Dövriyyədə olan pul kütləsi niyə artır?

09.10.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Açıqlanan son göstəricilərə əsasən, banklardan kənarda olan nağd pulun (M0) həcmi 19 milyard 166,8 milyon manat təşkil edib. Banklardan kənarda olan nağd pulun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 338,2 milyon manat və ya 13,89 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında bu rəqəm 16 milyard 828,6 milyon manat səviyyəsində idi.

Banklardan kənarda olan nağd pulun (M0) 13,9 faiz, dövriyyədə olan likvid pulun (M2) ümumi həcminin isə 20,7 faiz artması göstərir ki, artım yalnız əhalinin əlindəki nağd pulun çoxalması hesabına baş verməyib. Bank hesablarında və manatla yığımlarda olan vəsait daha sürətlə artır. Fiziki şəxslərin bank əmanətlərinin son bir ildə 15,8 faiz artması da bunu göstərir.

Bunun əsas səbəblərindən biri ölkədə xarici valyuta təklifinin yüksək olmasıdır. Valyuta bazarında təklif tələbi üstələyib və Mərkəzi Bank təkcə avqust ayında bazardan 1,5 milyard dollar alıb. Bunun qarşılığında manat dövriyyəyə daxil olur. Digər tərəfdən, əhali və biznes vəsaitlərinin daha böyük hissəsini manatla saxlayır. Nəticədə bank sistemində də kifayət qədər böyük vəsait formalaşıb. Bank sektorunda struktur likvidlik profisiti ilin əvvəlindən 2,2 dəfə artaraq 6,3 milyard manata çatıb.

Mütəxəssislərin fikrincə, pul və kreditlərin artım tempi real iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektoruna investisiyaların artım tempini xeyli qabaqlayırsa, bu vəsaitin hansı istiqamətə yönəldiyi mühüm əhəmiyyət daşıyır. Başqa sözlə, artan pulun nə qədərinin yeni istehsala və biznesin genişlənməsinə, nə qədərinin isə istehlaka və aktivlərə yönəldiyi əsas məsələdir.

Çünki birinci halda artan pul iqtisadiyyat üçün fürsətdir. Bu vəsait investisiyaya, istehsala, yeni bizneslərin yaranmasına və iqtisadi artıma şərait yarada bilər. İkinci halda isə risk yaranır. Tələb artır, lakin onun qarşılığında mal və xidmətlərin istehsalı eyni sürətlə artmırsa, bu, qiymət artımına və inflyasiya təzyiqinə səbəb ola bilər.

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, ümumiyyətlə, pul kütləsinin artması istehlak və investisiya sektorlarına müsbət təsir göstərir. Bununla da dövriyyədə olan pul kütləsinin həcmi daha da artır. Həmçinin, bu proses kredit faizlərinin aşağı düşməsinə səbəb ola bilər. Ümumiyyətlə, pul kütləsinin artması iqtisadiyyatı genişləndirən amillərdən biridir. Ancaq bu halın mənfi cəhəti odur ki, təklif kifayət qədər olmasa, qiymətlərə mənfi təsir göstərə və hətta inflyasiyaya səbəb ola bilər. O cümlədən, pul kütləsinin həcminə yalnız bir tərəfdən yanaşmaq olmaz. Məsələ təkcə pulun çoxalması və onun dəyərinin aşağı düşməsi deyil, burada inflyasiya amili də nəzərə alınmalıdır: "Pul bazası əsasən dövriyyədə olan nağd manat və bankların Mərkəzi Bankdakı ehtiyatlarından formalaşır. Buna görə göstəricinin artması bank sistemində manat likvidliyinin genişləndiyini göstərən əsas indikatorlardan biridir. Lakin pul bazasının 15,2 faiz artması avtomatik olaraq eyni həcmdə istehlak və ya inflyasiya artımı demək deyil. Burada əsas məsələ əlavə likvidliyin iqtisadiyyatda necə istifadə olunmasıdır.

Əgər bank sistemində yaranan əlavə vəsait kreditləşməyə, investisiyalara və iqtisadi aktivliyə yönəlirsə, bu, biznes dövriyyəsini və iqtisadi artımı dəstəkləyə bilər. Əksinə, pul kütləsinin artımı mal və xidmətlərin təklifində müvafiq genişlənmə ilə müşayiət olunmazsa, daxili tələb və qiymətlər üzərində əlavə təzyiq yarana bilər.

Pul bazasının dinamikasına dövlət maliyyəsi və valyuta bazarındakı əməliyyatlar da təsir göstərir. Dövlət büdcəsindən iqtisadiyyata vəsait daxil olduqda şirkətlərin, podratçıların və əhalinin hesablarında manat likvidliyi artır. Xüsusilə dövlət investisiyaları və infrastruktur layihələri bu prosesdə mühüm rol oynaya bilər".

İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, pul dövriyyəsini artıran digər məqam hazırkı dövrdə nağdsız dövriyyənin populyarlaşmasıdır: "Bəzən bu, nağdsız dövriyyənin miqyasının dəyişməsi ilə bağlı olur. Nağdsız dövriyyə azalır, nağd pula tələbat artır. Buna qeyri-qanuni fəaliyyətlər, infrastruktur çatışmazlıqları səbəb ola bilər. Bu zaman dövriyyədə olan pul artırılır, yeni pul kütləsinin formalaşmasına ehtiyac yaranır.

Pul kütləsi həm də dövlət xərcləmələri çoxaldığı zaman artır. Bu, Mərkəzi Bank yumşaq monetar siyasət həyata keçirdikdə də baş verə bilər. Bu zaman hökumətlər və mərkəzi banklar pul kütləsini inflyasiya və iqtisadi böyümə hədəflərinə uyğunlaşdırırlar. Bəzi hallarda durğun iqtisadi dövrlərdə hökumətlər pul kütləsini artırmaqla iqtisadi aktivliyi dəstəkləməyə çalışırlar. Bu da iqtisadiyyatda geniş istifadə olunan metodlardan biridir".

İqtisadçı vurğulayıb ki, pul kütləsinin artmasının insanların hesablarında olan vəsaitlərə birbaşa təsiri yoxdur. Yalnız bu prosesdən iqtisadi mənfəət əldə edən subyektlərin daha çox gəlir əldə etməsi mümkündür. Pul kütləsinin artması o demək deyil ki, vətəndaşların vəsaiti artıb. Əgər pul kütləsi artırsa, bunun səbəblərindən asılı olaraq müəyyən nəticələr ortaya çıxa bilər.

Məsələn, pul kütləsi dövlət xərcləri hesabına artırsa, onun bir qismi sosial xərclərə yönəldilir. Müavinətlər, təqaüdlər və əməkhaqları buna nümunədir. Belə olanda vətəndaşlar büdcədən faydalanmaq imkanı qazanırlar: "Qeyd edim ki, pul dövriyyəsinin artımı heç də həmişə yaxşı nəticələnmir. Bu artım investisiya layihələrinin həyata keçirilməsinə yönəldilə bilər. Bu zaman biznes subyektləri üçün faydalı olacaq. Əgər monetar ekspansiyadan söhbət gedirsə, yəni Mərkəzi Bank tərəfindən bazarda pul kütləsinin artırılması siyasəti həyata keçirilirsə, bu halda vətəndaşların daha çox borclanması üçün şərait formalaşır.

Bu vəsaitlər bazarda vətəndaşların daha rahat borclanması mühitini formalaşdırmaqla onların borc yükünün artmasına gətirib çıxara bilər. Amma həmin borclar iqtisadiyyatda xərclənir. Bu da iqtisadiyyatı hərəkətə gətirir, aktivliyi artırır. Nəticədə bundan biznes və əmək bazarının iştirakçıları da faydalana bilərlər. Pul kütləsinin bazarda artması sabit şəraitdə, digər iqtisadi faktorlar dəyişmədiyi halda baş verirsə, bu, inflyasiyanın artımı ilə nəticələnə bilər".

Dövriyyədə olan pul kütləsinin artması iqtisadiyyat üçün həm fürsət, həm də risk daşıyan bir hadisədir. Əgər artım real iqtisadi fəaliyyətlə (istehsal, xidmət, ixrac) uzlaşarsa, ölkədə iqtisadi inkişaf baş verə bilər. Əks halda, bu artım inflyasiya, valyuta təzyiqləri və iqtisadi qeyri-sabitlik yarada bilər. Buna görə də mərkəzi banklar bu prosesi diqqətlə izləyir və pul-kredit siyasəti vasitəsilə balansı qorumağa çalışırlar.

İqtisadçı ekspert Elman Sadıqovun sözlərinə görə, bir ölkədə əlavə pul kütləsi həmin ölkənin sonrakı iqtisadi inkişaf dinamikası ilə düz mütənasib olarsa, bu, iqtisadi inkişafa səbəb olar. Əks halda, buraxılan əlavə pul kütləsi əvvəl-axır inflyasiya təzyiqi yaradar: "Burada buraxılan əlavə pul kütləsinin hansı sürət (pulun dövretmə sürəti) və effektlə cari hesablarda, bank depozitlərində, kredit verilişlərində, investisiyaların həcmində oynadığı rol və digər mürəkkəb amillər də monetar siyasətdə başlıca faktorlardandır. Əlavə pul kütləsi iqtisadi artımla düz mütənasib olmasa, buraxılan əlavə pul inflyasiya təzyiqi yaradar.

2016-cı ilin əvvəlində beynəlxalq forumlardan birində Azərbaycan iqtisadiyyatına 20 milyard manata qədər investisiyanın tələb olunduğunu da ölkədə daxili kreditləşmənin həcmi, ÜDM, M pul kütlələrinin təhlili əsasında qeyd etmişdim. Qısası, pul kütləsi və göstəriciləri əslində bir çox məsələlərin həlli üçün düşündüyümüzdən daha əhəmiyyətli, dərin və genişdir".

İqtisadçı ekspert Asif İbrahimov qeyd edib ki, pul kütləsinin artması avtomatik olaraq əhalinin varlanması demək deyil. Əksinə, əhalinin real alıcılıq qabiliyyəti zəifləyirsə, insanlar daha çox yığım etməyə və xərcləri azaltmağa məcbur ola bilərlər. Pulu olanlar isə investisiya üçün kifayət qədər gəlirli, təhlükəsiz və etibarlı imkan görmürlərsə, vəsaiti bankda saxlamağa üstünlük verirlər: "Bu o deməkdir ki, banklarda pul artır, likvidlik yüksəlir, amma həmin vəsait istehsala, yeni biznesə və məhsuldarlığa çevrilmir. Bu halda problem pulun azlığında, ya da çoxluğunda deyil. Problem pulun iqtisadiyyatda effektiv işləməməsidir. Ona görə də dövriyyədə olan likvid pulun artımına yalnız müsbət göstərici kimi baxmamalıyıq. Əsas məsələ odur ki, artan pul real iqtisadi dəyər yaradır, yoxsa yaratmır".

Əgər bank sistemində yaranan vəsait investisiyaya, yeni istehsala, biznesin genişlənməsinə və məhsuldarlığın artmasına yönəlirsə, bu, iqtisadiyyat üçün imkan yaradır. Belə halda artan maliyyə resursları yeni müəssisələrin, iş yerlərinin və əlavə məhsul istehsalının yaranmasına xidmət edə bilər.

Pul və kreditlərin artımı mal və xidmətlərin istehsal artımını əhəmiyyətli dərəcədə qabaqladıqda tələb yüksəlir, lakin təklif eyni sürətlə artmır. Bu isə gələcəkdə qiymətlərə və inflyasiyaya əlavə təzyiq yarada bilər.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью