Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mərakeşdə dul qadınların pensiya təminatı ilə bağlı yeni təklif irəli sürülüb. Ölkənin Büdcə naziri Fuzi Lekjaa dul qadınlara vəfat etmiş həyat yoldaşlarının pensiyasının tam məbləğinin ödənilməsini təklif edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Nazirin sözlərinə görə, hazırda qadınlar həyat yoldaşlarının vəfatından sonra onların pensiyasının yalnız bir hissəsini alırlar. O hesab edir ki, dul qadınlar ərinin pensiyasını tam məbləğdə saxlamaq hüququna malik olmalıdırlar.
Lekjaa bu təklifi Rabatda sakinlərlə görüşü zamanı səsləndirib.
Ailələrin gəlirləri artırılmalıdır
Nazir dul qadınların pensiya təminatı məsələsini əhalinin alıcılıq qabiliyyətinin azalması ilə əlaqələndirib. O, ən həssas qrupların gəlirlərinin 500 dirhəmdən 1000 dirhəmə qədər artırılmasını və zəruri malların qiymətlərinin aşağı salınmasını təklif edib.
Siyasətçi mərakeşlilərin sərvətinin hesablanması üçün istifadə olunan mövcud metodları da tənqid edib. Onun fikrincə, rəsmi rəqəmlər ailələrin real sosial-iqtisadi vəziyyətini tam əks etdirmir. Lekjaa təhlillərin vətəndaşların faktiki gəlirlərinə əsaslanmasının vacibliyini vurğulayıb.
Təhsil və səhiyyə xərcləri ailələrə yükdür
Fuzi Lekjaa uşaqların təhsil xərclərinin ailə büdcəsinə düşən yükünə də diqqət çəkib. O bildirib ki, bu problem həm aztəminatlı, həm də orta təbəqəyə aid ailələrə təsir edir.
Nazir dövlət xəstəxanalarının və məktəblərinin keyfiyyətinin artırılması, onların əhalinin ehtiyaclarına daha yaxşı cavab verməsi üçün islahatların həyata keçirilməsinə çağırıb.
Gənclərin məşğulluğu da gündəmdədir
Lekjaa gənclərin məşğulluğu məsələsinə də toxunub. O, iş tapmaq və ya öz biznesini qurmaq istəyən gənclərə dəstəyin artırılmasını təklif edib.
Qeyd edək ki, səsləndirilən təkliflərin həyata keçirilməsi üçün müvafiq qərarların qəbul edilməsi və qanunvericilikdə dəyişikliklərin edilməsi tələb oluna bilər.
Ağagül Mürsəlov,
KONKRET.az