Dünya bazarında yanacaq ucuzlaşır KONKRET

23.01.2026

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Region ölkələrində yanacaq qiymətlərində müşahidə olunan ucuzlaşma Azərbaycanda da oxşar tendensiyanın yaranacağı ilə bağlı suallar doğurur. Maraqlıdır, bu tendensiya Azərbaycanda da hiss oluna bilərmi?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc KONKRET.az-a açıqlama verib.

Vüqar Orucun sözlərinə görə, beynəlxalq bazarlarda neft qiymətlərinin azalması Azərbaycanda benzin, dizel və digər yanacaq növlərinin satış qiymətlərinə birbaşa təsir göstərmir:

“Dəfələrlə təcrübədə qarşılaşmışıq ki, dünya bazarında neft ucuzlaşsa belə, neft emalı nəticəsində əldə olunan məhsulların, benzinin, dizelin və digər yanacaq növlərinin satış qiymətlərində hər hansı dəyişiklik olmur.”

Yanacaq qiymətlərində endirim yalnız dövlətin sosial layihələri çərçivəsində və ya kənd təsərrüfatı, logistika kimi sahələrdə fəaliyyəti stimullaşdırmaq məqsədilə tətbiq olunur. Bu, bütün bazarı əhatə edən deyil, məhdud bazarlar üçün nəzərdə tutula bilən addımlar ola bilər.”

Ekspertin fikrincə, bu cür təşviqlər əsasən istehsal xərclərinin azaldılmasına xidmət edər, lakin kütləvi bazarda və əhalinin gündəlik istifadə etdiyi yanacaq növləri üzrə ümumi qiymət endirimi gözlənilmir.

“Benzin və digər yanacaq vasitələrinin qiymətlərində kütləvi şəkildə endirim olacağını düşünmürəm. Bu məsələni ümumi qiymət azalması ilə əlaqələndirmək mümkün deyil,” — Vüqar Oruc vurğulayıb.

Beləliklə, region ölkələrində müşahidə olunan ucuzlaşma fonunda Azərbaycanda yanacaq qiymətlərinin enməsi ehtimalı hazırkı mərhələdə real görünmür.

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью