Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin dəvəti ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ÇXR-in Ciansu əyalətinin Lianyunqan şəhərinə səfər edib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, səfər çərçivəsində nümayəndə heyəti müxtəlif ölkə və beynəlxalq təşkilatları təmsil edən yüksəkvəzifəli şəxslərin qatıldığı V Qlobal İctimai Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda iştirak edib. Terrorçuluğa qarşı mübarizə, beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsi, bu sahədə yeni texnologiyaların tətbiqi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirə olunduğu tədbirdə “Qlobal Terrorçuluqla Mübarizə üzrə 2026-cı il Fəaliyyət Planı” adlı yekun sənəd qəbul edilib.
Forum çərçivəsində Əli Nağıyev Çin Xalq Respublikası Dövlət Şurasının üzvü, ictimai təhlükəsizlik naziri Van Syaoxunla görüşüb. Əli Nağıyev dəvətə görə minnətdarlığını bildirib, Tibetdə baş vermiş və Çinlə yanaşı, digər ölkələrin vətəndaşlarının da həlak olması ilə nəticələnmiş fəlakətlə əlaqədar dost Çin xalqına və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verib.
Görüşdə dünyada təhlükəsizliklə bağlı mövcud vəziyyət və müasir təhdidlərin xarakteri ətrafında fikir mübadiləsi aparılıb, iki qurum arasında münasibətlərin hazırkı səviyyəsi yüksək qiymətləndirilib və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Görüşün sonunda Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.
XQ