Icma.az bildirir, Olke.az portalına istinadən.
1965-ci ildə Nyu-Yorkda bütün şəhər 14 saatlığa işıqsız qalıb. Bu kəsinti Nyu-York şəhəri ilə yanaşı Kanadanın bəzi hissələrini qaranlığa qərq edib.
Ümumilikdə 30 milyon insana təsir ediən bu hadisə zamanı 800 min nəfər Nyu-York metrosunda qalıb, işıqforlar sıradan çıxıb, liftlər dayanıb, milyonlarla insan bir gecənin içində telefonsuz, televizorsuz, lifstiz qalıb.
Hamı qarışıqlıq gözləsə də, insanlar eyvanlara çıxıb, küçədə söhbət edib, yad adamlar bir-biri ilə danışıb.
Xaosa baxmayaraq, cinayətkarlıq nisbətən aşağı olub. “New York Times” qəzeti şəhərin sakit qaldığını bildirib. Vətəndaşların nümayiş etdirdiyi əməkdaşlıq ruhuna görə hadisə bəzən "Yaxşı elektrik kəsilməsi" adlandırılır.
Polis hesabatlarında belə bir qeyd var idi: Gözlənilən kütləvi xaos müşahidə olunmadı.
Maraqlıdır, günümüzdə Bakı kimi bir şəhərdə milyonlarla insanı əhatə edən elektrik enerjisi kəsintisi baş verərsə, bu, həyatımıza necə təsir edər?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan sosioloq Əhməd Rəhmanov hesab edir ki, 2026-ci ildə çox insanı əhatedən elektrik kəsintisinin çətinliklər yaradacağı danılmazdır:
“Çox təəssüf ki, son 15-20 ildə həyatımız internetdən və işıqdan daha çox asılıdır. Bu, əsasən şəhərlərə aiddir. Rayonlarda günü bu gün də görürsən ki, qaz, işıq olmasa da, camaat başını qatır. Amma şəhər əhalisi belə məsələyə çox həssasdır. İnsanlarda müəyyən çətinliklər yarana bilər, amma xaos olmayacaq. Çünki bu gün Azərbaycan vətəndaşı ilə başqa ölkənin vətəndaşında fərq var. Bizim camaatımız çətinliyə daha öyrəncəlidir, nəinki başqa ölkələr.
Bu baxımdan Bakıda xaos yaranacağını düşünmürəm. Çünki biz o vaxt çox deyirdik ki, insanları evə qapatmaq olmaz, belə olacaq, elə olacaq və s. Gördünüzmü, sadəcə olaraq dövlətin bir “çırtması” ilə mövcüzə baş verdi. İnsanlar evlərə qapandılar, heç bir xaos da əmələ gəlmədi. Biz inanmırdıq, amma bu repetisiya bir dəfə olub”, - deyə o söyləyib.
Süni intellekt isə günümüzdə saatlarla insanların işıqsız və internetsiz qalmasının iki mümkün ssenariyə səbəb ola biləcəyini qeyd edir:
“İlk saatlarda panika və çaşqınlıq qaçılmazdır. Liftlər dayanacaq, mobil rabitə zəifləyəcək, bank terminalları, POS-lar, nəqliyyatın bir hissəsi iflic olacaq. İnsanların böyük əksəriyyəti xəbəri sosial şəbəkələrdən aldığı üçün informasiya boşluğu yaranacaq və bu boşluq şayiələrlə dolmağa başlayacaq.
Ancaq ilkin şokdan sonra iki mümkün ssenari ortaya çıxar. Birinci ssenaridə insanlar daha aqressiv və qorxulu davranış nümayiş etdirə bilər — çünki bu gün cəmiyyət texnologiyaya daha asılıdır və ani qopma psixoloji gərginlik yaradır.
İkinci ssenaridə isə Nyu-York nümunəsində olduğu kimi, insanlar bir-biri ilə daha çox ünsiyyət qurmağa başlaya, qonşuluq münasibətləri canlana, küçə və həyətlər sosial məkana çevrilə bilər”.
Bir çox ehtimalları nəzərdən keçirən süni intellekt elektrik kəsintisinin insanları yaxınlaşdıracağını hesab edir:
“Bakı cəmiyyətinin kollektiv yaddaşında hələ də işıqsız gecələr, su növbələri, məhəllə həyatı anlayışı var. Bu da o deməkdir ki, tam xaos qaçılmaz deyil. Əksinə, texnologiyanın sönməsi qısa müddətlik də olsa insanları bir-birinə yaxınlaşdıra, gündəlik həyatın sürətini azalda bilər.
Bu cür kəsinti eyni zamanda bizə narahat bir həqiqəti də xatırladar: həyatımızın nə qədər kövrək infrastruktura bağlı olduğunu. Elektrik olmayanda təkcə işıq yox, ünsiyyət, məlumat, təhlükəsizlik hissi də sönür”.
Billurə Yunus