Dünya bazarında neftin son qiyməti

26.10.2026

Icma.az, Banco.az saytına istinadən bildirir.

Müəllif:Mehin Qasımova,Banco.az

Dünya bazarlarında neft qiymətləri ötən həftə təxminən son altı ayın ən yüksək səviyyəsinə çatdıqdan sonra ucuzlaşıb.

Səudiyyə Ərəbistanına qarşı davam edən hücumlar enerji təchizatında fasilələrlə bağlı narahatlıqları artırsa da, əvvəlki həftə qeydə alınan kəskin bahalaşmadan sonra investorların mənfəət götürməyə başlaması qiymətlərə təsir edib.

Banco.az xəbər verir ki, ABŞ-ın WTI markalı xam neftinin bir bareli 2,07% ucuzlaşaraq 101,13 dollara, Brent markalı neft isə 1,82% azalaraq 114,60 dollara düşüb.

Ötən həftənin cümə günü Husilərin Səudiyyə Ərəbistanına hücumları ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri təxminən 3 dollar artmışdı. Həftənin yekununda Brent markalı neft 6%, WTI isə 2,3% bahalaşmışdı.

Həftəsonu hücumlar davam edib. Husilər şənbə günü Səudiyyə Ərəbistanındakı hava limanını və neft obyektlərini hədəf aldıqlarını iddia ediblər. Səudiyyə Ərəbistanı isə bazar günü daha çox raket və pilotsuz uçuş aparatının ələ keçirildiyini açıqlayıb.

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı əvvəlki hücumlar nəticəsində zərər görən əsas hava limanında fəaliyyətini bazar günü qismən bərpa edib. Bununla belə, Husilər obyektə hücumları davam etdirəcəklərini bildiriblər.

Digər tərəfdən, Səudiyyə Ərəbistanı enerji təchizatının dayanıqlığını artırmaq məqsədilə 2027-ci ilin ikinci yarısından etibarən Sinqapurda xam neft ehtiyatı saxlamağa başlayacaq. Bu barədə bazar ertəsi hər iki ölkənin enerji nazirləri məlumat veriblər.

ABŞ Energetika Nazirliyi isə Luiziana ştatındakı neft emalı zavodunda yaranan təchizat fasiləsini aradan qaldırmaq üçün Strateji Neft Ehtiyatından 400 min barel neftin buraxılmasına icazə verildiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью