Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünya Bankı irimiqyaslı “Yaşamaq üçün əlverişli Bakı” layihəsinin icrasına 500 milyon ABŞ dolları yönəltməyi planlaşdırır. Əvvəl isə bankın sözügedən layihənin icrasına 410 milyon ABŞ dolları ayırması nəzərdə tutulurdu.
Qeyd edək ki, layihənin ekspert qiymətləndirilməsinin bu il oktyabrın 26-dək keçirilməsi planlaşdırılır. Onun Direktorlar Şurası tərəfindən təsdiqlənməsi isə 2027-ci il fevralın 18-də gözlənilir. Maliyyə vəsaiti Dünya Bankının struktur bölməsi olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı vasitəsilə təqdim ediləcək. Hazırda təşəbbüsün ümumi dəyəri 591,25 milyon dollar təşkil edir. Azərbaycan hökumətinin layihədəki iştirak payı isə 91,25 milyon dollardır.
Layihə çərçivəsində Azərbaycan paytaxtının şəhər mühitinin ən aktual ekoloji problemlərinin həlli məqsədilə razılaşdırılmış kapital qoyuluşu və institusional inkişaf tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək. Layihəyə bir-birini tamamlayan üç investisiya komponenti və bir layihə idarəetməsi komponenti daxildir. Konsepsiyaya əsasən, Bakının şəhər mühitinin keyfiyyətinin və dayanıqlılığının yüksəldilməsi infrastruktur boşluqlarının, ekoloji çirklənmənin aradan qaldırılması və institusional imkanların gücləndirilməsi üçün paralel səylər göstərilmədən qeyri-mümkündür.
“Yaşamaq üçün əlverişli Bakı” layihəsinin birinci komponenti “Bərk məişət tullantılarının kompleks idarə edilməsi” adlanır. Bu mərhələdə Bakı şəhəri və Abşeron rayonu ərazisində bərk məişət tullantılarının idarə olunması infrastrukturunun yenilənməsi üçün tikinti işlərinin maliyyələşdirilməsi, malların və xidmətlərin alınması nəzərdə tutulur.
Əsas investisiyalar təbiəti mühafizə üzrə beynəlxalq standartlara cavab verən sanitar poliqonların inşası və istifadəyə verilməsinə, tullantıların yüklənməsi stansiyalarının təşkilinə, eləcə də resursların çıxarılmasının səmərəliliyinin artırılması və tullantıların basdırılması həcmlərinin azaldılması məqsədilə materialların çeşidlənməsi və rekuperasiyası obyektlərinin yaradılmasına sərf olunacaq. Bu komponent, həmçinin tullantıların əmələ gəldiyi mənbələrdə ayrı-ayrı toplanmasının təkmilləşdirilməsi, təkrar emalın inkişafı və qapalı dairəvi iqtisadiyyatın formalaşdırılması üzrə tədbirlərin dəstəklənməsini nəzərdə tutur.
Layihənin “Çirklənmiş göllərin və ərazilərin rekultivasiyası” adlanan ikinci komponenti isə ən genişmiqyaslı mərhələ hesab olunur və təbii su hövzələrinin, eləcə də neftlə çirklənmiş torpaqların ekoloji reabilitasiyasına yönəlib. Komponent çərçivəsində onilliklər ərzində sənaye və məişət tullantıları ilə çirklənməyə məruz qalmış 3 təbii gölün – Zığ, Xocəsən və Böyük Şorun qərb hissəsinin bərpası üçün maliyyə ayrılacaq. Bundan əlavə, komponent Böyük Bakıda neftlə çirklənmiş müəyyən sahələrin rekultivasiyasına dəstək verəcək. Bərpa edilmiş ərazilərdə yaşıllıq sahələrinin genişləndirilməsini və şəhərsalma üçün torpaqların boşaldılması sayəsində mühüm ekoloji üstünlüklər təmin edəcəyi gözlənilir.
Üçüncü komponent “İnstitusional gücləndirmə” adlanır. Bu komponent dövlət orqanlarının ekoloji cəhətdən əlverişli və dayanıqlı şəhər mühitinin planlaşdırılmasına, idarə edilməsi və qorunub saxlanması sahəsində potensialının inkişafına hədəflənib. Əsas tədbirlər isə inteqrasiya olunmuş şəhər planlaşdırılması və idarə edilməsi sahəsində imkanların gücləndirilməsini, torpaq resurslarının idarə edilməsi sistemlərinin yaradılması və tətbiqini, bərk məişət tullantılarının idarə edilməsi sektorunda islahatlara, o cümlədən normativ islahatlara, tarif tənzimlənməsi sahəsində islahatlara və normativ-hüquqi bazanın təkmilləşdirilməsinə kömək göstərilməsini əhatə edir.
Nəhayət, “Layihənin idarə edilməsi, monitorinq və qiymətləndirmə” adlı dördüncü komponent icra qrupunun əməliyyat xərclərinin, o cümlədən satınalma fəaliyyəti, maliyyə idarəçiliyi, ekoloji və sosial standartlara riayət olunması, monitorinq və qiymətləndirmə, həmçinin layihə çərçivəsində kommunikasiya işlərinin maliyyələşdirilməsini təmin edəcək. Bundan əlavə, bu komponent baza məlumatlarının toplanması və əldə olunan nəticələr üzrə hesabatlılıq mexanizmləri də daxil olmaqla, layihənin monitorinq və qiymətləndirmə sisteminin formalaşdırılmasını dəstəkləyəcək.
Qeyd edək ki, “Yaşamaq üçün əlverişli Bakı” layihəsi Azərbaycan hökuməti və Dünya Bankının birgə iştirakı ilə hazırlanıb. Layihə İqtisadiyyat Nazirliyi (əsas icraçı orqan), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Neft Şirkəti və “Təmiz Şəhər” ASC-nin birgə iştirakı ilə həyata keçiriləcək. Paytaxtın ekoloji vəziyyətini, iqlim dayanıqlılığını və ictimai infrastrukturunu yaxşılaşdırmağa yönəlmiş strateji şəhər layihəsinin 2027–2033-cü illərdə həyata keçirilməsi nəzərdə tutulur.
M.YAQUBZADƏ
XQ