmurun əsas məqsədi şəxsi və ya qrup maraqlarını deyil, ictimai marağı qorumaq və bununla, təmsil etdiyi dövlətin üzünü konkret bir yerdə ağartmaqdır. Sirr deyil ki, dövlətin üzünü ağardan da məmurdur,  eləqaraldan da. Çünki, sadə vətəndaş istənilən məmuru dövlət kimi görür, onun yaxsısını da, pisini də dövlətin ayağına yazır.

Məncə, dövlət vəzifəsi çoxlarının hesab elədiyi kimi, üstünlük yox, ağır məsuliyyətdir. Məmur görüşdüyü, şikayətini dinlədiyi vətəndaşı "xahişçi" kimi qəbul etməməlidir, çünki həmin insana xidmət göstərməyi ona dövlət tapşırıb. Bunu bütün məmurlar bilməlidir,  məmur olmağın elə əlifbası budur…

Amma, bilirmi? Hamı bilirsə, mətbuatda, sosial şəbəkələrdə mütəmadi rastlaşdığımız məmur biganəliyi hardandır?

***

Təxminən, ay yarım qabaq Ağdamda idim, Quzanlıda yoluxacağım bir-iki qohum-simsarım vardı. Onu deyim ki, Ağdam işğaldan azad olandan sonra, əlimə imkan düşən kimi, belə səfərlərə çıxıram, çünki dövlətimizin ilk baxışdan fantastic görünən “Böyük qayıdış” proqramının uğuru daha çox elə camaatdan asılıdır, onların problemlərini öyrənmək, mətbuatda, sosial şəbəkələrdə işıqlandırmasam da, fikirlərimi əlaqədar məmurlara çatdırmaq həm də bu əzəmətli prosesin uğuruna müəyyən zəmanətdir.

İş elə gətirdi ki, qədim dostum, Ağdam İcra hakimiyyətinə rəhbərlik edən Vaqif Həsənovla ayaqüstü görüşdüm və məlum oldu ki, həmişəkimi  kimi, o gün də işi çox idi. Vətəndaşların kütləvi və tək-tək qəbulu günortadan xeyli sonrayadək çəkmişdi, dedi ki, hələ bir işi də qalıb, Quzanlıya yaxın kəndlərdən olan daha bir şikayətçiyə onun evində baş çəkib vəziyyətlə bilavasitə tanış olmaq da həmin gün üçün nəzərdə tutduğu vacib bir iş idi. Düzü, mənim də içimdə bir maraq baş qaldırdı, çünki adətən, məmur şikayətçini qəbul edir, dinləyir və  yaxşı məmurdursa, bir nəticə hasil olmasına qanuni imkanları çərşivəsində çalışır. İcra başçısının kiminsə yaşadığı evə getməsi sıradan bir hadisə deyildi. Dostum marağımı hiss edib dedi ki, vacib işin yoxdursa, gəl, birlikdə gedək, təxirə salınası məsələ deyil. Təbii ki, mən də razılaşdım…


Kəndə çatana kimi, elə yolda bəlli oldu ki, həmin ailənin ağbirçəyi iki şəhid anası Məryəm Çəfərovadır, oğulları Famillə Kamil canlarından vətən yolunda keçmiş igidlərimizdəndir. Hazırda nasaz olan həmin ananın adından yuxarılara artıq neçə məktub gedib, dövlət başçısı ilə görüşmək istəyirlər, üstəlik, rayonun rəhbərilə bir yerdə.

Vaqif müəllim dedi ki, o ailənin üzvlərindən birini neçə dəfə qəbula dəvət edib, amma gələn olmayıb, əməkdaşlarını evlərinə yollayıb, yenə danışmaq istəməyiblər.  Onda, fikirləşib ki, görüşə gəlmirlərsə, özüm onlara gedim, elə ananın dərdlərini dinləmək, onun ailəsinin hansı dərdinəsə çarə olmaq onsuz da hər kəsin borcudur. Dostum haqlı idi, başa yerlərdə necədir, bilmirəm, amma Agdam əhalisi arasında iki şəhid anası Məryəm xanımdan başqa, cəmi bir nəfər idi…

Nə isə… Mənzil başına çatdıq. Səfalı, axar-baxarlı bir kənd idi, bir suyu bizim Qarqarüstü kəndlərə bənzəyirdi. Məryəm ananın həyətlərindən, evindən isə, xüsusidə səliqə-sahman yağırdı, zəhmətkeş ailə olduqları ilk baxışdan duyulurdu…

Səmimi görüşümüz oldu. Biz qapıdan içəri girəndə üzlərindən sezdiyim inamsızlıq dumanı ilk dəqiqələrdən dağıldı, dərdlərini, problemlərini, israrlı müraciətlərinin səbəblərini birər-birər dinlədik, mən də suallarımı verdim, cavablarını eşitdim.  

Bir neçə problemlərindən danışdılar. Əslində, imkansız adamın indiki dövrdə çətinliklərlə baş-başa qalması çox ağır məsələdir. Dərd öz həllini tapmayanda, elə bil insanı çıxılmazlığa, nəhsliyə sürükləyir, darıxdırır, əldən salır – xalq arasında yaşayıb, özünü köməksiz hiss etmək yüngül iş deyil.  Bu insanlar da dərdlərinə çarə axtarmaqda haqlıydılar, qınamağın yeri yox idi, onları dinləmək, həll yolları tapmaq lazım idi…

Mən bilirəm ki, bizdə sadə vətəndaşın bir eşidilmək dərdi də olur, istəyir ki, çətinlik yaradan məsələləri ürəklə dilə gətirməsi üçün, sözlərinə diqqətlə, hövsələylə qulaq assınlar. Bu ailənin hansı problemlər qarşısında naçar qaldığını heç sadalamayacam da, çünki ən böyüyü evlərinin dam örtüyünün yararsız vəziyyətə qalması idi. İndi oxucu özü təxmin etsin ki, probleminin böyüyü dam örtüyü olan bir ailənin qalan dərdləri nə olacaq. Amma, hər kəsin dərdi, özünə çox böyük gəlir, bu da bir həqiqətdir. Qısası, eşitdik onları. Çarəsiz adam üçün eşidilmək özü müşkülün açılmasına doğru atılan ilk addımdır, hamımızın başına gəlib və hələ gələcək də. Amma anladığım bir məsələ də oldu, Onları kimsə çaşdırmışdı, şikayətlərini birbaşa kömək umduğu dövlət məmuruna çatdırmaqdansa, yuxarılara teleqramlar vurmağa onları həvəsləndirən, qərəzli-qərəzsiz, təhlik təhrik edən vardı…

***


İki-üç gün qabaq isə sosial şəbəkədə gördüm ki, Vaqif müəllim yenə də həmin evdə olub, təmir işlərinin keyfiyyətinə şahid olmaq üçün gedibmiş. Örtüyü yenilənmiş evin  şəklini də qoymuşdular, baxanın üzünə gülürdü. Sevindim, çünki yaxşı bir işdə cuzi iştirakım belə, məni həmişə sevindirib. İndi görün sadə vətəndaşın son ümidini doğrultmaq bu işin başında duranların nə boyda sevincidir…

***

Məmur üçün insanlarla münasibət qurmaq təkcə ünsiyyət bacarığı deyil, həm də dövlət idarəçiliyinin əsas elementlərindən biridir. Vətəndaşın dövlət haqqında ilk təəssüratı çox vaxt məhz gördüyü məmurun davranışından formalaşır.

Mahatma Qandi deyirdi: Mahiyyətini tapmağın ən yaxşı yolu başqalarına xidmətdə özünü unutmaqdır. Aristotel fikrincə isə, dövlət ümumun xeyri üçün mövcuddur, yəni hakimiyyət şəxsi mənfəət üçün istifadə ediləndə dövlət də öz mahiyyətini həqiqətən itirmiş olur. Böyük filosof dövlət qulluqçusunun əsas borcunun ümumun mənafeyini qorumaqdan ibarət olduğunu yazırdı.


Məncə, dövlət vəzifəsi əslində, könüllü qəbul edilən ictimai etimaddır. Onun qəbulu könüllüdürsə, ictimai etimad sənə avans olaraq verilibsə və sən nə vaxtsa həmin etimadı doğrulda bilməyəcəyini anlayırsansa və vəziyyəti düzəltmək heç cür mümkün deyilsə, etik baxımdan vəzifədə qalmaqdan daha doğru seçim onu tərk etmək olmalıdır. Bu, həm dövlətin maraqlarını, həm də şəxsi vicdanını qoruyan bir addım olardı. Təəsüf ki, bu yanaşma Azərbaycanda görünməmiş mətahdır…

Məmur insan ləyaqətinə hörmət etməli, öz vətəndaşına laqeyd yanaşmamalıdır. Çünki istənilən dövlət qurumuna müraciət edən insan çox vaxt ora son ümid yeri kimi üz tutur.

Yaxşı, bəs, dövlətin üzünü ağardan məmur hansı xüsusiyyətlərə malik olmalıdır? Məncə, hamıya aydındır - qanunun aliliyinə sadiq olmalı; vətəndaşlar arasında fərq qoymamalı; bütün qərarların məhz qanun çərçivəsində verilməsinə diqqət etməli; şəxsi münasibətlərin dövlət qərarlarına təsir etməməsinin qaydına qalmalıdır. Bütün bunların kökündə də mütləq xalqa xidmət fəlsəfəsi durmalıdır.

Bunlardan əlavə, məncə, yaxşı məmurun “empati” hissi güclü olmalıdır. Son zamanlar dilimizə düşən bu sözün sadə əvəzi özünü qarşındakı insanın halında duya bilməkdir. Bunsuz, yaxşı məmur olmaq qeyri-mümkündür…

Deməli, lap bineyi-qədimdən hər şeyi qanunlarla yanaşı, həm də kadrlar həll edir. Böyük dövlət xadimi Mark Tulli Siseron yazırdı ki, biz azad olmaq üşün qanunların qulu olmuşuq. Çox maraqlı fikirdir və qayəsi budur ki, heç bir məmur qanundan üstün ola bilməz və qanun qulu olmaq onun əsas birbaşa borcudur.

Amma, dediyimiz “empati” ilə qanunun aliliyini uzlaşdırmaq məmurdan bəlli ustalıq tələb edir. Ona görə də qədim Çin filosofu Konfutsi vəzifəyə düzgün insanların gətirilməsini vacib sayırdı və yazırdı ki, məmura xalqın etibarı məhz bu amilə söykənir, dövlətin gücü də ilk növbədə, elə məmurların mənəvi keyfiyyətlərindən asılıdır: “Fəzilətli rəhbər küləkdirsə, xalq ot kimidir - külək hansı istiqamətə əsərsə, ot da o tərəfə əyilər”. Deməli, məmurlarımızın şəxsi nümunəsi qanunlardan heç də az əhəmiyyət daşımır.

Həmin fikrin lap kəsəsini Makiavelli deyirdi: hökmdarın keyfiyyətini onun seçdiyi məmurlara  baxaraq qiymətləndirmək olar. Bu fikri bizim Nizami Gəncəvi də təsdiqləyir, həm hökmdarın və həm də onun iş tapşırdığı məmurların ədalətli olmasını dövlətin əsas dayağı hesab edir, “Sirlər xəzinəsində” bu sualın da cavabını verirdi - ədalətlə qurulan dövlət uzunömürlü olar…

***


Bu mövzunu dərinləşdirmək, uğursuz məmurlardan konkret nümunələrlə çox şey yazmaq olardı, çünki hal-hazırda kadrların yenilənməsi dövlətimiz üçün prioritet vəzifədir. Deməli, dövlət qulluqçularını seçən orqanlar da bu məsələlərə xüsusi diqqət verməlidirlər, çünki gələcəyin məmurlarını onlar seçir.

Bu tələblərə cavab verməyən məmurlarımız varmı? Təbii ki, az deyil, xeyli var… Mən onlar üçün yuxarıda yazdığım bir fikri təkrarlamaq istəyirəm: Əgər insan hər hansı səbəbdən etimadı doğrulda bilməyəcəyini başa düşürsə və vəziyyəti düzəltmək mümkün deyilsə, etik baxımdan vəzifədə qalmaqdan daha doğru seçim onu tərk etməkdir. Bu, həm dövlətin maraqlarını, həm də şəxsi vicdanı qoruyan addım olar.

Niyə bunu yazıram, çünki xalqın əsas istəyini də gərək kimsə unutmasın - biz dövlətimizi vəzifəyə gətirilən məmurların simasında sevmək istəyirik və bu haqqımızın danılmaz olduğuna şübhəmiz yoxdur…

P.S. Bu yazını dostum Vaqif Həsənovun və əməkdaşlarının simasında, bütün  kamil məmurlarımıza həsr etdim. 
Yaxşı xidmətləri ilə mənə bu yazını yazmaq üçün fürsət verdiklərinə görə, yaxşılara təşəkkür etməyi özümə borc bilirəm…  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью