Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycan və Böyük Britaniya arasında geniş sahələrdə ikitərəfli əməkdaşlığın təməli çoxdan qoyulub. Son 30 ildə əməkdaşlığımız olduqca geniş istiqamətləri - enerji, innovasiya və qarşılıqlı maraq doğuran digər sahələri əhatə edib. Lakin Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizi daha yüksək səviyyəyə qaldırır.
Bunu AZƏRTAC-a verdiyi şərhdə politoloq və Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıxov bildirib.
Bəyannamənin özünün vacib sahələri müəyyən etməsinin təsadüfi olmadığını vurğulayan politoloq sözlərinə davam edib: “Bunlara müdafiə, təhlükəsizlik, innovasiya, təhsil və inanıram ki, münasibətlərimizi birləşdirən, onların gələcək inkişafına təsir edən əsas amillər olacaq digər çox vacib sahələr daxildir”.
Ekspert şübhə etmir ki, bu, siyasi əlaqələri, səfərləri, məsləhətləşmələri və hətta bəzi əlavə imzalanmış sənədləri də əhatə edəcək. O, həmçinin diqqəti digər çox vacib amilə də çəkib: "Burada ayrıca bir müddəa Orta Dəhlizlə bağlıdır. Bu, artıq Böyük Britaniyanın Cənubi Qafqaz regionuna, Azərbaycana və ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələrə daha dərin marağından xəbər verir”.
F. Sadıxovun sözlərinə görə, Azərbaycan və Böyük Britaniya arasında Dublində imzalanan Birgə Bəyannamə ikitərəfli maraqlara xidmət edəcək və iki dövlətin daha da yaxınlaşmasında mühüm amil olacaq.
Müəllif – Leyla Muradzadə