Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Türkiyənin Qazi Universiteti ilə birgə "Memarlıq və İnşaatda Enerji və Ətraf Mühit Texnologiyaları” üzrə beynəlxalq konfrans (ICETEA 2024) öz işinə başlayıb.
AzMİU və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans 3 gün davam edəcək.
"Unikal" xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən 84 elmi məqalənin təqdim edildiyi və 6 plenar çıxışın olduğu konfransda ətraf mühitin sağlamlaşdırılması, bərpa olunan enerji mənbələrinin istifadəsi və Qarabağın yaşıl tikinti zonasına çevrilməsi mövzuları müzakirə olunacaq.
Açılış nitqi ilə çıxış edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova iştirakçılara müraciət edərək ekoloji tarazlığın qorunması və davamlı inkişafın vacibliyi məsələlərini vurğuladı.
O, Azərbaycanın yaşıl iqtisadiyyata keçid strategiyasının dünya miqyasında təqdir edildiyini və bu cür tədbirlərin elmi mühitin inkişafına töhfə verdiyini qeyd etdi.
Konfransda dünya şöhrətli alimlərimiz - nüfuzlu Humboldt mükafatı alan ilk azərbaycanlı professor Məsud Əfəndiyev və nanotexnologiya üzrə Avropa və Türkiyə elmi arenalarında böyük nüfuza malik professor Əmirulla Məmmədov araşdırmalarını təqdim edərək tədbirin elmi mühitə olan töhfəsini daha da artırdılar.
Professor Məsud Əfəndiyev dinamik sistemlər üzrə araşdırmalarını, professor Əmirulla Məmmədov isə optika, fotonika və nanofotonika sahələrindəki ən son nailiyyətlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.