Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib.
DTX-nin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, DTX-nin əməkdaşlarının övladlarının rəsmlərindən ibarət sərgiyə tamaşa ediblər.
Görüşdə çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, eləcə də dövlət suverenliyinin bərpası ilə nəticələnən antiterror əməliyyatlarından ətraflı danışıblar. Əldə olunmuş tarixi Qələbənin hər bir azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığı, bunun gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi kimi ötürüləcəyi xüsusi vurğulanıb.
Vətən müharibəsindən ötən illər ərzində ölkəmizin reallaşdırdığı mühüm layihələrin, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin xalqımızın gücünü və iradəsini bütün dünyaya bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb.
Görüş tanınmış incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə davam edib.
XQ