Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin Dublində Avropa liderləri ilə görüşləri milli maraqların konkret layihələrlə təminatından xəbər verir
Bir qayda olaraq, Prezident İlham Əliyevin xaricə hər səfərini Azərbaycanın milli maraqlarına yeni töhfələr verməsi ilə səciyyələndirmək olar. Avropa Siyasi Birliyinin İslandiyanın Dublin şəhərində keçirilən 9-cu sammiti də bu baxımdam istisna olmadı.
Azərbaycanın mili maraqları rəsmi Bakının tərəfdaşları ilə münasətində nümayiş etdirdiyi şəffaf və prinsipial mövqeyi və həyata keçirilən layihələrlə daha da möhkəmlənir. Enerji təchizatından nəqliyyat bağlantılarına, regional sülhdən texnologiya əməkdaşlığına qədər uzanan danışıqların arxasında Azərbaycanın uzunmüddətli təhlükəsizlik və inkişaf maraqları dayanır. Səfərin strateji əhəmiyyətini məhz bu qarşılıqlı əlaqələrdə qiymətləndirmək lazımdır.
ASB-nin noyabrın 12-13-də baş tutan Zirvə Görüşünün gündəliyində sülh və təhlükəsizlik, rəqabətədavamlı iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları və əlçatan enerji məsələləri kimi vacib məsələlər yer alırdı. Prezident İlham Əliyevin sammit çərçivəsində qarşı tərəfin xahişi keçirilən ikitərəfli görüşləri Azərbaycanın məhz bu istiqamətlərdə mövcud imkanları və irəli sürdüyü təşəbbüslərlə dərin məzmun qazandı. Həmin görüşlərə diplomatik fon verən amil isə Azərbaycanın, bölgədə və dünyada artan strateji çəkisi, onun liderinin siyasi nüfuzu idi.
Etimada söykənən tərəfdaşlıq
Sammitin enerji təhlükısizliyi məsələsinə həsr olunmuş panel iclasındakı çıxışında açıqladığı rəqəmlər Azərbaycanın Avropanın enerji bazarında tutduğu mövqeyin necə dəyişdiyini göstərir. Dəyişikliyin müsbət dinamikası dövlət başçımızın dilindən səsləndi: “2022-ci ildə enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasından sonra ölkəmizin Avropa İttifaqına qaz təchizatı 8 milyard kubmetrdən 13 milyard kubmetrə yüksəlib. Azərbaycan qazının çatdığı Aİ üzvlərinin sayı isə 10-a çatıb”. Bu faktın özü Azərbaycanın Qərb olkələri ilə münasibətlərinin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsinin əyani göstəricisidir. Ölkəmizin ABŞ, Almaniya, Böyük Britaniya, Avropa İttifaqının üzvü olan 10 ölkə ilə strateji tərəfdaşlığı, ikitərəfli dialoqun getdikcə daha da genişlənməsi görüşlərdə xüsusi qeyd olundu.
İlham Əliyevin Dublində Avropa liderləri ilə görüşləri ayrıca qeyd olunmalıdır. Azərbaycan Prezidentinin Yunanıstanın Baş naziri ilə görüşdə Avropaya qaz ixracının artırılması imkanlarının maliyyə və prosedur mexanizmləri ilə birlikdə müzakirəsi diqqətdən yayınmadı. Dialoqun leytmotivi uzunmüddətli layihələrə sərmayə qoyan tərəfin gələcək satışın davamlılığına əmin olması mövzusu idi. Dövlət başçımızın Avropanın enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın Aİ üzvləri ilə əməkdaşlığın genişləndirilməsinin, dayanıqlığının alıcıların və maliyyə institutlarının qərarlarından asılı olacağı fikrini qarşı tərəfin anlayışla qarşılaması digər görüşlərin də etimada söykənən sağlam atmosferdə keçdiyinə dəlalət edirdi.
Loqistikanın siyasi və iqtisadi dəyəri
Dublin görüşlərinin hamısında enerji təhlükəsizliyi mövzusunun dominantlıq etməsi təbii idi. Axı “qoca qitə”nin korluq çəkdiyi təbii yanacaqla təminatı məsələsində Azərbaycanın verdiyi töhfədən bütün dünya xəbərdardır. İlham Əliyevin Avropa Şurasının sədri Antonio Koşta ilə görüşündə Orta Dəhlizin önəminin xüsusi vurğulanması, Naxçıvan dəmir yolu layihəsi üzrə Avropa İttifaqı tərəfindən qiymətləndirmənin tezliklə yekunlaşacağının bildirilməsi Avropanın Azərbaycanın loqistik imkanlarına artan marağını göstərir. Görüşdə, həmçinin uzunmüddətli enerji müqavilələri və maliyyə mexanizmləri də müzakirə mövzusu oldu. Beləliklə, Bakı ilə Avropa İttifaqı arasında dialoqun əsas xəttinin enerji və nəqliyyat əməkdaşlığının təşkil etməsi həm də tərəflərin ortaq qənaətindən xəbər verirdi.
Yeri gəlmişkən, Naxçıvan dəmir yolu layihəsinin müzakirələrdə yer alması ölkəmizin Muxtar Respublika ilə daxili nəqliyyat bağlılığı baxımından vacib nüans sayılmalıdır. Bu layihəyə beynəlxalq marağın artması, onun praktik əməkdaşlığa çevrilməsi Azərbaycanın mövqeyini daha da gücləndirə bilər.
Rumıniya Prezidenti ilə görüşdə Xəzər və Qara dəniz hövzələrini birləşdirən əməkdaşlığın potensialının qeyd edilməsi də Azərbaycan orta güc statusunda qəbul edilməsi deməkdir. Enerji və bağlantı layihələrinin müxtəlif tərəfdaşlarla müzakirəsi ölkəmizə əməkdaşlıq istiqamətlərini şaxələndirmək imkanı verir. Ən əsası isə bu təmaslar milli maraq baxımından ölkəmizin beynəlxalq ticarət yollarında mövqeyinin iqtisadi fayda və etibarlı tərəfdaşlıqlarla möhkəmlənməsidir.
Çexiyanın Baş naziri ilə görüşdə investisiya layihələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin müzakirəsi iqtisadi diplomatiyanın uğurlu nümunəsi, Ukrayna Prezidenti ilə danışıqlarda özəl sektorun əlaqələri və Azərbaycanın Qarabağda, Şərqi Zəngəzurda bərpa-quruculuq təcrübəsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sülh gündəliyinin praktik məzmunu
Azərbaycan Prezidenti İlham Əliyevin Dublin səfərinin yadda qalan məqamlarından biri onun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü oldu. Danışıqlarda Vaşinqton Sülh Sammitinin nəticələrindən irəli gələn gündəlik, sərhədlərin delimitasiyası, nəqliyyat və ticarət əlaqələri müzakirə edilib. TRIPP marşrutunun dəmir yolu və avtomobil yolu hissələrinin planlaşdırılması və layihələndirilməsi də görüşün mövzuları sırasında olub.
Azərbaycan ərazisindən Ermənistana ötən ilin noyabrından etibarən 105 min ton yükün daşınması iqtisadi əlaqələrin praktik nümunəsidir. Gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi imkanlarının və ortaq çayların idarə olunması üzrə əməkdaşlığın müzakirəsi isə gündəliyin əhatəsini göstərir. Ölkəmizin maraqları baxımından sülhün dəyəri sərhədlərin təhlükəsizliyində, yeni qarşıdurma risklərinin azalmasında və iqtisadi fəaliyyət üçün sabit şəraitin yaranmasındadır. Sülhə doğru aparan, qarşılıqlı fayda verən əlaqələr iki ölkə arasında normallaşmanı sürətləndirə bilər. Əlbəttə ki, bunun praktik nəticəyə çevrilməsi Ermənistan öz öhdəliklərini yerinə yetirməsindən, suverenliyə hörmətdən və etimadın tədricən möhkəmlənməsindən asılı olacaq.
Böyük Britaniya növbəti strateji tərəfdaşımızdır
Dublində Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi səfərin konkret siyasi nəticələrindəndir. Sənəddə suverenliyə və ərazi bütövlüyünə hörmət prinsipləri təsdiqlənir, müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya sahələrində əməkdaşlıq nəzərdə tutulur. İllik strateji tərəfdaşlıq görüşləri barədə anlaşma bu istiqamətlərdə irəliləyişi müntəzəm nəzərdən keçirmək imkanı yaradır.
Prezident İlham Əliyev görüşdə Böyük Britaniyanın ölkəmizdə Avropanın ən böyük investoru olduğunu bildirib. Bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində imkanların vurğulanması sərmayə münasibətlərinin genişlənə biləcəyi istiqamətləri göstərir.
İlham Əliyevin sammitdən əvvəl və tədbirin gedişində 10 görüş keçirməsi, Böyük Britaniya ilə imzalanan tarixi sənəd, sadəcə, ptotokol qaydası, statistika deyil, Azərbaycanın Avropada artan nüfuzunun, ölkəmizin strateji tərəfdaşlıq coğrafiyasının genişlənməsinin təzahürüdür.
***
Həyat səviyyəsinə görə dünyanın ilk üçlüyündə yer alan İslandiyanın Dublin şəhərində baş tutan danışıqların ümumi mənzərəsi Azərbaycanın milli maraqlarını konkret vasitələrlə irəli apardığını nümayiş etdirir. Prezident İlham Əliyevin diplomatiyasının bu səfərdə görünən əsas xətti həmin istiqamətləri bir-birini tamamlayan trendə çevirməsidir. Qarşıdakı mərhələdə nəticələr müqavilələrin davamlılığı, layihələrə ayrılan maliyyə, yaradılan iş yerləri və regional sabitliyin möhkəmlənməsi ilə ölçüləcək. Azərbaycanın Avropa ilə münasibətlərdə strateji çəkisi ölkəmizin təqdim etdiyi imkanları qarşılıqlı faydalı nəticələrə çevirmək qabiliyyətinə söykənir.
Sonda onu da qeyd edək ki, genişlənmiş Avropa konsepsiyasının tərkib hissəsi sayılan, 40 dan çox dövləti əhatə edən Avropa Siyasi Birliyi heç də Aİ çərçivəsi ilə məhdudlaşmır. ASB-nin sammitlərinə digər qitələrdəki ölkələrdən, o cümlədən ABŞ-dan rəsmi nümayəndələrin qatılması onun siyasi güc mərkəzi, beynəlxalq dialoq platforması kimi qəbul olunmasının göstəricisidir. Azərbaycanın məhz bu müstəvidə artan rolu və mövqeyi bütün dünya tərəfindən maraq və diqqətlə izlənilir.
Birmənalı olaraq deyə bilərik ki, Prezident İlham Əliyevin Dublin səfəri Azərbaycanın növbəti diplomatik uğuru, dünyada artan nüfuzu və çəkisi deməkdir. Bu nüfuz və çəkinin 2028-ci ildə ASB-nin Zirgə Görüşünə ev sahibliyi edəcək ölkəmizin və onun liderinin adına yazılacaq yeni uğurun rəhni olacağına şübhə yoxdur.
XQ-nin Analitik qrupu