Dünya Bankı Orta Dəhlizin inkişafını dəstəkləyir

29.05.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Astana, 29 may, AZƏRTAC

Dünya Bankı Azərbaycanın da daxil olduğu bir sıra region ölkələrinin irəli sürdüyü və Orta Dəhliz kimi tanınan Trans-Xəzər marşrutunun inkişafı təşəbbüsünü dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, bunu Dünya Bankının Qazaxıstandakı rezident nümayəndəsi Andrey Mixnev Astana Beynəlxalq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib: “İnvestisiya baxımından biz həm Qazaxıstanda, həm də digər ölkələrdə, o cümlədən Azərbaycan və Gürcüstanda işləyirik. Biz Türkiyədə layihələrdə iştirak imkanlarını da nəzərdən keçiririk”.

Mixnev xatırladıb ki, ötən ilin noyabrında Dünya Bankının İcraçı Direktorlar Şurası Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Jezkazqan-Karaqanda hissəsinin inkişafına yönəlmiş Qazaxıstanın dayanıqlılıq və nəqliyyat əlaqələri layihəsi üçün 650 milyon dollar məbləğində maliyyə vəsaiti ayrılmasını təsdiqləyib.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin ilə Avropa ölkələrini birləşdirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью