Dünən təhdid edirdi, bu gün geri çəkildi: Plan baş tutdu?

23.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Qrenlandiya ətrafında bir müddət davam edən gərginlik artıq səngiməyə başlayır. 

Belə ki, yanvarın 21-də Davos İqtisadi Forumunda ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte arasında baş tutan son görüşdən sonra ABŞ və NATO Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı razılığa gəlmək qərarına gəlib. ABŞ və NATO Qrenlandiya və Arktikanın təhlükəsizliyi istiqamətində birgə əməkdaşlıq üzrə çərçivə sazişi qəbul olunacağı gözlənilir. 

Qeyd edək ki, Prezident Donald Trampın və onun komandasının üzvlərinin Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruriliyi ilə bağlı çağırışları və ABŞ-nin adaya hərbi müdaxiləyə hazır olmasına yönələn təhdid xarakterli çıxışları nəinki Danimarkanın özündə, həmçinin bütövlükdə Avropada ciddi narahatlıq və təşviş yaratdı. 

Ağ Evin rəhbərinin təhdidləri və hədələri Avropada Qrenlandiyanın taleyi ətrafında kritik müzakirələrə yol açdı. Avropalı liderləri bəyan edirdilər ki, ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsi Şimali Atlantika alyansının məhv olmasına gətirib çıxara bilər. Qarşılıqlı reaksiya ABŞ və onun Avropadakı müttəfiqləri arasında diplomatik-siyasi böhranın baş verməsi ilə nəticələndi. 

Sazişin detalları nədən ibarətdir? 

ABŞ, Danimarka və NATO arasında razılaşdırılan anlaşmanın ilkin detalları beynəlxalq ictimaiyyətə açıqlanıb. “NewYorkTimes” qəzetinin məlumatına görə, ABŞ, Danimarka və NATO, ABŞ-nin Qrenlandiyada hərbi mövqeyinin daha da möhkəmləndirilməsi üçün çərçivə sazişini müzakirə edirlər, o cümlədən məlumatda qeyd olunur ki, bazaların tikintisi və istismarı üçün müəyyən ərazilər üzərində ABŞ-yə suverenlik hüququ veriləcək. 

Ən maraqlısı budur ki, Ruttenin irəli sürdüyü bu ideya Böyük Britaniyanın Kiprdəki suveren bazaları ilə müqayisə edilir. Yəni ABŞ Qrenlandiyada baş qərargaha nəzarəti ələ alır. Eyni zamanda Vaşinqton bölgədə hərbi bazaların sayını artıracaq və həmin bazalarının yerləşdiyi ərazilər üzərində tam suverenlik hüququna malik olacaq. 

Bununla paralel olaraq, ABŞ adanın təhlükəsizliyi ilə bağlı məsələlərdə veto hüququ əldə edəcək. Adanın sahillərində ABŞ hərbi donanması da lövbər salacaq. Rutte ilə görüşdən sonra Tramp mediaya  açıqlamasında bildirib ki, Qrenlandiya və bütün Arktika regionu ilə bağlı gələcək razılaşma üçün çərçivə müəyyən edilib. 

“NATO-nun baş katibi Mark Rutte ilə keçirdiyim çox məhsuldar görüşdən sonra Qrenlandiya və daha geniş şəkildə bütün Arktika regionu ilə bağlı gələcək razılaşma üçün çərçivə yaratdıq. Bu qərar, əgər yekunlaşdırılarsa, Amerika Birləşmiş Ştatları və bütün NATO ölkələri üçün böyük uğur olacaq. 

Qrenlandiya ilə bağlı Qızıl Günbəz layihəsi barədə əlavə müzakirələr hazırda davam edir. Vitse-prezident Vans, dövlət katibi Marko Rubio, xüsusi elçi StivVitkoff və lazım olduqda, digər şəxslər danışıqlara rəhbərlik etməyə məsul olacaqlar. Onlar birbaşa mənə hesabat verəcəklər", - deyə Tramp vurğulayıb. 

Tramp geri çəkildi? 

Davos İqtisadi Forumundan əvvəl Tramp Qrenlandiyaya görə Avropa ölkələrinə təhdidlər yağdırırdı, o, adanın ABŞ-yə ilhaqı məsələsində qərarlı olduğunu bəyan edirdi. Ağ Evdə ABŞ-nin gələcək Qrenlandiya strategiyası – Vaşinqtonun bu ada üzərində nəzarəti və ya adanın ABŞ-yə ilhaqı ilə bağlı ətraflı müzakirələr aparılırdı. 

Hətta media resurslarında ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləyə hazırlaşması barədə məlumatlar da yayılmışdı. Necə ola bilər ki, supergüc bir dövlətin lideri dünən təhdid edir, bu gün isə mövqeyindən geri çəkilir? Trampın Rutte ilə Qrenlandiya məsələsində ümumi mövqeyə gəlməsinin səbəbləri nə ola bilər? 

Bəzi mənbələr iddia edirlər ki, Konqresdə həm demokratlar, həm də respublikaçılar ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsinə qadağa qoyan qanun layihəsi qəbul etməyə hazırlaşır. ABŞ mediasının məlumatına görə, Trampın Qrenlandiyaya hərbi müdaxilə ilə bağlı qərar verəcəyi təqdirdə o, impiçmentə məruz qala bilər. 

Hətta ABŞ mediasında belə bir məlumat yayılıb ki, son günlər respublikaçılar daxilində Trampa etirazlar açıq hal almağa başlayıb – GOP-un bir çox üzvləri Trampın Qrenlandiyanı ilhaq planına qarşı çıxırlar. O da iddia olunur ki, Tramp beynəlxalq təzyiq qarşısında geri çəkilmək məcburiyyətində olub. 

Əslində səsləndirilən bu iddialar heç bir şəkildə həqiqəti əks etdirmir. Tramp öz məqsədindən geri çəkilmək niyyətində deyil. Ağ Evin rəhbəri Qrenlandiyanı hər hansı yolla ABŞ-yə ilhaq etməkdə israrlıdır. 

Trampın yanvarın 15-də Ağ Evdə ABŞ-nin nəhəng neft-qaz şirkətlərinin rəhbərlərinin iştirakı ilə təşkil olunan mətbuat konfransında Vaşinqtonun Qrenlandiyaya tam sahib olmaq hədəfini güddüyünü deməsi o anlama gəlir ki, ABŞ öz məqsədinə nail olmaqda qərarlıdır və sona qədər mübarizə aparmağa hazırdır. O qeyd edib ki, Rusiya və Çin adaya daxil ola və oradan ABŞ-nin təhlükəsizliyinə təhdid yarada bilərlər. 

"Bizə Qrenlandiyanı icarəyə götürmək kifayət deyil. Biz adaya tam sahib olmalı və nəzarət etməliyik. Qrenlandiyanı biz ələ keçirməsək Rusiya və Çin edəcək. Qrenlandiya ilə bağlı nəsə qərar verməliyik. Asan yol ilə alınmasa, çətin yolla Qrenlandiyanı əldə edəcəyik", - deyə Tramp bildirib.

O əlavə edib ki, Qrenlandiya ABŞ-nin milli təhlükəsizliyinin təminatı üçün lazımdır: 

“Qrenlandiya bizə mütləq lazımdır. Bu milli təhlükəsizlik üçün lazımdır. Rusiya və Çin gəmiləri Arktikada bu gün əsas gücdür”.

ABŞ-nin dövlət rəhbəri onu da vurğulayıb ki, Qrenlandiya Danimarkaya məxsus olsa da, rəsmi Kopenhagen adada regional təhlükəsizliyi təmin etmək iqtidarında deyil: 

“Danimarka Rusiya və Çin qarşısında Qrenlandiyanı müdafiə edə bilməz. Ona görə də bizə Qrenlandiya qlobal və milli təhlükəsizlik üçün lazımdır. Qrenlandiyanın gələcəyi yalnız ABŞ iləbirlikdədir. Başqa heç bir seçim haqqı yoxdur”. 

Xüsusi bir məqamı da nəzərə almaq lazımdır ki, Tramp administrasiyası Qrenlandiyaya hərbi müdaxilə etməkdə maraqlı deyil və Vaşinqtonun heç bir zaman belə bir müdaxiləyə əl atacağı da inandırıcı görünmür. 

Çünki həm Tramp administrasiyasının özü, həm də ABŞ-dəki hərbi-siyasi dairələr çox yaxşı başa düşürlər ki, Qrenlandiyaya hərbi müdaxilə NATO-nun etibardan düşməsinə, hətta alyansın çökməsinə səbəb ola bilər. 

Qərb ekspertləri hesab edirlər ki, Trampın təhdidləri yalnız Avropa liderləri üzərində diplomatik-siyasi və diplomatik-psixoloji təzyiq xarakteri daşıyırdı. Sözsüz ki, bu təzyiqlər də öz bəhrəsini verdi. Tramp bununla Avropa ölkələrinin ABŞ-yə müqavimət göstərmək iqtidarında olub-olmadığını yoxlayırdı, hətta bu məqamı da əlavə etmək lazımdır ki, ABŞ-nin dövlət rəhbəri Avropa liderlərinə ABŞ və NATO-nun Arktikadatəhlükəsizliyinin nə dərəcədə xüsusi əhəmiyyət kəsb etdiyini anlatmağa çalışırdı. Bu baxımdan, Tramp öz məqsədinə diplomatik yolla nail olmağa bacardı. 

Ada de-fakto ABŞ-nin nəzarətinə verilir. Yuxarıda qeyd etdiyimiz kimi, ABŞ-nin Qrenlandiyaya hərbi müdaxilə qeyri-mümkündür. Bu, çox ciddi fəsadlara yol aça bilər. Ona görə də Tramp administrasiyası başqa bir varianta – diplomatik-siyasi və diplomatik-psixoloji təzyiqlərə baş vurdu. Bu variant da artıq müsbət nəticə doğurub. 

Avropa ölkələrinin ABŞ-nin təzyiqləri qarşısında duruş gətirməsi mümkün deyil. Yaxın zamanda daha bir variant da tətbiq olunacaq. Belə ki, ABŞ ilə Avropa ölkələri arasında diplomatik danışıqlar təşkil ediləcək və bu danışıqlarda NATO-nun Qrenlandiya üzrə xüsusi təhlükəsizlik strategiyası formalaşdırılacaq və bu strategiya çərçivəsində Danimarkanın Qrenlandiya üzərində suverenliyini saxlamaqla ada de-fakto ABŞ-nin hərbi nəzarətinə veriləcək. 

Bunun həyata keçməsi heç bir şübhə doğurmur. Qrenlandiyanın təhlükəsizliyi üzrə müəyyən olunacaq xüsusi mexanizm çərçivəsində ABŞ adanı öz hərbi nəzarəti altına alacaq. ABŞ adada hərbi bazalarının, xüsusilə də kosmik-raket və hava hücumundan müdafiə bazalarının sayını artıracaq. 

Qrenlandiyanın gələcək təhlükəsizliyinin təmin olunmasında, belə demək mümkünsə, ada daxilində və adanın kənar hüdudlarında xarici təhdidlərin qarşısının alınmasında məhz ABŞ məsuliyyət daşıyacaq.

Təbii ki, ABŞ Qrenlandiya üzərində tam nəzarətini bərqərar etməklə Arktika regionunda öz hərbi-strateji mövqelərini daha da möhkəmləndirəcək və NATO-nun təhlükəsizliyini təmin edəcək. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: Tramp Qrenlandiya Mark Rutte

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью