Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
O il dəyişəndə qədəhi qaldırıb “2026-da “Qarabağ”ın Çempionlar Liqasının pley-offunda oynamasının sağlığına” demişdik ha, həmin arzumuz çin oldu.
Azərbaycan çempionu inanılmaz ssenari üzrə cərəyan edən və boynumuza alaq ki, müəyyən zaman kəsiyində - 1:2-dən sonra – hətta tam ümidsizliyə qərq olduğumuz oyunu çevirə, Almaniya üçüncüsünü məğlub edə bildi. Hansısa möcüzə olmasa (bir həftə içində iki möcüzənin ola biləcəyinə qətiyyən inanmıram!), ağdamlıların pley-offa yolu açıldı. Amma oyundan sonra meydanda yaşananlardan da maraqlı hadisə baş verdi: qələbə qolunun müəllifi Bəhlul Mustafazadə paltardəyişmə otağında Qurban Qurbanova yaxınlaşaraq, real təkliflərinin olduğunu, getmək istədiyini dedi.
Əslində Bəhlulun qol vurandan sonra Qurban bəylə yetərincə soyuq davranması məni heç açmamışdı, bu xəbər də yayılınca, ardından onun xüsusən Çin variantına isti baxdığı məlum olunca daşlar yerinə oturdu.
Bəli, “Qarabağ” “Liverpul”la oyun ərəfəsindədi və belə məqamda kiminsə ayrılması mənəvi-psixoloji durumu pozmaqdan başqa bir şeyə yaramayacaq. Görünür, klubun baş direktoru Əmrah Çəlikəlin xəbəri təkzib etmədən, sadəcə, “Enfild”dəki qarşılaşmanya fokuslanmasına da bu həqiqətin işığında baxmaq lazımdı. Adam gedir, özü də hara – Çinə...
Yox, mən Bəhlulun futbolçu keyfiyyəti baxımından qətiyyən narahat deyiləm. O – 29 yaşını gələn ay tamamlayacaq müdafiəçi indi formasının zirvəsindədi, Çində də özünü göstərə bilər. 2024-də ilin ən yaxşı futbolçusu seçildi, 2025-də Elvin Cəfərquliyevlə sona qədər mübarizə apardı. Gedirsə-getsin, gedəni saxlamazlar. Amma niyə məhz Çin?
Əvvəlcə bir məqamı nəzərinizə çatdırım: Çində qış “transfer pəncərəsi” yanvarın 3-də açılıb və 31-də bağlanacaq. Bu isə o deməkdi ki, “Liverpul”la oyundan sonra Bəhlulun Çin superliqasında mübarizə aparab klublardan birinə keçidi rəsmiləşdirmək üçün üç gün vaxtı olacaq. Yəni bu transferin texniki tərəfləri hazırdı, bu yolda heç bir çətinlik yoxdu. Bəs dəyərmi?
Mənə görə qətiyyən dəyməz və Bəhlul bu ay ÇL-in pley-offuna vəsiqə qazanan komandanı Çinin hansısa təmsilçisinə dəyişəcəksə, həyatının ən böyük səhvini edəcək. Əlbəttə, Bəhlul deyə bilər ki, məgər mən “Qarabağ”a və ya Azərbaycanın futbol ictimaiyyətinə sədaqət andı içmişəm ki, indiyə qədər görmədiyim paranı qazanmaq şansımı sınamayım?
Razıyam, Bəhlul bizə yox, uzaqbaşı ona futbolda ilk addımlarını atmaqda yardım edən Ələmdar kişiyə borcludu, bu mənada heç nə deyə bilmərik. Ancaq hər şey pulla ölçülür ki?! Sənin Avropada oynamaq potensialın, ÇL-in pley-offunda meydana çıxmaqla qitənin daha güclü klublarının diqqətini çəkmək imkanın varsa, niyə Çinə gedirsən ki?! Yoxsa dədə-babalarımızın vaxtilə ticarət marşrutu kimi baxdığı Böyük İpək Yolu yadına düşüb?
Kəsəsi, mən bu transferə “yox” deyirəm. Nə qədər dəlil gətirsəz də, “yox” deyəcəm. Doğrudan da, qəhrəmanlıqdan bütün başqa mərtəbələrə məsafə cəmi iki addımmış...
HUŞƏNG