Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 noyabr, AZƏRTAC
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.
Bu barədə AZƏRTAC-a DSX-dən bildirilib. Tədbirlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, üzərlərinə əklil və gül dəstələri qoyaraq əziz xatirələrini dərin ehtiramla yad ediblər.
Daha sonra Hərbi Memorial Məzarlıq ziyarət edilib, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülərək əziz xatirələri ehtiramla anılıb.
Zəfər Parkında tarixi Qələbəmizin rəmzi olan Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, xalqımızın qəhrəmanlıq salnaməsinə çevrilmiş 44 günlük Vətən müharibəsində göstərilən misilsiz şücaət və fədakarlıq dərin minnətdarlıq hissi ilə xatırlanıb.
Dövlət Sərhəd Xidmətinin Aparatında, struktur qurumlarında və hərbi hissələrində keçirilən tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik rəhbərliyi və sərkərdəlik məharəti, xalqımızın sarsılmaz birliyi, Silahlı Qüvvələrimizin döyüş qüdrəti və qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri olduğu xüsusi vurğulanıb.
Tədbirlərin sonunda 44 günlük Vətən müharibəsindən, Azərbaycan hərbçilərinin qəhrəmanlıq və şücaətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.