“Dronlar oyuncaq deyil” Ekspert

05.06.2026

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Üzeyir Cəfərov: PUA-larla bağlı qanuna dəyişiklik təhlükəsizlik baxımından vacib addımdır

Müasir dövrdə pilotsuz uçuş aparatlarının istifadəsi sürətlə genişlənir. Əvvəllər əsasən mülki məqsədlərlə tətbiq olunan bu texnologiyalar bu gün müxtəlif sahələrdə istifadə edilir.

Onların dövriyyəsinə nəzarət məsələsi getdikcə daha çox aktuallıq qazanır. Təhlükəsizlik riskləri, strateji obyektlərin mühafizəsi və mümkün sui-istifadə halları nəzərə alınaraq bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da PUA-ların istifadəsi ilə bağlı hüquqi tənzimləmələr təkmilləşdirilir. 

Belə ki, Azərbaycanda mülki təyinatlı avtonom pilotsuz uçuş aparatlarının (PUA-lar) dövriyyəsi xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunub.

Hərbi-siyasi ekspert Üzeyir Cəfərov Sherg.az-a bildirib ki, bu istiqamətdə atılan addımlar həm təhlükəsizliyin təmin olunması, həm də məsuliyyətli istifadənin formalaşdırılması baxımından vacibdir:

"PUA-larla bağlı qanuna dəyişiklik edilməsi çox yaxşıdır. Çünki pilotsuz uçuş aparatları son vaxtlar demək olar ki, dünyanın diqqət mərkəzindədir. Onlardan hər sahədə istifadə olunur. Bundan əvvəl, yəni keçmiş Sovetlər dönəmində pikotsuz uçuş aparatları yalnız mülki təyinatlar üçün istifadə olunurdu. Məsələn, kənd təsərrüfatında sahələrə nəzarət etmək, meşələri izləmək üçün istifadə edilirdi. SSRİ zamanında çox nadir hallarda onlardan yollara nəzarət məqsədilə Dövlət Avtomobil Müfəttişliyi də istifadə edirdi".

Ekspert qeyd edib ki, 21-ci əsrdə pilotsuz uçuş aparatlarını bəziləri alıb öz şəxsi məqsədləri üçün istifadə edir: 

"Bu sırf mülki dövriyyə üçün nəzərdə tutulub. Hərbi məqsədlər üçün isə artıq başqa tələblər var. Orada heç kimin icazəsi yoxdur ki, istədiyi vaxt həmin dronları istifadəyə çıxarsın. O dronlar yalnız təlimlərdə və döyüş əməliyyatları zamanı istifadə olunur. Ona görə də PUA-ların dövriyyəsi xüsusi icazə tələb etməlidir. Tutaq ki, kimsə dronu havaya qaldırıb, o dron təyyarə ilə toqquşa, strateji əhəmiyyətli obyektlərə təhlükə yarada və ya kimsə ondan məsuliyyətsiz şəkildə başqa məqsədlər üçün istifadə edə bilər. Elə buna görə də onlar xüsusi icazə tələb edən əşyalar siyahısına əlavə olunub.

Bəzən həddindən artıq sui-istifadə halları olur. Xüsusilə də PUA-ların istifadəsində və dövriyyəsində bu cür hallara yol vermək olmaz. Çünki burada həm strateji obyektlər, həm hərbi obyektlər, həm də insanların təhlükəsizliyi məsələsi var. Bundan əlavə, bəzi şəxslər bu dronlardan casusluq və ya kəşfiyyat xarakterli məqsədlər üçün istifadə edirlər". 

Müsahibimiz vurğulayıb ki, icazə yalnız xüsusi razılaşdırılmış hallarda verilə bilər:

"Bu dəyişikliyə böyük həvəslə “hə” deyirəm. Çünki görürəm ki, bəziləri az qala bu dronlardan oyuncaq kimi istifadə etmək haqqında düşünürlər. Bu isə heç bir halda olmaz.

Bizim qanunvericilər də onları dövriyyəyə xüsusi icazə tələb edən əşyalar siyahısına daxil etməklə belə bir dəyişiklik həyata keçirirlər. Bu, sivil və normal yanaşmadır. Hər kəs buna həm tabe olmalı, həm də anlayışla yanaşmalıdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью