Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Bildiyimiz kimi, Dübəndi çimərliyində neft qalıqları aşkarlanıb. “Azneft” İstehsalat Birliyindən bildirilib ki, həmin qalıqların yaranmasına səbəb neft boru xəttində baş vermiş nasazlıqdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov Redaktor.az-a bildirdi ki, həmin hadisənin videogörüntüsünə baxıb:
"Bildiyimə görə, hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Əgər sızma lokal xarakter daşıyırsa və neft məhsulunun daşındığı boru xəttindəki nəql prosesi dayandırılıbsa, digər sahillərin çirklənməsi baxımından ciddi riskin olduğunu düşünmürəm. Çox güman ki, ilkin tədbirlər də məhz bu istiqamətdə görülüb. Hazırda əsas məsələ sızmanın miqyasının müəyyənləşdirilməsidir. Nə qədər neft məhsulunun ətrafa yayıldığı araşdırıldığından bu barədə dəqiq fikir bildirmək çətindir. Təbii ki, hava şəraiti də burada mühüm rol oynayır. Güclü külək və dalğalar olduğu təqdirdə çirklənmə müəyyən ərazilərə yayıla bilər. Ümid edək ki, belə bir vəziyyət yaranmaz. Mənim bu hadisə ilə bağlı məlumatım məhdud olduğuna görə daha konkret qiymətləndirmə vermək çətindir. Hazırda araşdırmaların nəticələrini gözləmək daha məqsədəuyğundur".
Xədicə BAXIŞLI