Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Əməkdar artist Firuzə İbadova səhhəti ilə bağlı açıqlama yayıb.
Axşam.az xəbər verir ki, müğənni bu çətin günlərdə ona dəstək olan hər kəsə təşəkkür edib. O, ünvanına göndərilən xoş sözlərin, səmimi mesajların və edilən duaların ona mənəvi güc verdiyini bildirib:
“Sizin sevginizlə illərdir sənətimi yaşatmışam, sizin alqışlarınızla səhnələrə çıxmışam. Bu gün də qəlbim sizinlədir. Mənə göstərdiyiniz diqqətə, qayğıya və dualarınıza görə hər birinizə sonsuz təşəkkür edirəm.
Bu çətin günlərdə xalqımın sevgisi ilə yanaşı, dövlətimin qayğısına və dəstəyinə də böyük ehtiyacım var. İllərimi sənətimə, xalqıma həsr etmiş bir sənətkar kimi, bu gün dövlətimin diqqətini və qayğısını yanımda hiss etmək mənim üçün çox dəyərlidir.
Məni yaşadan sizin dualarınız, qəlbimə güc verən sizin sevginizdir! Allah hər birinizi qorusun, dualarınızı qəbul etsin. İnşallah, gözəl günlərdə yenidən görüşərik!”.
Qeyd edək ki, F.İbadova 2 ay əvvəl əməliyyat olunduğunu, orqanizmindən 5 şiş çıxarıldığını açıqlayıb.