Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən aparılan genişmiqyaslı araşdırma qapalı və steril olduğu iddia edilən döymə və qalıcı makiyaj mürəkkəblərinin üçdə birində canlı bakteriyaların olduğunu ortaya qoyub.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, 2018–2024-cü illər arasında aparılan dörd araşdırmanın nəticələrinin birləşdirildiyi elmi iş çərçivəsində 259 açılmamış mürəkkəb nümunəsi yoxlanılıb.
Onların 92-də bakteriya aşkarlanıb. Bu isə nümunələrin təxminən 35 faizinin bakteriya ilə çirklənmiş olduğunu göstərir.
Araşdırmanın ən diqqətçəkən məqamlarından biri bakteriyaların üzərində “steril” etiketi olan məhsullarda da aşkarlanmasıdır. Belə məhsulların təxminən üçdə birində bakteriya müəyyən edilib.
Mütəxəssislər döymə mürəkkəbləri ilə permanent makiyaj üçün istifadə olunan mürəkkəblər arasında bakterial çirklənmə baxımından ciddi fərq müəyyən etməyiblər.
ABŞ istehsalı məhsulların 33,5 faizində, idxal olunan məhsulların isə 31,9 faizində bakteriya aşkarlanıb.
Tədqiqat zamanı ümumilikdə 94 fərqli bakteriya növü müəyyən edilib. Onlardan 34-ü insanlarda xəstəlik törədə bilən potensial patogenlər kimi qiymətləndirilib. Bu bakteriyaların bəziləri dəri infeksiyalarına, digərləri isə daha ciddi xəstəliklərə səbəb ola bilər.
Tədqiqatçılar isə vacib bir məqama diqqət çəkirlər, mürəkkəbdə bakteriyanın olması onun mütləq insanda infeksiya yaradacağı demək deyil.
Bununla belə, nəticələr döymə və permanent makiyaj zamanı yalnız iynə və avadanlıqların deyil, istifadə olunan mürəkkəbin də gigiyenik təhlükəsizlik baxımından nəzərə alınmasının vacibliyini göstərir.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin