Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycan növbəti dəfə Avropa Siyasi Birliyinin zirvə toplantısında yüksək səviyyədə təmsil olundu. İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu sammitinə qatılan Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər və bütün bu görüşlərin qarşı tərəfin xahişi ilə baş tutması Azərbaycanla dialoqa olan marağın göstəricisidir. Ümumiyyətlə, Avropa Siyasi Birliyi son illərdə qitənin siyasi gündəliyində mühüm yer tutur. Bu tədbirə qatılan ölkələrin liderlərinə ortaq çağırışları müzakirə etmək, təhlükəsizlik, enerji, iqtisadiyyat və regional əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparmaq imkanı yaranır. Azərbaycanın bu prosesdə fəal iştirakı ölkəmizin Avropa siyasi məkanında etibarlı tərəfdaş və mühüm regional aktor kimi mövqeyini daha da möhkəmləndirir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda iştirakı və keçirdiyi yüksəksəviyyəli görüşlər Azərbaycanın diplomatik fəallığının göstəricisidir. Xüsusilə avropalı liderlərlə təmaslar Azərbaycanın qitə üçün əhəmiyyətli tərəfdaş olduğunu təsdiqləyir. Azərbaycanın Avropa ilə münasibətlərində enerji təhlükəsizliyi xüsusi yer tutur. Ölkəmizin zəngin enerji resursları, etibarlı təchizat infrastrukturu və yeni enerji layihələrinin həyata keçirilməsi imkanları Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bu əməkdaşlığın inkişafında mühüm mərhələ olub.
Deputat qeyd edib ki, bu gün Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir. İxrac coğrafiyasının genişlənməsi ölkəmizin Avropanın enerji təchizatında rolunun artdığını göstərir. Cənub Qaz Dəhlizi başda olmaqla nəhəng strateji layihələr enerji istehsalçısı və ixracatçısı olan Azərbaycanın həm də beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında mühüm tərəfdaş kimi mövqeyini gücləndirir. Həmçinin nəqliyyat və logistika sahəsində də Azərbaycanın əhəmiyyəti artır. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin sammitlərində iştirakı Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqun inkişafına verdiyi önəmi aydın şəkildə nümayiş etdirir. Dublin sammiti çərçivəsində Prezident İlham Əliyevin bir sıra dövlət və hökumət başçıları, eləcə də Avropa institutlarının rəhbərləri ilə keçirdiyi görüşlər bir daha Azərbaycanın geniş coğrafiyada siyasi dialoqa açıq olduğunu göstərir.
N.Məmmədova vurğulayıb ki, Böyük Britaniyanın Baş naziri ilə keçirilən görüş və rəsmi Bakı ilə London arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi də ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətlidir. Bu sənəd siyasi dialoqun, iqtisadi əlaqələrin və müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar yaradır. Həmçinin tərəflər maraqların uzlaşdığı çoxtərəfli platformalarda beynəlxalq sülhə və təhlükəsizliyə birgə töhfə verərək əməkdaşlıq niyyətlərini də təsdiqləyiblər. Məlum olduğu kimi, Britaniya Avropanın təhlükəsizlik və xarici siyasət arxitekturasında mühüm aktorlardan biridir.
“Geniş coğrafiyalarda əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı və müxtəlif miqyaslı tədbirlərə ev sahibliyi etməsi də ölkəmizin diplomatik imkanlarını artırır”, - deyə deputat əlavə edib.