Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Əmrah Səfərli noyabrın 4-də şəhidlik zirvəsinə yüksəlib
Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi hər bir bölgəmizdən mərd oğulların ön cəbhəyə atılması, Vətən uğrunda canlarından keçməsi ilə yadda qaldı. Torpaqlarımızın azad olunması üçün düşmənə qarşı misilsiz igidlik göstərən, hərbi anda son nəfəsinədək sadiq qalan cəsur döyüşçülərimizdən biri də şəhid Səfərli Əmrah Çingiz oğludur. Əmrah 2 aprel 1998-ci ildə İmişli rayonu Göbəktala kəndində dünyaya gəlib.
Azərbaycan Ordusunun əsgəri Əmrah Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Böyüyüb boya-başa çatdığı mühitdə hər zaman ətrafındakıların sevgisini və hörmətini qazanan Əmrah, Vətənə, torpağa olan sonsuz sevgisi ilə tanınmışdır.
Vətənin dar günündə bir an belə tərəddüd etməyən Əmrah Çingiz oğlu Səfərli Silahlı Qüvvələrimizin sıralarında hərbi xidmətini şərəflə yerinə yetirmiş, hərbi nizam-intizama və əsgəri borca həmişə sadiq qalmışdır.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Əmrah Səfərli 4 noyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin Sərəncamlarına əsasən Əmrah Səfərli ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə","İgidliyə görə","Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
O, cəbhənin müxtəlif istiqamətlərində düşmənin güclü istehkamlarının yarıldığı, strateji yüksəkliklərin azad olunduğu gərgin döyüşlərdə qorxmazlığı ilə seçilmişdir. Silahdaşları ilə çiyin-çiyinə vuruşaraq qarşıya qoyulan tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirmişdir.
Müşfiq MİRZƏ
XQ