“Dözə bilmirdim, ağlaya ağlaya gedib, ağlaya ağlaya da qayıdırdım...”

17.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xocalı, 17 noyabr, AZƏRTAC

Xocalı rayonunun Ballıca kəndində həyat yenidən öz axarına qayıdıb. Səhər tezdən həyətlərdən gələn sac və təndir çörəyinin ətri kəndin küçələrinə yayılır, hər evdə, hər ocaqda qurub-yaratmaq həvəsi hiss olunur. Doğma yurda qayıdan sakinlər illər əvvəl yarımçıq qalmış xatirələrini bərpa etməklə yanaşı, ata-babalarından miras qalan yaşam tərzini, qədim adət-ənənələri də yenidən dirçəldirlər. Burada hər ailənin öz qayıdış hekayəsi, hər evin öz yaddaşı var.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ballıca sakini Nadir Əkbərov da ailəsi ilə birlikdə doğma kəndinə dönüb, 36 il əvvəl yarımçıq qalan kənd həyatına yenidən davam edir. Həyətlərində sac üstündə bişən isti çörəyin qoxusu, bal arılarının vızıltısı və mal-qaranın səsi bu ocaqda həyatın yenidən canlandığından xəbər verir.

Həyətdə sacın başında əyləşib xəmir yayan evin xanımı Tahirə Zeynalova ilə söhbətimizə elə bu isti ocağın kənarında başlayırıq. İllər sonra yenidən öz həyətində çörək bişirməyin ona nələr hiss etdirdiyini soruşuram.

– Tahirə xanım, illər sonra yenidən öz həyətinizdə, öz sacınızın başında olmaq necə hissdir?

– Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun, bu günləri bizə yaşatdılar. İllər sonra bu torpaqlara qayıtmaq bizim üçün sözlə ifadə olunmayacaq qədər böyük sevincdir. Bu gün 1988-ci ildə yarımçıq qoyub getdiyimiz məişət ənənələrimizi yenidən yaşadırıq. Sacda çörək bişiririk, biz buna “fətrəli” və ya “xamralı” deyirik. Həyətimizdə toyuq-cücəmiz, mal-qaramızla öz əvvəlki yaşayışımıza qayıtmışıq. İnsanın öz yurdunda, öz ocağında nəfəs almasından gözəl nə ola bilər?!

Evin digər tərəfində isə Nadir Əkbərov qayğı ilə arı yeşiklərinə qulluq edir. Onun üçün arıçılıq sadəcə təsərrüfat sahəsi deyil, nəsildən-nəslə ötürülən mirasdır. 1967-ci ildə Ballıcada dünyaya göz açan Nadir kişi yeddi uşaqlı (beş qardaş, iki bacı) böyük bir ailədə böyüyüb. Uşaqlıq və gənclik illərinin ən qayğısız çağları bu kənddə keçib. Ailə qurmasından cəmi 5-6 ay ötmüşdü ki, 25 yaşlı gənc ikən 1988-ci ildə ermənilərin törətdiyi zorakılıqlar nəticəsində doğma yurdundan didərgin düşüb.

– Nadir dayı, kənddən çıxdığınız o ağır günləri və sonrakı məcburi köçkünlük illərini necə xatırlayırsınız?

– Buradan çıxanda əvvəlcə Xocalıya pənah apardıq, orada bizi evlə təmin etdilər. Amma fələyin acı üzü orada da yaxamızı buraxmadı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi zamanı atamla anam şəhid oldular. Onları aparıb Ağdamda dəfn elədik... Sonra Oğuz rayonunda, Gəncədə, Hacıkənd qəsəbəsində yaşadıq, daha sonra 600 ailəlik qəsəbədə məskunlaşdıq. Harada yaşasaq da, ağlımız-fikrimiz elə bu kənddə, ata-baba ocağında idi. Gedib Kəlbəcər dağlarına, Ağdama sarı baxırdım. Uzaqdan Qırxqız dağını görəndə dözə bilmirdim, ağlaya-ağlaya gedib, ağlaya-ağlaya da qayıdırdım... Hər gün dua edirdim ki, bu torpaqlar alınsın, gedib öz vətənimizdə, öz doğulduğumuz yerlərdə yaşayaq. Şükür bu günümüzə, arzumuz çin oldu. Bura bizə doğmadan da doğmadır.

– Kəndə qayıdanda ilk ayaq basdığınız yer hara oldu?

– Gələn kimi ilk üz tutduğum yer uşaqlığımın keçdiyi ata evimiz oldu. Bir vaxtlar gur işıqlı, iki mərtəbəli olan evimizin yerində indi dağıntılar, cəmi bir neçə daş və pilləkən qalıb. O mənzərəni görəndə içimdə qəribə hisslər bir-birinə qarışdı – həm illərin həsrəti və dağıntılara görə kədərləndik, həm də nəhayət ki, öz torpağımıza qayıtdığımız üçün böyük sevinc hissi keçirdik.

Bu gün Nadir Əkbərov ömür-gün yoldaşı və oğlu ilə birlikdə doğma Ballıcada yenidən ocaq qalayır. Qızları artıq öz ailəsini qurub, Nadir babanın həyatına üç nəvə sevinci də bəxş edib.

Doğma kəndin saf havası, bərəkətli torpağı və ətirli çiçəkləri illər sonra yenidən bu zəhmətkeş ailənin süfrəsinə ruzi, təsərrüfatına bolluq gətirir.

– Görürəm, arıçılığa xüsusi həvəslə davam edirsiniz. Kəndin adı da elə “Ballıca”dır...

– Ballıca kəndi arıçılıq üçün yaradılıb. Bizim babamıza el arasında “Ballı Məmməd” deyirdilər, ömrünü arıçılığa həsr etmişdi. Bu gün də biz onun yolunu gedirik, ocağımızın ənənəsini yaşadırıq. Bura təsərrüfat üçün çox bərəkətli yerdir. Yavaş-yavaş həm arıçılığı, həm də heyvandarlığı genişləndirəcəyik, qurub-yaradacağıq.

Söhbətimizin sonunda Nadir Əkbərov bu xoşbəxt günləri onlara bəxş edən Prezident İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlığını bildirir, şəhidlərin ruhuna rəhmət, qazilərə isə cansağlığı arzulayır. İllərlə həsrətini çəkdikləri torpaqlarda yenidən ocaq qalamaq, öz ev-eşiklərini dirçəltmək Əkbərovlar ailəsi üçün dünyanın ən böyük səadətidir.

Müxbir – Tahir Ağaməmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью