Dublin sammiti: Azərbaycanın Avropanın strateji arxitekturasında artan rolu

12.11.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Siyasi Birliyinin Dublin Zirvə Toplantısı Azərbaycanın qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, nəqliyyat-logistika əlaqələrinin inkişafında və yeni geoiqtisadi əməkdaşlıq modelinin formalaşmasında mühüm tərəfdaş olduğunu bir daha nümayiş etdirir.

Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, enerji bazarlarında qeyri-sabitlik, ənənəvi təchizat marşrutlarının təhlükəsizliyi ilə bağlı risklər və qlobal ticarət əlaqələrinin yenidən qurulması Avropanı yeni strateji tərəfdaşlıq imkanları axtarmağa sövq edir. Belə bir şəraitdə Azərbaycan zəngin enerji ehtiyatları, müstəqil xarici siyasəti, əlverişli coğrafi mövqeyi və genişmiqyaslı infrastruktur layihələri ilə Avropanın iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan dövlətlərdən birinə çevrilib. Prezident İlham Əliyevin ardıcıl və praqmatik siyasəti nəticəsində ölkəmiz regional enerji təchizatçısı olmaqla kifayətlənməyərək, Avropa ilə Asiya arasında strateji əlaqələri təmin edən etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib.

Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə Toplantısı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan əhəmiyyətini bir daha gündəmə gətirib. Prezident İlham Əliyevin toplantıda iştirakı ölkəmizin Avropa dövlətləri ilə siyasi dialoqunun genişləndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Sammit ərəfəsində bir sıra Avropa liderlərinin Azərbaycanla bağlı səsləndirdikləri fikirlər də Bakının qitənin strateji maraqları baxımından əhəmiyyətini təsdiqləyir.

İrlandiyanın Baş naziri Mixol Martinin Azərbaycanın Avropa Siyasi Birliyində iştirakının enerji resurslarının tədarükündə və digər istiqamətlərdə mühüm irəliləyişlərə imkan yaratması barədə açıqlaması xüsusi diqqət çəkir. Onun fikirləri göstərir ki, Azərbaycanla əməkdaşlıq artıq yalnız ikitərəfli iqtisadi münasibətlər çərçivəsində qiymətləndirilmir. Bu tərəfdaşlıq Avropanın ümumi iqtisadi dayanıqlığının, enerji təchizatının şaxələndirilməsinin və strateji təhlükəsizliyinin mühüm elementlərindən biri kimi qəbul olunur.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artması təsadüfi proses deyil. Bu, uzun illər ərzində həyata keçirilən düşünülmüş enerji strategiyasının, beynəlxalq tərəfdaşlarla qurulan qarşılıqlı etimada əsaslanan münasibətlərin və böyük maliyyə tutumlu infrastruktur layihələrinin məntiqi nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu enerji siyasəti Prezident İlham Əliyev tərəfindən yeni geosiyasi reallıqlara uyğun şəkildə inkişaf etdirilərək Azərbaycanın beynəlxalq enerji bazarlarındakı mövqeyini keyfiyyətcə yeni mərhələyə yüksəldib.

Bu siyasətin mühüm nəticələrindən biri Cənub Qaz Dəhlizinin reallaşdırılmasıdır. Xəzər hövzəsinin təbii qaz ehtiyatlarını Avropa bazarlarına çatdıran bu nəhəng enerji infrastrukturu Azərbaycanın qitənin enerji xəritəsində strateji mövqeyini möhkəmləndirib. Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri – TANAP və Trans-Adriatik Boru Kəmərindən – TAP-dan ibarət sistem Avropanın alternativ enerji mənbələrinə çıxışını genişləndirib. Xüsusilə son illərdə enerji təchizatının etibarlılığı məsələsinin Avropa dövlətləri üçün prioritetə çevrilməsi Azərbaycanın əhəmiyyətini daha da artırıb.

Azərbaycan qazının Avropa bazarlarına çatdırılması yalnız kommersiya xarakterli əməkdaşlıq deyil. Bu proses qitənin enerji mənbələrinin şaxələndirilməsi, ayrı-ayrı təchizatçılardan asılılığın azaldılması və uzunmüddətli enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından strateji məna daşıyır. Azərbaycan öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə sadiqliyi və enerji layihələrinin davamlı icrasına verdiyi önəmlə etibarlı tərəfdaş imicini möhkəmləndirib.

Bolqarıstanın Baş naziri Rumen Radevin Dublin sammiti ərəfəsində səsləndirdiyi fikirlər bu reallığın növbəti təsdiqidir. Onun Azərbaycandan təbii qaz tədarükünün artırılmasına ümid etdiyini bildirməsi ölkəmizin Avropanın enerji bazarında artan rolunu göstərir. Bolqarıstan üçün Azərbaycan qazı enerji mənbələrinin şaxələndirilməsi və təchizat təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu əməkdaşlığın perspektivləri isə təkcə Bolqarıstanla məhdudlaşmır. Azərbaycan qazının Avropanın digər ölkələrinə çatdırılması üçün mövcud infrastrukturun genişləndirilməsi və yeni interkonnektorların inkişafı bütövlükdə Cənub-Şərqi Avropanın enerji dayanıqlığına xidmət edir.

Moldova Prezidenti Maya Sandunun Azərbaycanla energetika sahəsində əməkdaşlığa maraq göstərməsi də diqqətəlayiq məqamdır. Son illərdə enerji asılılığının azaldılması istiqamətində ciddi addımlar atan Moldova üçün alternativ təchizat imkanlarının genişləndirilməsi mühüm strateji vəzifədir. Bu baxımdan Azərbaycanla əməkdaşlıq perspektivlərinin müzakirəsi ölkəmizin enerji diplomatiyasının coğrafiyasının genişləndiyini nümayiş etdirir.

Lakin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu yalnız neft və təbii qaz ehtiyatları ilə məhdudlaşmır. Qlobal enerji keçidi, karbon emissiyalarının azaldılması və bərpaolunan enerji mənbələrinin inkişafı ölkəmizin beynəlxalq əməkdaşlıq gündəliyində yeni istiqamətlər formalaşdırır. Azərbaycan ənənəvi enerji təchizatçısı olmaqla yanaşı, gələcəkdə yaşıl enerjinin istehsalı və ixracı sahəsində də mühüm regional mərkəzə çevrilməyi hədəfləyir.

Xəzər dənizinin külək enerjisi potensialı, Qarabağ və Şərqi Zəngəzurun bərpaolunan enerji imkanları, eləcə də ölkənin müxtəlif bölgələrində həyata keçirilən günəş və külək elektrik stansiyası layihələri bu strategiyanın mühüm tərkib hissələridir. Yaşıl enerji sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi Azərbaycanın enerji siyasətinə yeni məzmun qazandırır və Avropa ilə uzunmüddətli əməkdaşlıq üçün əlavə imkanlar yaradır.

Bolqarıstanın Baş naziri Rumen Radevin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji dəhlizinin inkişafı ilə bağlı açıqlaması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Tərəflərin mövcud elektrik ötürücü xətlərindən və regional enerji birləşmələrindən istifadə etməklə əməkdaşlığı genişləndirmək niyyəti Azərbaycanın Avropanın gələcək enerji arxitekturasında iştirakının yeni istiqamətini müəyyənləşdirir. Bu cür layihələr reallaşdıqca Azərbaycan yalnız karbohidrogen ehtiyatlarının ixracatçısı deyil, həm də bərpaolunan enerji resurslarının beynəlxalq bazarlara çatdırılmasında iştirak edən strateji tərəfdaş kimi mövqeyini gücləndirə bilər.

Qara dəniz üzərindən yaşıl enerji ötürülməsi təşəbbüsləri də bu mənada mühüm perspektivlər açır. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında enerji əməkdaşlığına əsaslanan layihələr Xəzər regionu ilə Avropa arasında yeni elektrik bağlantılarının yaradılmasını nəzərdə tutur. Bu təşəbbüslərin həyata keçirilməsi həm Avropanın enerji mənbələrinin şaxələndirilməsinə, həm də Azərbaycanın yaşıl enerji ixracı imkanlarının genişlənməsinə xidmət edə bilər.

Azərbaycanın strateji əhəmiyyətini artıran ikinci mühüm istiqamət isə beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin inkişafına verdiyi töhfələrdir. Qlobal ticarət sistemində baş verən dəyişikliklər, geosiyasi qarşıdurmalar və ənənəvi nəqliyyat marşrutlarında yaranan risklər Avropa ilə Asiya arasında alternativ, təhlükəsiz və səmərəli bağlantılara tələbatı artırıb. Belə şəraitdə Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağı kimi ön plana çıxır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iri infrastruktur layihələri ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə genişləndirib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir avtomobil magistralları, dəmir yolu şəbəkəsinin yenilənməsi və logistika mərkəzlərinin yaradılması Azərbaycanın beynəlxalq yükdaşımalar sisteminə inteqrasiyasını sürətləndirib. Bu layihələr təkcə ölkənin iqtisadi inkişafına deyil, həm də Avropa ilə Asiya arasında ticarət əlaqələrinin dayanıqlığına mühüm töhfə verir.

Xüsusilə Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti son illərdə daha da artıb. Çin və Mərkəzi Asiyadan başlayan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan bu marşrut beynəlxalq yükdaşımaların şaxələndirilməsi baxımından mühüm alternativdir. Azərbaycanın coğrafi mövqeyi və yaratdığı nəqliyyat infrastrukturu Orta Dəhlizin fəaliyyətində əsas həlqələrdən birini təşkil edir.

Burada diqqət çəkən məqam Azərbaycanın yalnız öz ərazisindən keçən tranzit daşımalarından iqtisadi fayda əldə etməyə çalışmamasıdır. Bakı regional nəqliyyat bağlantılarının inkişafını daha geniş geoiqtisadi əməkdaşlıq strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirir. Limanların, dəmir yollarının və logistika terminallarının modernləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində görülən işlər Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir.

Bakı-Tbilisi-Qars dəmir yolunun inkişafı bu siyasətin mühüm nümunəsidir. Azərbaycan, Gürcüstan və Türkiyə arasında nəqliyyat əlaqələrini gücləndirən bu xətt Avropa ilə Asiya arasında yükdaşımaların daha səmərəli təşkilinə imkan yaradır. Eyni zamanda, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər hövzəsinin mühüm logistika mərkəzlərindən biri kimi ölkəmizin tranzit imkanlarını genişləndirir.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də Azərbaycanın geoiqtisadi mövqeyinin möhkəmlənməsində xüsusi yer tutur. Bu marşrut Hind okeanı hövzəsi ilə Rusiya və Şimali Avropa istiqamətində nəqliyyat əlaqələrinin inkişafını nəzərdə tutur. Azərbaycan ərazisindən keçən dəmir yolu və avtomobil nəqliyyatı infrastrukturu həmin dəhlizin mühüm hissəsini təşkil edir. Beləliklə, ölkəmiz müxtəlif istiqamətlər üzrə nəqliyyat axınlarının kəsişdiyi çoxşaxəli logistika platformasına çevrilir.

Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən regional bağlantı layihələri, o cümlədən Zəngəzur istiqamətində nəqliyyat kommunikasiyalarının açılması perspektivi də geniş geoiqtisadi əhəmiyyət daşıyır. Bu istiqamətdə mümkün yeni marşrutlar Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa nəqliyyat əlaqələrinin yaradılmasına, Türkiyə ilə bağlantıların gücləndirilməsinə və bütövlükdə regionun tranzit imkanlarının artırılmasına xidmət edəcək. 

Enerji və nəqliyyat dəhlizlərinin paralel inkişafı Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu daha da gücləndirir. Çünki müasir dövrdə enerji təhlükəsizliyi ilə logistika təhlükəsizliyi bir-birindən ayrı təsəvvür edilmir. Enerji resurslarının fasiləsiz çatdırılması, ticarət marşrutlarının etibarlılığı, kritik infrastrukturun qorunması və təchizat zəncirlərinin dayanıqlığı vahid iqtisadi təhlükəsizlik sisteminin əsas elementləridir. Azərbaycan bu istiqamətlərin hər birində Avropa üçün mühüm tərəfdaşlıq imkanları yaradır.

Dublin sammitinin siyasi əhəmiyyəti də məhz bu geniş kontekstdə qiymətləndirilməlidir. Avropa Siyasi Birliyi formatı qitənin təhlükəsizliyi, iqtisadi inkişafı və strateji əməkdaşlığı ilə bağlı məsələlərin müzakirəsi üçün mühüm platformadır. Azərbaycanın bu formatda fəal iştirakı ölkəmizin Avropa ilə münasibətlərinin yalnız enerji ticarətindən ibarət olmadığını, daha geniş siyasi və geoiqtisadi məzmun daşıdığını göstərir.

İrlandiyanın Baş naziri Mixol Martinin Azərbaycan və Ermənistan arasında aparılmış danışıqlara münasibəti də diqqətəlayiqdir. Onun Avropa Siyasi Birliyi çərçivəsində keçirilmiş görüşlərin məhsuldarlığını vurğulaması regional sülh prosesinin beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini ön plana çıxarır. Cənubi Qafqazda davamlı sülhün təmin olunması yalnız region dövlətləri üçün deyil, Avropa ilə Asiya arasında enerji və nəqliyyat əlaqələrinin təhlükəsizliyi baxımından da mühüm amildir.

Azərbaycanın irəli sürdüyü regional əməkdaşlıq yanaşması iqtisadi inkişafla təhlükəsizlik arasında qarşılıqlı əlaqəyə əsaslanır. Sabit siyasi mühit, açıq kommunikasiyalar, qarşılıqlı iqtisadi maraqlar və beynəlxalq hüquq prinsiplərinə hörmət uzunmüddətli inkişafın əsas şərtləridir. Bu baxımdan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması perspektivi Cənubi Qafqazın daha geniş beynəlxalq nəqliyyat və enerji sistemlərinə inteqrasiyası üçün yeni imkanlar aça bilər.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin mühüm xüsusiyyətlərindən biri də Azərbaycanın milli maraqlarını qorumaqla müxtəlif güc mərkəzləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsidir. Ölkəmiz enerji və nəqliyyat layihələrini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də uzunmüddətli regional sabitliyin, tərəfdaşlığın və qarşılıqlı etimadın möhkəmləndirilməsi vasitəsi kimi qiymətləndirir. Məhz bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və qlobal iqtisadi proseslərdə daha fəal iştirakına şərait yaradır.

Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində, yeni nəqliyyat-logistika dəhlizlərinin inkişafında və qitələrarası iqtisadi əlaqələrin genişləndirilməsində strateji əhəmiyyətini davamlı şəkildə artırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin zəngin təbii ehtiyatlarını, coğrafi üstünlüklərini və infrastruktur potensialını beynəlxalq əməkdaşlığın mühüm amilinə çevirib. Bu gün Azərbaycan Avropaya yalnız enerji resursları təqdim etmir, həm də alternativ nəqliyyat marşrutları, yaşıl enerji perspektivləri və regional bağlantılar vasitəsilə qitənin uzunmüddətli iqtisadi dayanıqlığına töhfə verir.

Məhz bu amillər Azərbaycanın Avropanın gələcək enerji və nəqliyyat arxitekturasında rolunun daha da artacağını göstərir. Bakı ilə Avropa paytaxtları arasında genişlənən əməkdaşlıq isə qarşılıqlı iqtisadi maraqlara əsaslanan, təhlükəsizliyi və dayanıqlı inkişafı ön plana çıxaran yeni tərəfdaşlıq modelinin formalaşmasına xidmət edir.

XQ-nin Analitik Qrupu

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью