Dünənki adamın yarısı belə deyiləm... Məşhur Yesterday necə yarandı?

11.10.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

Kulis.az “Miksteyp” rubrikasında “Yesterday” mahnısı haqqında materialı təqdim edir.


Musiqi tarixində elə mahnılar var ki, bir çox müğənni onu ifa etmək, öz dəsti-xəttini nümayiş etdirmək arzusunda olub.

Dünyaca məşhur “Bitlz” qrupunun "Ginnesin Rekordlar Kitabı"na adını yazdırmış və populyar mədəniyyətin istiqamətini dəyişdirmiş “Yesterday” (“Dünən”) mahnısı da bu qəbildəndir.
Əsər 1965-ci ildə işıq yüzü görən "Help!" (“Kömək et!”) albomunda yer alıb.
Pol Makkartninin qələmindən süzülüb gələn bu kompozisiya qrupun yaradıcılığında dönüş nöqtəsi olmaqla yanaşı, həm də pop-rok musiqisinin simfonik alətlərlə ilk dəfə bu dərəcədə mükəmməl qovuşduğu tarixi mərhələ sayılır.
Pol Makkartni 1965-ci ildə Londonun Vimpole küçəsində, sevgilisi Ceyn Aserin evində yatırdı. Mahnının melodiyası onun yuxusunda tərənnüm etmişdi. Görünür, bu silsilədən olan sənətkarların əlvan aləmində özünə yer edən məqamlar yuxularda belə onları rahat buraxmır.
Makkartni oyananda melodiyanın beynində tam hazır şəkildə mövcud olduğunu görür.
O, dərhal çarpayıdan qalxıb piano arxasına keçir və melodiyanı unutmamaq üçün ifa etməyə başlayır.
Lakin Makkartni başlanğıcda bu ahəngi əvvəl hardasa eşitdiyini və ya şüuraltı olaraq başqa bəstəkardan mənimsədiyini düşünərək bir müddət tərəddüd edir.
O, bir neçə həftə boyunca musiqiçi dostlarına və prodüser Qranat Martinə müraciət edərək bu sualı ünvanlayır:
"Bu melodiyanı daha əvvəl eşitmisinizmi?"
Heç kimin tanımadığına, nə vaxtsa eşitmədiyinə əmin olduqdan sonra mahnının özünə aid olduğuna inamı artır.
Əsərin ilkin adı olduqca gülməli idi: "Scrambled eggs" (“Qırxılmış yumurta”).
Makkartni rəsmi sözləri yazana qədər ritmi qorumaq üçün "Scrambled eggs, oh my baby how I love your legs" ("Qırxılmış yumurta, mənim gözəlim, ayaqlarını necə də sevirəm") kimi zarafatcıl misralardan istifadə edirdi.
Nəhayət, 1965-ci ilin mayında Portuqaliyaya istirahətə gedərkən maşında "Yesterday" sözünü və onun ətrafındakı dərin lirik mətni tam formalaşdırdı.
Mahnının lentə alınması da “Bitlz” üçün ilklə yadda qaldı. Çünki studiyada qrupun digər üzvləri (Con Lennon, Corc Xarrison, Rinqu Star) yox idi.

Mahnını yalnız Pol Makkartni akustik gitarada ifa etmiş, prodüser Corc Martin isə ona skripka və violonçel müşayiəti əlavə etmişdi.
Lennon başda olmaqla digər üzvlər bu bəstənin qrupun ümumi rok-n-roll ruhuna uyğun gəlmədiyini düşünərək onun Böyük Britaniyada yayımlanmasına qarşı çıxdı.

Ancaq maraqlı məqam budur ki, mahnı gözlənilmədiyi halda qısa müddətdə qlobal fenomenə çevrildi.
"Yesterday" mətni insanın keçmişə olan həsrətini, bir anda itirilən xoşbəxtliyi və zamanın geri dönməyən acı həqiqətini son dərəcə sadə, lakin sarsıdıcı poetik dillə ifadə edir.
Makkartni ötən günlərdə problemlərin necə uzaq göründüyünü, indi isə həmin kədərin insanın üzərində əbədi kölgə kimi asıldığını vurğulayır.
Dünən - təhlükəsizlik və sevgini, bu gün isə yalnızlıq və peşmanlığı təmsil edir.
Mahnının təsirli misraları ayrılığın qəfil və izahsız baş verməsini təsvir edir:
“Dünən, bütün problemlərim çox uzaq görünürdü... İndi isə elə bil bura əbədi gəliblər. Mən dünənə inanıram və dünənki adamın yarısı belə deyiləm...”
Buradakı "Dünənki adamın yarısı belə deyiləm" təşbehi insanın böyük itki qarşısında ruhi olaraq necə parçalandığını və öz kimliyini itirdiyini göstərir.
Müəllif etiraf edir ki, bəzən ağızdan çıxan yanlış bir söz və ya fərqinə varılmayan bir səhv sevgini darmadağın edə bilər, lakin insan yalnız itirəndən sonra bu həqiqətlə üzləşir.
Bu gün bir çox şəxsin mahnı siyahılarında yer alan “Yesterday” bir yuxudan yarandı.
Bəlkə də, bütün bəşəriyyətin ortaq ruhi yarasına - keçmişə olan həsrətinə toxunduğu üçün bu qədər çox səs gətirdi.
Əgər Pol Makkartni yaratdığı əsərlə bir mesaj veribsə, bu, şəksiz, dərin emosiyaların mürəkkəb sözlərlə yox, sadə və səmimi hisslərlə ifadə olunduqda əbədiliyə qovuşmasıdır.

"Yalnız axmaqlar qəti və arxayın olurlar..." - Mişel de Montenin sitatları Qılıncla dövlət qurdu, qələmlə tarix yazdı - Şah İsmayıl Xətai ana dilini necə poeziya dilinə çevirdi? Amerikalı aktrisa “Qızıl İkona” mükafatını qazandı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью