Dunay çayı kanalizasiya suları ilə çirklənib

27.10.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Budapeşt, 27 oktyabr, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə Dunay çayına bir neçə gün ərzində kanalizasiya suları axıb.

AZƏRTAC xəbər verir ki, çirklənmə oktyabrın 21-də şəhərin III rayonunda, Hajogyari adasına girişin yaxınlığında, Mozaik küçəsindəki K körpüsünün ərazisində aşkar edilib.

Şahidlərin sözlərinə görə, drenaj çıxışından çaya bulanıq və kəskin kanalizasiya qoxusu olan su axıb. İlkin məlumatlara əsasən, saniyədə bir neçə on litr suyun çaya daxil olduğu ehtimal edilir.

Sakinlər hadisə barədə Budapeştin kanalizasiya şəbəkəsinə cavabdeh olan şirkətə məlumat veriblər. Şirkətin əməkdaşları ərazidə yoxlama apararaq axıntını dayandırıblar. Lakin çirklənmənin dəqiq səbəbi hələ müəyyənləşdirilməyib. Mütəxəssislər buna zədələnmiş kanalizasiya xəttinin və ya bəzi obyektlərin ictimai şəbəkəyə düzgün qoşulmamasının səbəb ola biləcəyini bildirirlər.

Mütəxəssislər qeyd edirlər ki, təmizlənməmiş çirkab suları müxtəlif xəstəlik törədiciləri daşıya bilər. Hadisənin real sağlamlıq riskləri hələ qiymətləndirilməyib. Araşdırma davam edir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью